Samir Əliyev: «Hazırda bankların özünün dollara ehtiyacı var»
Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar əhaliyə dollar satışını bir qədər də məhdudlaşdırıb. Avqustun 19-dan etibarən “YapıKredi Bank Azerbaijan”, “Dəmirbank”, “Amrahbank” və “Bank of Baku” dollar satışında adambaşına düşən limiti daha da azaldıb. “Report”un məlumatına görə, bəzi banklar isə ümumiyyətlə, dollar satışı dayandırılıb.
“YapıKredi Bank Azerbaijan”ÿadambaşına dollar satışının limitini 500-dən 200-ə salıb. “Amrahbank”da bu rəqəm 300, “Dəmirbank” 100, “Bank of Baku”da isə 200-ə endirilib.
Iqtisadçı-ekspert Samir Əliyev deyir ki, hazırda bankların özünün dollara ehtiyacı var. Mərkəzi Bankın həftədə iki dəfə keçirdiyi valyuta hərraclarında tələb təklifi 10-12 dəfə üstələyir. 50 milyon dollar satılsa da, əslində, tələb 600-700 milyon arasında dəyişir.
Samir Əliyev qeyd edir ki, tələbin yüksək olmasının da bəlli səbəbləri var: “Bankların özünün də borc öhdəlikləri var. Bu gün bankların, xüsusilə də iri bankların yüksək xarici borcu var. Öhdəlikləri qaytarmaq üçün isə xarici valyuta olan dollar lazımdır. Dollar satışının azalmasının bir səbəbi budur. Idxalın artması da səbəblər arasındadır. Idxal nəticəsində indi ölkədən kənara daha çox valyuta çıxır. Turizmlə əlaqədar əhali qonşu ölkələrə gedir və nəticədə xarici valyutanın ölkədən kənara daha çox axını müşahidə olunur. Bütün bunlar tələbatı artırır və bankların dollar satışını məhdudlaşdırmasına gətirib çıxarır. Bundan başqa, bankların müştəri qarşısında da öhdəlikləri var. Ona görə də banklar əlində olan dolları çox xəsisliklə xərcləməyə üstünlük verir və dollar satışını məhdudlaşdırır”.
Nigar