Həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən keçmiş polisdən növbəti müraciət
2015-ci ilin iyulunda qətlə yetirilən Natavan Əliyevanın keçmiş həyat yoldaşı Samir Əliyev redaksiyamıza növbəti dəfə müraciət edib. Qeyd edək ki, keçmiş polis işçisi olan Samir Əliyev Natavan Əliyevanın qətlində təqsirləndirilərək həbs olunub. O, əvvəlki müraciətlərində işgəncələrə məruz qaldığını, qətlin onun üzərinə qoyulduğunu iddia edir.
Samir Əliyev bu dəfəki müraciətində də qanunsuz həbs olunduğunu diqqətə çatdırır:
“13 ay tamam olmasına baxmayaraq, Baş Prokurorluğun vassalı olan Nəsimi Rayon Məhkəməsinin sədri Ağdamlı Qafarov və oun qanunsuz sifarişlərini canla-başla yerinə yetirən Elman Isayev 12.08.2016-cı il tarixdə həbs qətimkan tədbirinin müddətini Rustəm Usubovun təqdimatı ilə, qanunsuz olaraq daha 3 ay artırmaq barədə qərar verdi. CPM-nin 162.5.2 maddəsinə əsasən, şəxsin həbsdən azad edilməsinin əsaslarından biri kimi 159.7 maddədə göstərilən son müddətin başa çatması göstərilir. CPM-nin 159 və 218 maddələrinə əsasən, xüsusilə ağır cinayətlər üzrə müddətlərin uzadılması ilə yalnız Baş Prokurorun özü tərəfindən verilir. Qeyd edilənləri Nəsimi Rayon Məhkəməsinin hakimi Elman Isayevin diqqətinə çatdırsam da, CPM-nin 159.8 maddəsi əsas gətirilməklə, yalnız təqdimatda göstərilənlərə əsaslanaraq, uzunmüddətli həbsim üçün heç bir əsas olmadan, mənəvi işgəncələri davam etdirmək məqsədilə həbs qətimkan tədbirinin müddətinin 13 aydan sonra daha 3 ay uzadılması barədə qərar qəbul edildi. Dəfələrlə Məhkəmə Hüquq Şurasına Elman Isayevin qanunsuz əməlləri barədə şikayətlər etsəm də, heç bir cavab almamışam. Hakim Elman Isayevin müstəntiq Aslan Ibrahimovla tandem şəklində mənə mənəvi işgəncə verməsini – 13 aydır övladlarımla görüş və telefon danışığına qoyulan qadağa ilə bağlı verdiyim vəsatətlərin əsassız rədd edilməsi, heç araşdırma aparılmadan, əsas tələb etmədən CPM-nin və Ali Məhkəmə Plenumunun Qərarlarına zidd olan həbs qətimkan tədbirinin uzadılması qərarları təsdiq edir. Artıq 2 aya yaxındır ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Elman Isayevin qərarı ləğv edilərək yenidən baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsə də, sədr Ağdamlı Qafarov özünə məlum olan səbəblərdən həmin qərara yenidən baxılmasını təmin etmir. Lakin əsassız təqdimatlara əsaslanaraq həbs qətimkan tədbiri uzadılır. CPM-nin 159.8 və 162.5.2 maddələr arasında ziddiyyət və dilemma nəticəsində boşluq yaranmışdır. Bu isə qanunvericiliyə uyğun olaraq vəziyyəti yüngülləşdirən ziddiyyət və boşluqların tənzimlənməsi mexanizminin tətbiqini vacib edir. Belə olduğu halda, mənim qanunvericiliklə həbsdə saxlanma müddətim 13 ayın tamamında bitir və məhkəmənin qərarı əsassızdır. Yəni 13 ay tamamında mən ittiham elan olunaraq məhkəmə istintaqına verilmədiyim halda həbs yerinin rəisinin tərtib etdiyi protokolla dərhal həbsdən azad olunmalıyam. Lakin müstəntiq Aslan Ibrahimovun qeyri-peşəkarlığı, Nəsimi Rayon Məhkəməsinin qanunları deyil, sifarişləri üstün tutması nəticəsində mən qərəzli olaraq Bakı Istintaq Təcridxanasından 3 saylı Istintaq Təcridxanasına köçürülməklə mən faktiki olaraq 16.08.2016 tarixdən girov saxlanılıram. 3 saylı Istintaq Təcridxanasının rəhbərliyi də qanunları pozursa, faktiki olaraq mənim nə üçün buraya köçürülməyimin səbəblərini izah etməyə ehtiyac qalmır. Saxlanma şəraiti, 12 nəfərlik kamerada 16 nəfərin növbə ilə yatması, saxlanılan şəxslərin yaş, məhkumluq və s. Kriteriyalarının nəzərə alınmadan, insani rəftara uyğun olmayan, antisanitar şəraitdə yaşaması, susuzluq, natəmizlik və ən gülməli və gülünc olanı – üzərimdə bu qədər nəzarət olduğu halda, nəzarətçilər vasitəsilə ətrafımda əməliyyat-axtarış tədbirləri keçirilməsi, müxtəlif vasitələrlə törətmədiyim cinayəti boynuma almaqla bağlı təklif və təkidlər və s. daha açıqlamaq istəmədiyim məqamlar nə qədər mənəvi təzyiq kimi ağır olsa da, məni öldürmür, əksinə gücləndirir. Ona görə də ”bəlkə bezib boynuna alar”, “bəlkə də özünə qəsd edər, bizim də canımız qurtarar” kimi xülyalarla yaşayan Aslan Ibrahimova və onun qanunsuzluqlarına qol qoyanlara demək istəyirəm ki, məni yükləməyi fikirləşməyin. Mən 10 il yük vurmamışam ki, indi də mənə yük vurasız”.