Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu sərhəddəki Cerablus bölgəsində terror təşkilatı PKK-nın Suriya qolu RYD-nin nəzarətindəki daha 8 kəndi azad edib.
Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Ordu komandirlərinin və yerli mənbələrin verdiyi məlumata görə, müxalif qüvvələr rayon mərkəzinin cənubunda və Fərat çayının qərbində qalan bölgədəki terror ünsürlərinə qarşı sürətlə irəliləyirlər.
Əməliyyatlarda Azad Suriya Ordusu qüvvələri 7 terrorçunu sağ ələ keçiriblər. Mövqelərini saxlaya bilməyən terrorçular arxada çoxlu sayda hərbi sursat buraxaraq qaçıblar.
***
Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu növbəti hədəfi olan Münbic şəhərinə doğru irəliləyir.
Bunu bu gün “Reuters” agentliyinə açıqlamasında Azad Suriya Ordusu tərkibində döyüşən Sultan Murad taborunun komandiri polkovnik Əhməd Osman bildirib.
Ə. Osman deyib ki, PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG Münbici hələ də tərk etməyib, əksinə, şəhərdə mövqelərini gücləndirməkdədir. Buna görə də Azad Suriya Ordusu Münbicə doğru irəliləyir: “Allahın köməyi ilə bir neçə gün ərzində Münbici alacağıq”.
Qeyd edək ki, bu gün Türkiyə hərbi aviasiyası Amarna və Bir əl-Kusa kəndlərindəki YPG mövqelərinə zərbə endirib. Türkiyənin “Hürriyet” qəzeti isə günün ikinci yarısında Azad Suriya Ordusunun Cerablus şəhərinin cənubunda, Münbic istiqamətində yerləşən Amarna, Bir əl-Kusa və Ayn əl-Bayda kəndlərinin YPG-nin nəzarətindən azad etdiyi barədə məlumat yayıb. Qəzet Azad Suriya Ordusunun döyüşçülərinin bu kəndlərdəki görüntülərini yayıb.
(apa)