Zahidə Ağamalıyeva: «Başdansovdu təmir elədilər, elədikləri yenə uçulub-tökülür»
Ötən il aprelin 10-da Xətai rayonu ərazisində 9 mərtəbəli binanın yanması nəticəsində ziyan çəkmiş sakinlər sonradan mənzillərində aparılan təmirdən narazı qalıb. Bu barədə onlar məhkəmədə zərərçəkmiş qismində ifadə verərkən bildiriblər.
Sözügedən bina yanğını xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Avqustun 30-da keçirilən məhkəmə iclasında zərərçəkmişlərdən daha on nəfəri ifadə verib.
“40 il yaşadığım evdən heç nə qalmadı, hər şey kül oldu. Sonradan elədikləri təmir də başdansovdu idi. Elədikləri yenə uçulub-tökülürdü. Bu cür təmir məni qane etmədiyinə görə bizə verdikləri kompensasiyaya özüm yenidən təmir elətdirdim. O pul da çatmadı. Bu hadisələrdən sonra xəstəlik tapdım”, – zərərçəkmiş Zahidə Ağamalıyeva bildirib.
Başqa bir zərərçəkmiş Əminə Ənsədova da təmirdən narazılıq edib: “Yanğından əvvəl evimizi super şəkildə təmir etmişdik. Evin parketləri Almaniya istehsalı idi. Ancaq bütün evlərin hamısını eyni qaydada təmir etdilər. Gördüm ki, başdansovdu eləyirlər, öz hesabımıza təmir elətdirdik. Amma müəyyən məsələlərdə bizə kömək elədilər. Onlardan xahiş elədik, parketi gətirdilər. Şükür ki, ölüm olmadı, ən böyük təsəllimiz budur. Bu, 63 ailənin başına gələn bir bəla idi”.
Digər zərərçəkmiş Şahhüseyn Kazımov sakinlərə dəymiş mənəvi ziyanın düzgün dəyərləndirilmədiyini deyir. Qeyd edir ki, məlum hadisədən sonra nevroz xəstəsi olub.
Ixtisasca mühəndis olduğunu deyən Şahhüseyn Kazımov həmçinin yanğının səbəbilə bağlı maraqlı ifadə verib: “Bu işi görənlərə yazıqlar olsun. Çox məsuliyyətsiz iş görürdülər. Materiallardan düzgün istifadə olunmurdu. Binanın üzlənməsi üçün gətirilən materialların qalıqlarından ibarət bir neçə maşınlıq zibil yığılmışdı. Həmin qalıqların altından kabel keçirdi. Yanğın da oradan başlayıb. Bilmirəm ki, kabel özü yanmağa başlayıb, yoxsa siqaret atıblar, ondan alışıb”.
Verilən kompensasiyadan razı qalmayan zərərçəkmişlərdən biri də Balaşxan Hümbətovdur. Onun sözlərinə görə, evdə nə varsa, hamısı yanıb kül olub: “Qab-qacaqdan tutmuş, pal-paltara qədər hər şey yanıb. 15 min manata bunların hamsını necə almaq olar?”
Zərərçəkmişlər təqsirləndirilən şəxsləri tanımadıqlarını və onlardan heç bir şikayətləri olmadığını bildiriblər.
Sözügedən yanğına görə 3 nəfər təqsirləndirilən şəxs qismində tanınıb – binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərəfaktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlar CM-in 225.2-ci (ehtiyatsızlıqdanzərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrdoğuranda) maddələriylə ittiham olunurlar.
Adları çəkilən şəxslər məhkəmədə özlərini təqsirli bilmədiklərini deyiblər. Fərid Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, “Astoriya” MMC adlı inşaat şirkətinə başçılıqetdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, TNH şirkətinin gerçək rəhbəri Məmməd Vəliyev yanğından dərhal sonra Azərbaycanıtərk edib.
Təqsirləndirilən Nüsrət Muxtarov iyulun 13-də Kürdəxanıdakı 1 saylı Bakı Istintaq Təcridxanasında dünyasını dəyişib. Məhkəmə hüquqi varis kimi onun oğlunu tanıyıb və o, atasına bəraət hökmünün çıxarılmasını istəyir.
Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.