Maliyyə və İqtisadi Inkişaf nazirlikləri səriştəsizlikdə suçlandı
Sizin bir çoxunuz kimi mən də problemlərdə yorulanda, ən elementar məişət qayğıları qarışısında aciz qalanda yerə çökər və “bu ölkədə heyvan olmaq insan olmaqda çox asandır” deyərdim. Daha demərəm.
Buna səbəb respublikamızın görkəmli ziyalısı Çingiz Fərəcovun ( Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri, respublikanın əməkdar kənd təsərrüfatı işçisi) məqaləsi bir sıra həqiqətlərin üzərinə işıq salır. Bəlli olur ki, insanlarımız kimi heyvanlarımızın da günü bu odlar yurdunda xoş keçmir.
Mən o qiymətli yazıdakı bəzi faktları sizlərlə bölüşməyi faydalı bilirəm. Çünki, məqalə çox az auditoriyalı qəzetdə yazılıb, yəqin ki, onu məndən başqa 10-15 nəfər həmin oxuya.
Heydər Əliyev və heyvandarlıq
Heç demə Azərbaycanın müstəqillik əldə etdiyi ilk dövrdə – 1991-1995-ci illərdə heyvandarlıq tənəzzülə uğramağa başladı.
İnək və camışlar, qoyun və keçilər, quşlar əhəmiyyətli dərəcədə azalıbmış. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi və onun təşəbbüsü ilə heyvandarlıqda islahatların başlanılması, yaranmış böhran vəziyyətin qarşısını alıb və 1996-cı ildən başlayaraq heyvandarlıq bütün sahələrdə inkişaf etməyə başlayıb.
Hazırda respublikada 2681,8 min baş mal-qara, o cümlədən 1288,1 min baş inək və camış, 8559,3 min baş qoyun və keçi, 23,2 milyon baş quş vardır.
Çox aşağı nəticələr
Mütəxəssis yazır ki, Respublikada heyvanların süni mayalandırılması sahəsində artıq işlək bir mexanizm formalaşmışdır. Hər bir rayonda və şəhərdə Süni Mayalama Mərkəzi yaradılmışdır. 2011-ci ildə həyata keçirilən tədbirlər nəticəsində 78216 baş heyvan süni mayalanmış və 46855 baş bala alınmışdır. Ölkədə mövcud olan inək, camış və 2 yaşından böyük düyələrin 5,5 faizi süni mayalanmışdır. Lakin bu göstəriciləri o “çox aşağı” kimi qiymətləndirib.
Heyvanları tez kəsənləri tutmaq lazımdır
Görkəmli elm xadiminin maraqlı bir təklifi heyvanların vaxtından əvvəl kəsilməsinin qarşısının alınması ilə bağlıdır:“Cavan heyvanlar vaxtından xeyli əvvəl, az çəkidə kəsildiyi Azərbaycanda xeyli ət itkisinə yol verilir. Ona görə də cavan heyvanların kəsilməsinin qarşısı alınmalıdır. Hazırda quzular 10-15 kq diri çəkidə, danalar isə 150-180 kq diri çəkidə kəsilib satılır. Təkcə buna görə ildə ən azı 20-25 min ton ət itirilir. Mal-qara 350-360 kq-ya, quzular isə 40 kq-ya çatdırıldıqdan sonra kəsilməlidir. Bu sahədə sahibkarlar arasında geniş izahat işləri aparılmağa başlanılmışdır. Fikrimizcə, bu kimi halların qanunvericilik vasitəsilə qarşısının alınması məqsədəuyğun olardı”.
İki naziriliyə qarşı ciddi ittihamlar
“Sovet dövründə nazirliklər bir-biri ilə möhkəm əlaqə saxlayır, əlbir işləyir, birlikdə fəaliyyət göstərirdilər. Bu da ümumi işin sürətlə qabağa getməsini təmin edirdi. İndi belə iş üslubu yoxdur. İ.Krılovun təmsilində olduğu kimi, hərə bir tərəfə çəkir. Çox yaxşı olardı ki, İqtisadi İnkişaf Nazirliyi hər hansı bir aqrar məsələni həll edərkən Kənd Təsərrüfatı Nazirliyinin peşəkar, səriştəli, təcrübəli mütəxəssislərinin təkliflərini nəzərə alsın, onların rəylərinə diqqət yetirsin. Bu nəinki belə olmalıdır, hətta çox təəccüblü olsa da, nazirlikdə baş heyvandarlıq mütəxəssisi olmağıma baxmayaraq, hətta heyvandarlıq təsərrüfatlarının hansınasa kredit verilməsindən nazirliyin qətiyyən xəbəri olmur. Belə bir vəziyyəti normal hesab etmək olarmı?”
Lənətəgəlmiş pripiska
Çingiz Fərəcov dövlət aparatındakı erroziyanı da gözəl dəlillərlə göstərib. O bildirir ki, genetik qanunlara əsasən, yaxşı törədici heyvan öz müsbət keyfiyyətlərini balalarına verir. Bu prinsipə əsasən respublikada olan yerli heyvanların hamısının cins tərkibini və süd məhsuldarlığını yaxşılaşdırmaq mümkündür. Lakin… “ Kənd Təsərrüfatı Nazirliyinin başladığı bu vacib iş metodu ilk uğurlarını qazansa da, çox çətinliklə özünə yol açır. Çünki yerlərdə bir çox rayon və şəhər icra hakimiyyətləri damazlıq işi ilə maraqlanmır, bu işin geniş yayılması üçün maarifləndirmə tədbirlərini həyata keçirmir, süni mayalama texniklərini dəstəkləmir və bu işin yaxşılaşmasına maraq göstərmir.
….Astara, Tərtər və Balakən rayonlarında nəzarətin olmaması ucbatından heyvanlarda süni mayalanmanın aparılması barədə düzgün olmayan şişirdilmiş rəqəmlər verilir.
Bunun adı rüsvayçılıqdır
“Respublika Süni Mayalama Mərkəzi Göygöl rayonunun ərazisində yerləşir. Bu rayonda 74 min əhali olmasına baxmayaraq, 5 nəfər süni mayalama texnikinin hazırlanması böyük bir problemə çevrilmişdir. Şəki rayonunda məktəbdə dərs deyən ibtidai sinif müəllimi süni mayalama texnikləri hazırlayan kursa göndərilmişdir. O, kursu bitirdikdən sonra bir gün də olsun süni mayalama texniki işləməmişdir”.
Dünyanın bütün ölkələrində heyvanların süni mayalanmasına dövlət büdcəsindən vəsait ayrıldığı halda, mütəxəssis bildirir ki Azərbaycanda ikinci ildir ki, vəsait ayrılmır. O, bu halı düzgün analiz edir: “Bu ondan irəli gəlir ki, nə İqtisadi İnkişaf Nazirliyinin, nə də Maliyyə Nazirliyinin aparatlarında heyvandarlıqda süni mayalanmanın aparılmasının mahiyyətini və əhəmiyyətini düzgün qiymətləndirən mütəxəssis yoxdur”.
Natiq