Mərkəzi Bank sentyabr ayı üzrə bank sektoru ilə bağlı məlumatları açıqlayıb. İqtisadçı ekspert Rövşən Ağayev hesabatla bağlı “facebook” səhifəsində maraqlı məqamlara diqqət çəkib:
“Kommersiya banklarının xarici aktivləri yenidən azalıb. Bankların xarici aktivlərinə bankların xarici banklardakı hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, yerli bankların xarici şirkət və bankların səhmlərinin alınmasına yönəltdiyi vəsait, xaricə verdikləri kreditlər, xaricdə aldığı digər aktivlər daxildir. Sentyabrın sonu xarici aktivlərin həcmi 200 milyon USD azalaraq 2.4 milyard USD təşkil edib. 1-ci devalvasiyadan ötən dövr ərzində bankların xarici aktivlərinin həcmi 1.6 milyard USD (40%) azalıb. Bu ilin əvvəlində kommersiya banklarının xarici borcları qədər valyuta aktivləri vardı. İndi isə xarici borclar valyuta aktivlərini təxminən 2 dəfə üstələyir.
Başqa bir maraqlı detal müxtəlif təyinatlı bank hesablarının sayının sürətlə azalmasıdır.
Ötən ilin sonu ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin cari hesablarının sayı 204 mindən 168 minə, hüquqi şəxslərin cari hesablarının sayı 185.5 mindən 127.6 minə azalıb.
Depozit hesablarının sayı 461 mindən 400 minə, kredit hesablarının sayı 3.1 milyondan 2.4 milyona azalıb.”