Ölkədə tütün məmulatlarının qiyməti artıb. “Azadlıq”ın bir neçə mağazada apardığı araşdırmalar zamanı məlum oldu ki, ölkə daxilində istehsal olunan siqaretlərin qiyməti 10 qəpik bahalaşıb. Mağazalar bunu siqaretlərin topdansatış qiymətindəki artımla izah etdilər. Ölkəyə xaricdən gətirilən siqaretlərin qiyməti isə əvvəlki kimi qalıb.
Amma bəzi mağazalarda ümumiyyətlə, qiymətlərdə artım olmadığını gördük. Bu mağazaların satıcıları bunu hazırda satılan malların bir xeyli əvvəl alınmasıyla izah etdilər: “Yeni məhsullar gələndə qiymətləri qaldırmağı düşünürük”.
Iqtisadi Inkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev mətbuata açıqlamasında bildirib ki, nazirlik yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi monitorinqlər keçirir, Süni qiymət artımı müşahidə edildikdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Iqtisadçı ekspert Samir Əliyev hesab edir ki, siqaretin bahalaşması dünyada baş verən qiymət artımıyla bağlı deyil: “Bu, daha çox daxili proseslərlə bağlıdır. Məcburi şəkildə qiymət artımının qarşısını almaq çıxış yolu deyil. Əgər normal bazar, rəqabət olsaydı, qiymət artımına rast gəlinməzdi”.
Süni qiymət artımını yoxlaya biləcək mexanizmin olmadığını deyən Samir Əliyev onu da əlavə etdi ki, sahibkarlara normal şərait yaradılmalıdır.
Ramin DEKO