Səhiyyə nazirinin Elsevər Ağayev adlı müavini var. Valideynlərinin verdiyi ad bir yana, o, el arasında “Pulsevər doktor” kimi tanıyır.
Pulu sevmək bəzi məzhəblərə görə, hətta savabdır, məsələ bunda deyil. Köşənin yaranışının səbəbi pulsevər doktorun insan sevgisindən xali olmasıdır. Axı həkimlik tək-tük peşələrdəndir ki, insanları sevmək onların vəzifə borcu kimi tanınır.
Ancaq problemi fərdlər səviyyəsinə də endirmək düzgün olmaz. Səhiyyə sistemindəki fərdlər iri maşının xırda yivi kimi bir şeydir. Sistem özü naqisdir və o, avtoritar-korrupsiyaçı rejimin tərkib hissəsidir.
Eldən üz döndərən pulu sevən doktoru isə ona görə bugünkü köşəmə gətirmişəm ki, bu mübarək insan eybinə “kor olmaq əvəzinə” başqa destruktiv fəaliyyətdə bulunur. Məsələn, o, həqiqəti təhrif edən müsahibələr verməklə ictimaiyyətin başını aldatmaq istəyir. Bu isə əlbəttə bir ziyalıya, bir insana yaraşan hal deyil.
Yaltaq qəzetlərin birinə verdiyi müsahibədə o, səhiyyəmizin analoqsuz inkişaf etdiyindən danışıb. Doktor iki fakta inkişaf deyir.
Birinci fakt kimi, o, son on ildə doğuşların sayının artmasını göstərir. Sitat: “Son 10 ili müqayisə etsək, 2011-ci ildə doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,7-dən 19,3-ə qalxmışdır. Təbii artım göstəricisi isə 8,1-dən 13,5-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdəndir”.
Baş açmıram, bu adam reallıq hissini itirib, yoxsa əhalini avam sayır? Onun bir kisə rəqəm dolu fikrindən bu çıxır ki, Avropada səhiyyə pis gündə olduğu üçün doğum aşağı düşür? Yazıq Avropa!
Çox doğuşun axı səhiyyə ilə nə əlaqəsi var? Siz ondan danışın ki, o doğulan uşaqların başına Azərbaycan səhiyyəsi nə oyunlar gətirir, nə azarlara mübtəla edir. Ölkəmiz ana və bir yaşına qədər körpələrin ölümünə görə hər il Dünya Səhiyyə Təşkilatından tənələr yeyir, bu adam isə bizə doğuşun artmasını inkişaf kimi təqdim edir.
Bizim gözəl el misalımız var, hörmətli doktor yəqin, ondan xəbərsizdir. Elsevər doktor, “güc doğana düşür”, siz öz üzərinizə düşən işlərdən danışın. Məsələn, bir izah verin ki, nə üçün azərbaycanlılar burunları belə, qanayanda sizin allı-güllü xəstəxanalarınıza yox, Irana üz tutur?
Nazir müavini səhiyyənin inkişaf etdiyinə ikinci fakt kimi bu sahəyə büdcədən ayrılan məbləğın artmasını göstərir. Həqiqətən səhiyyəyə ayrılan pullar artıb. Rəsmi rəqəmlərə görə, 2003-cü illə müqayisədə bu rəqəm 10 dəfə artıb. Pul artıb, çox sağ olun, bəs o pullar hardadır? Səhiyyənin keyfiyyətində, həkimlərin, tibb işçilərinin yaşayış tərzində bu 10 dəfə artım niyə görünmür? Görünə də bilməz. Çünki o pullar nazir və onun böyür-başının inkişafına yönəldilir. Keçən ay “Azadlıq” radiosunun araşdırmalarından da öyrəndik ki, xəstəxanalarda təkcə kağız-kuğuza milyonları xərcləyib “yeyiblər”.
Azərbaycanda sağlamlığa ən ciddi ehtiyacı olan elə Səhiyyə Nazirliyinin özüdür. Səhiyyə Nazirliyi siqaretin üstünə yazdığı xəbərdarlığı öz xəstəxanalarının üzərinə vurmalıdır: “Xəbərdarlıq edirik, Azərbaycan səhiyyəsinə müraciət etməyiniz həyatınızı itirməyə səbəb ola bilər”.
Elsevər doktora da sağlamlıq arzusu ilə…