Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) keçmiş əməkdaşı, baş leytenant Asif Lətifova qarşı qanunsuzluq davam edir. Asif Lətifovun anası Gülnaz Lətifovanın redaksiyamıza verdiyi məlumata görə, hələ də Asif Lətifovdan ekspertiza xərcləri tələb olunur:
“Bu tamamilə qanunsuzdur. Asif Lətifovun həbsindən 3 ildən artıq vaxt keçib. Qanunvericiliyə görə ekspertiza xərcləri ondan tələb edilə bilməz. Biz bu barədə şəxsən dövlət başçısına müraciət etmişik. Asifin özü də baş prokuror Zakir Qaralovla ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. Amma nəticəsi yoxdur”.
Gülnaz Lətifova həmçinin xatırladıb ki, avqustun 22-də Asif Lətifovun doğum günü olub: “Asif yenə də doğum gününü həbsxanada qeyd etməli oldu. Yeri gəlmişkən, avqustun 23-də də Xüsusi Dövlət Mühafizə Xidmətinin işçilərinin peşə bayramıdır. Asif 17 il bu qurumda çalışıb. Dəfələrlə mükafat alıb. Amma sonradan haqsız olaraq işdən çıxarılıb”.
Xatırladaq ki, Asif Lətifov 17 il “Betta” dəstəsində xidmət edib. 2011-ci ildə işdən çıxarılıb. Işdən azad edildikdən təqribən bir ay sonra xidmətin rəhbəri Vaqif Axundovun qəbulunda olsa da, müsbət heç nə baş verməyib. 2012-ci ilin yayından, hadisənin üstündən bir il üç ay keçdikdən sonra Asif Lətifov məsələni mətbuat vasitəsilə ictimailəşdirdikdən, xidmət rəhbərliyini tənqidlərə məruz qoyduqdan sonra ona qarşı cinayət işinə start verilib. Öncə ölkə prokurorluğu Asif Lətifova qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz sialh-sursat saxlamaq) və 232-ci (səlahiyyət həddini aşmaq) maddələrilə cinayət işi başlayıb. Daha sonra iş hərbi prokurorluğa verilib. 2013-cü ilin yanvarın 29-da hərbi tribunal Asif Lətivoun 5 il yarım müddətinə azadlqıdan məhrum edilməsi haqda qərar çıxarıb.
Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Asif Lətifovu vicdan məhbusu kimi tanıyıb.