“Avronest” Parlament Assambleyasının prezidenti, bolqarıstanlı deputat Vigenin Kristian AZƏRBAYCAN Milli Məclisinin kürsüsündən deyib: “Burada nə baş verir? Deyəsən, burada inqilab olacaq. Bakı inqilab üçün gözəl məkandır. Buradakı vəziyyət dünyada hamıya aydındır”.
20-yə yaxın deputat bu sözlərinə görə Vigenin Kristianı alqışlayıb. Əlbəttə, söhbət azərbaycanlı deputatlardan getmir “alqışlayıblar” deyəndə.
Azərbaycan parlamentinin sədarət kürsüsündən deyilən sözlərə baxın: “Bakı inqilab üçün gözəl məkandır!”
Görəsən, parlamentimizin qulaqları bu sözləri eşidərkən nələr hiss eləyib? Axı bu bina bəlli bir vaxtdan sonra yalnız yalaq-yaltaq sözləri, ləbbeyk deyənlərin, aldıqları tapşırıqlar əsasında fikir yürüdənlərin, məsələ qaldıranların çıxışlarını eşidib. Bu binada artıq nə vaxtdandı bir müxalif fikir səslənmir. Ən müxalif fikirlər belə, yenə də kiminsə tapşırığı əsasında səsləndirilib. Çünki o parlament uzun zamandan bəridi ki, bir müstəqil millət vəkilinin üzünü görməyib.
Indi bir bolqar deputat bu parlamentdə nələr danışır?! Bu sözlər xərçəng xəstəliyinə tutulmuş və artıq əlacı olmayan birinin üzünə qızıl-qırmızı “sən öləcəksən” deməyə bənzəyir. Görəsən, bu sözləri eşitdikləri həmin anda Azərbaycanın bir-bir, siyahı üzrə təyin olunmuş deputatları hansı hissləri keçiriblər? Canlarından soyuq üşütmə keçibmi, bədənləri gizildəyibmi, diksiniblərmi? O rahat kreslolarından dik atılıblarmı? Mən şəxsən belə düşünürəm ki, onların hər biri o dediyimiz xəstənin eşitdiyi acı və amansız xəstəlik xəbərindən sonra keçirdiklərini keçiriblər, ayrı heç nə!
Elə həmin bu parlament binasındaca, lap bu yaxınlarda dövlətimizin banisi kimi Heydər Əliyevdən deyil, Məmmədəmin Rəsulzadədən danışdığına, ondan sitat gətirməklə başlayıb onun sözlərilə çıxışına yekun vurduğuna görə Gürcüstan prezidenti Mixail Saakaşvilinin üstünə yeriyən qoçu deputat Fəzail Ağamalının bu inqilab proqnozu verən çıxışdan sonra özünü necə hiss etməsi maraq doğurur. Görəsən, bolqar deputatın da aşının suyunu vermək istəyən bir qoçu deputat olubmu? Düzü, güman eləmirəm… Misir Mərdanovun toplantıdakı çıxışında Ermənistanın işğalıyla bağlı danışarkən erməni deputatın etirazına dərhal “Üzr istəyirəm” deyib, çıxışının yönünü dəyişməsi bu ehtimalı sıfıra endirir.
Sessiyada iştirak edən dövlət başçısı Ilham Əliyev isə “ölkəmizin müstəqillik illərində qazanılan nailiyyətlərindən, həyata keçirilən islahatlardan danışıb, əldə olunan hüquq və azadlıqların artıq müasir Azərbaycanın reallıqlarına çevrildiyini deyib”. Dövlət başçısı bunu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın yeganə problemidi.
Mənə elə gəlir ki, dövlət başçısının bu fikri qayət səmimidi. Əlbəttə, bu ölkədə insan faktoru artıq çoxdan bilmərrə unudulub, sıra dışı edilib. Bu hakimiyyət heç bir vaxt Azərbaycan insanı haqda düşünməyib, düşünməyəcək də. Bunu o insanların hər gün pozulan A-dan Z-yə qədər olan hüquqları, insanların dolanışıq səviyyəsi, neftdən-qazdan ona çatan hissə, sosial allahsızlıq, mülkiyyət hüququnun amansız şəkildə tapdanması və s. “n” qədər faktlar sübut edir. Bəli, bu ölkədə rüşvətxorluq, korrupsiya, vətəndaşın simasızlaşdırılması, klan-tayfa hakimiyyəti, ölkənin bir neçə ailə arasında dədə malı kimi bölüşdürülməsi kimi problemlər yoxdu. Bircə porblem var – Dağlıq Qarabağ problemi. Problemlərin ən gözəli. Bir millimetrlik irəliləyişə nail olunmamış problem. Yüz il də bu problemi manipulyasiya elə, yenə də bitən deyil. Əvəzində isə, hər kəlmə başı vətəndaşın gözünə soxulan tüği-lənət…
“Avronest” PA-nın prezidenti bolqarıstanlı deputat Vigenin Kristianı isə şərləyib həbs etmək, cibinə narkotik atmaq mümkün olmasa da, yəqin ki, tualetdə hansı iyrənc işlərlə məşğul olduğu videoya alınıb. Ola bilsin ki, bu çəkilişləri Azərbaycandan xoş xatirə kimi nə vaxtsa onun ünvanına göndərəcəklər…