Ölkədə ümumi tətil başladı; Madirddə toqquşmalar yaşandı
Ötən gün İspaniyada həmkarlar ittifaqları ümummilli tətil elan olunub. Aksiya baş nazir Mario Rahoy hökumətinin əmək islahatlarına etiraz etmək məqsədilə keçirilir. Elan olunan tətillə əlaqədar 600-dən çox qatarın hərəkəti və 500-dək aviareys təxirə salınıb. Aviaşirkətlər və dövlət dəmiryolları sərnişinlərə biletləri dəyişməyi və ya pullarını geri almağı təklif edib. Bəzi televiziya kanallarının yayımı dayandırılıb, zavodlar bağlanıb.
Ölkənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, tətilin başladığı saatdan sonra keçirilən yürüşdə toqquşmalar qeydə alınıb. 9 nəfər xəsarət alıb, 60-dək aksiya iştirakçısı saxlanılıb. Paytaxt Madirddə təhlükəsizlik tədbirləri gücləndirilib. Şəhərə əlavə 1000-dən çox xüsusi-təyinatlı qüvvə cəlb olunub.
Yeni əmək qanununun ləğvini tələb edən həmkarlar ittifaqları bu islahatların ədalətsiz olduğunu, yeni iş yerlərinin açılmasına və iqtisadiyyatın inkişafına zəmin yaratmadığını bəyan edirlər. Həmkarlar ittifaqlarının liderlərinin sözlərinə görə, əmək qanunvericiliyində dəyişiklik sayəsində indi sahibkarlar üçün nəinki muzdlu işçiləri işdən çıxarmaq, hətta onların əmək haqqını da azaltmaq asanlaşıb.
Hökumət isə yeni əmək qanunvericiliyinin işsizliyin səviyyəsini azaldacağını hesab edir. İslahatlarda işçilərin işdən çıxarılması qaydalarının sadələşdirilməsi, işdən çıxarılma ilə bağlı təzminatların azaldılması, sahibkarlara həmkarlar ittifaqları ilə razılaşdırmadan iş gününü uzatmaq və əmək haqqını azaltmaq hüququnun verilməsi nəzərdə tutulur.
İnformasiya şöbəsi