«Ziya Məmmədova izah eləməliyik ki, bu yolla körpələrimizi acından öldürürsüz…»
Bu gün Bakıda taksi sürücülərinin etiraz aksiyası keçiriləcək. Buna səbəb isə Nəqliyyat Nazirliyinin sovet istehsalı olan maşınların taksi kimi xidmət göstərməsinə qadağa qoymasıdır. Nəqliyyat Nazirliyinin müfəttişləri bu cür avtomobillərin sürücülərini saxlayaraq, cərimələyir, təhqir edir, hətta fiziki xəsarət yetirir. Əksər hallarda isə sürücülərin sənədləri əllərindən alınır və qaytarılmır.
Ailəsinə çörək pulunu şəxsi avtomobilindən taksi kimi istifadə etməklə aparan sürücülərin sayı isə minlərlədir. Nəqliyyat Nazirliyinin bu qadağası həmin ailələri çörəksiz qoymaq anlamına gəlir. Çörəkpulundan da məhrum edilən sürücülər aprelin 1-də aksiya keçirmək qərarına gəliblər.
Bu haqda “Azadlıq”a məlumat verən sürücülər bildiriblər ki, əvvəlcə metronun “20 yanvar” stansiyasının yaxınlığından yürüşə başlayaraqlar: “Əgər mane olsalar, ”Azneft” dairəsindən Nəqliyyat Nazirliyinə doğru hərəkət edəcəyik. Əgər polislər qarşımızı almaq istəsələr, o zaman birbaşa taksilərlə nazirliyin önünə gələcəyik. Aksiya saat 15.00-da olacaq. Bütün sürücüləri aksiyaya dəvət edirik”.
Sürücülər nəqliyyat naziri Ziya Məmmədov görüşmək istəyirlər: “Birinci tələbimiz nazirlə görüşməkdir. Izah eləməliyik ki, bu yolla körpələrimizi acından öldürürsüz. Ikinci tələbimiz də təbii ki, qadağanın aradan qaldırılmasıdır. Nazirliyin əməkdaşları bizə qarşı açıq savaşa keçiblər. Biz bu özbaşınalığa son qoyulmasını tələb edirik”.
Sürücülər deyir ki, sona qədər mübarizə aparmaq fikrindədirlər: “Ailəmiz acından öləndən sonra itirəcəyimiz nə qalır ki?..”
Ramin DEKO