Türkiyə-Ermənistan sərhədlərinin bağlanması necə baş verib?
1993-cü ilin aprelində Kəlbəcərin işğalından sonra Türkiyə Ermənistanla sərhədlərini bağlayıb. Bu prosesin necə baş verdiyi maraqlıdır. Çünki Kəlbəcərdən əvvəl Ermənistan Xocalı soyqırımını törətmişdi, ardınca Laçın və Şuşanı işğal etmişdi… Məhz Kəlbəcərin işğalından sonra Türkiyənin belə bir addım atmasının səbəblərini öyrənmək üçün “modern.az” suallarını həmin dövrdə dövlət katibi və baş nazir olmuş Pənah Hüseynə ünvanlayıb.
– Niyə məhz Kəlbəcərin işğalı Türkiyəni Ermənistanla sərhədləri bağlamağa vadar etdi?
– Türkiyənin Azərbaycan müstəqillik qazandığı dövrdə və ondan sonra bir nömrəli strateji müttəfiq, qardaş ölkə kimi çıxış etməsi faktdır. Azərbaycanın təcavüzə qarşı mübarizəsində Türkiyənin istər diplomatik, istərsə də digər sahələrdə yardım göstərməsi də faktdır. Kəlbəcərin işğalına gəlincə, həmin dövrdə təkcə Kəlbəcər işğala məruz qalmamışdı, Füzuli və Ağdam istiqamətində də qanlı döyüşlər gedirdi. Kəlbəcərin işğalından və Murov aşırımı ermənilərin əlinə keçəndən sonra Gəncə üçün də ciddi təhlükə yaranmışdı. Həmin istiqamətdə ermənilərin hücumu davam etsəydi, bütövlükdə Azərbaycanın qərb zonası ölkənin əsas hissəsilə ayrı düşürdü. Bu isə regionda təhlükəsizliklə bağlı ciddi dəyişikliklərə səbəb ola bilərdi. Kəlbəcərin işğalıyla bağlı olan ciddi reaksiyalar və Türkiyənin hərəkətə keçməsi bununla əlaqədar idi. Bu məsələlərdə Türkiyə təcavüzə etiraz olaraq, bir sıra konkret addımlar atmasaydı, regionun xəritəsinin dəyişilməsi istiqamətində hansı hadisələrin baş verəcəyi məlum deyildi. Bu işğalda Ermənistan bir alət kimi istifadə edilirdi. Onun arxasında daha məkrli qüvvə və niyyətlər dayanırdı.
Mən Türkiyənin atdığı iki addıma diqqəti cəlb etmək istəyirəm. Türkiyənin mərhum prezidenti Turqut Özalın bir sözü var idi ki, Türkiyə-Ermənistan sərhədləri yaxınlığında hərbi təlim keçəcəyi təqdirdə səhvən bir neçə mərmi bu ölkənin ərazisinə düşsə, bunun axırı necə ola bilər? Bu açıqlama sadəcə, bir söz deyildi və bəlli ünvanlara deyilmiş bir etiraz mesajı idi. Ikincisi, belə bir təlimlər həqiqətən həmin dövrdə başladı. Mən 1993-cü ilin 5-6 aprelində Moskvada olmuşam və Rusiya rəhbərliyilə çox gərgin danışıqlar aparmışam.
– Kəlbəcərin işğalı əsas müzakirə predmeti idi, yoxsa…?
– Kəlbəcərin işğalından sonra yaranmış hərbi-siyasi vəziyyətlə bağlı ciddi müzakirələrimiz olub. Moskvada prezident Boris Yeltsin istisna olmaqla Rusiyanın bütün hərbi-siyasi rəhbərliyilə danışıqlar apardıq. Oradan Tehrana uçduq və ayın 7-də Tehranda danışıqlar apardıq. Orada da prezident Rəfsəncani və Iranın bütün hərbi-siyasi rəhbərliyilə yaranmış vəziyyəti müzakirə etdik. Yekun olaraq, ayın 8-də Ankarada çox ciddi görüşlərimiz oldu, Türkiyə rəhbərliyilə Moskva və Tehran görüşlərinin nəticələrini müzakirə etdik. Aprelin 8-də mən Baş Qəraragahın operativ rəhbərliyinin iclasında iştirak etdim. Həmin iclasda Naxçıvandakı iki diviziyanın və digər ordu birləşmələrinin iştirakıyla Ermənistanla sərhəddə hərbi təlimlərə başlanılması haqda qərar qəbul olundu. Dərhal da təlimlər başlandı və çox ciddi rezonansa səbəb oldu.
– Bu təlimlər konkret Kəlbəcərin işğalına etiraz əlaməti idi?
– Bu təlimlər yaranmış situasiya, Kəlbəcərin işğalından sonra Gəncəyə yaranmış təhlükə və digər başqa taleyüklü məsələlərlə bağlı idi. Bu baxımdan deyə bilərəm ki, Türkiyə Azərbaycanı yalnız 1918-ci ildə xilas etməyib, həm də 1993- cü ildə məhv olmaqdan qurtarıb. Ankaradakı təmaslardan sonra çox ciddi diplomatik səylər göstərildi və BMT Təhlükəsizlik Şurasında Kəlbəcərin işğalıyla bağlı qəbul olunmuş 822 saylı qətnamədə bizim diplomatiyamızla yanaşı, qardaş Türkiyənin də həlledici rolu oldu. Türkiyənin diplomatik və hərbi addımları nəticəsində erməni-rus birləşmələrinin istər Gəncə, istərsə də Füzuli istiqamətindəki hücumları dayandırıldı. Biz burada Azərbaycan ordusunun göstərdiyi rəşadəti və oğullarımızın tökdükləri qanı da unutmamalıyıq. Biz bəzən həmin dövrdəki məğlubiyyətləri qeyd edərkən Azərbaycan əsgərinin çox qeyri-bərabər şəraitdə güclü qüvvəyə malik düşmənə layiqli müqavimət göstərməsini unuduruq. Həmin dövrlərdə rus qoşunları heç nədən çəkinmədən birbaşa hərbi əməliyyatlarda iştirak edirdi. Yeri gəlmişkən, bu məsələni mən Moskvadakı görüşlərdə də açıqca qoydum və Rusiya rəhbərliyi heç bunu gizlətmədi də. Mən bildirdim ki, özüm Kəlbəcərdə olmuşam və əlimizdə təmiz rus ləhcəsilə danışıqları əks etdirən faktlar var. Çernomırdin Qraçova zəng vurdu və onda artıq Qraçov təyyarədə idi, Kiyevə uçurdu. Çernomırdin telefonu açıq qoymuşdu və hamımız Qraçovun dediklərini eşidirdik. Qraçova dedi ki, mənim yanımda Azərbaycanın dövlət katibi Pənah Hüseynov və baş nazirin müavini Abbas Abbasov da iştirak edir. Onlar belə bir məsələ qoyublar. Qraçov həyasızcasına “bizimkilər olsa- olsa, orda 20 faiz iştirak ediblər” dedi.
Biz sonda ona nail olduq ki, Kəlbəcərin iyunun 20-dək azad edilməsini nəzərdə tutan danışıqlara başladıq. Rusiyanın ciddi müqavimətinə baxmayaraq, ABŞ və Türkiyənin ciddi diplomatik səyləri nəticəsində şərti adı “Üçlər planı” olan bir sənəd qəbul olundu. Mayın 23-də mən o sənədi artıq Azərbaycan tərəfindən imzaladım. Aprelin 27-də isə Ermənistanın baş naziri bunu imzalamışdı. Eyni zamanda, Qarabağın azərbaycanlı və erməni icmalarının da bu sənədi imzalaması nəzərdə tutulurdu. Azərbaycanlı icması bu sənədi imzalasa da, erməni tərəfi bunu məhz Rusiyanın təhrikilə bir müddət yubatmağa nail oldu. Səhv etmirəmsə, 2008-ci ildə Ermənistandakı prezident seçkiləri öncəsi o vaxtkı prezident Köçəryanın bir çıxışı oldu ki, 1993-cü ildə prezident Ter- Petrosyan və Ermənistanın digər rəhbərliyi onları – Qarabağın erməni icmasının rəhbərliyini iyunun 9-da həmin planı imzalamağa məcbur edib, ancaq buna razılıq verməyiblər. Ermənistan rəhbərliyi onları iyunun 12-də Qafana dəvət edib və təkid ediblər ki, mütləq bunu imzalamalısınız.
– Bu zaman artıq Azərbaycanda Gəncə hadisələri baş vermişdi…
– Qiyam başlasa da, hələ hakimiyyət devrilməmişdi. Köçəryan bildirib ki, çox ciddi təzyiq altında həmin razılaşmanı imzalayıblar, ancaq bunun yerinə yetirilməsi üçün iki ay vaxt istənilib.
Gəncə qiyamından söz düşərkən mən həmişə daxili faktorlarla yanaşı, həm də nə qədər güclü xarici faktor olduğuna diqqət yönəldilməsinin tərəfdarı olmuşam. Məhz Gəncə qiyamından sonra bu münaqişənin Azərbaycanın maraqları nəzərə alınmaqla başa çatmasının qarşısı alındı. Bunun da məsuliyyəti istər hərbi, istərsə də siyasi qiyamda iştirak edənlərin üzərinə düşür.
– Qayıdaq Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına…
– Bu məsələdə Türkiyənin də öz maraqları var idi. Bilirsiniz ki, Ermənistanın qardaş ölkə ilə neçə vaxt idi ki, sərhəd mübahisələri və Türkiyəyə qarşı yersiz ərazi iddiaları vardı. Bununla yanaşı, zaman-zaman qondarma erməni soyqırımı kimi məsələlər qaldırılırdı. Şübhəsiz ki, bu cür erməni həyasızlığı da sərhədlərin bağlanmasında öz rolunu oynadı. Ancaq fakt faktlığında qalır və bu məsələyə görə Azərbaycan xalqı qardaş Türkiyəyə minnətdardır.
– Baş Qərargahın sizin də iştirak etdiyiniz toplantısında sərhədlərin bağlanılması təklifi qaldırıldımı?
– Həmin toplantı son dərəcə məxfi idi və təfərrüatlar üzərində geniş dayanmağa ehtiyac görmürəm. Həmin toplantıdan sonra mənim Süleyman Dəmirəllə təkbətək görüşüm olub və çox ciddi qərarların qəbuluyla nəticələnib. Bu görüşün nəticəsi olaraq, aprelin 9-da Soçidə Ermənistanın müdafiə nazirilə görüşüm olmuşdu. Bunun isə müəyyən nəticələri də oldu.
– 822 saylı qətnamənin qəbulunda Türkiyə diplomatiyasının dəstəyi həlledici oldumu?
– O vaxt Həsən Həsənov Azərbaycanın BMT-dəki nümayəndəsi idi. Bu prosesi Xarici Işlər Nazirliyi həyata keçirirdi. Ancaq bir halda ki, söhbət dəstəkdən gedir, yada salmaq kifayətdir ki, xüsusilə ilk dövrlərdə Azərbaycanın diplomatik elçiliklərinin bir çoxu Türkiyənin səfirlik binalarında fəaliyyət göstərirdi.