Artıq dövlət xərclərinin optimallaşdırılması ciddi problem kimi hökumətin qarşısında durur
Ölkə iqtisadiyyatında baş verən böhran ciddi qənaət rejiminə keçməyi diqtə edir. Hətta bir sıra dövlət idarələrinin, nazirliklərin müəyyən ştatlarının ləğvi, bir-birini təkrar edən qurumların bağlanması da təklif edilir. Xeyli vaxtdır ki, ölkədə iş yerləri bağlanır, şirkət və marketlərin fəaliyyəti dayandırılır.
Lakin belə addımlar da vəziyyətdən real çıxış yolu deyil. Çünki büdcədən maliyyələşən elə təşkilat və qurumlar var ki, onların fəaliyyətinin dayandırılması prosesə yaxşı mənada təsir edərdi. Məsələn, bir sıra dövlət orqanlarına çox bahalı xidməti maşınların alınması, onların təmiri, yanacaq xərci büdcəyə vurulan zərbələrdəndir. Lakin nədənsə, kifayət qədər xərc aparan bu cür məsələlərə diqqət yetirilmir.
Iqtisadçı-ekspert Qadir Ibrahimli də dövlət qurumlarındakı ixtisarları vacib sayır. Bu məsələyə referendumdan sonra baxılacağını da istisna etmir: “Artıq dövlət xərclərinin optimallaşdırılması ciddi problem kimi hökumətin qarşısında durur. Ölkənin neft və büdcə gəlirləri azalıb. Dollar ifadəsi ilə büdcə ötən illə müqayisədə azı iki dəfə azalıb. Belə bir şəraitdə dövlət xərclərinin optimallaşdırılmasına baxılmalıdır. Həmin dövlət müəssisələrinin ləğvi, birləşdirilməsi və yenidən təşkili məsələsi həllini tapmalıdır. Bütün bunlar həll olunmasa, ölkəni daha böyük itkilər gözləyir”.
Sosial şöbə