İlham Əliyevin sevimli adətlərindən biri hər üç-dörd ildən bir “Regionların sosial iqtisadi inkişafı haqqında” dövlət proqramı qəbul etməkdir. Bugünlərdə isə iqtisadçı dostlardan biri vasitəsilə öyrəndim ki, Ilham Əliyev prezidentlik kürsüsünə sahibləndiyi 9 ildə “Regionların sosial-iqtisadi inkişafı” haqqında iki dövlət proqramı qəbul edib, həmin proqramların icrasına bu illər ərzində üst-üstə 10 milyard, bəli, bəli, 10 milyard manatdan çox vəsait ayrılıb. Nəticə?
Nəticə – əldə var sıfır.
Təsəvvür edin ki, hələ də ölkənin bir rayonu belə, dövlət dotasiyası olmadan yaşaya bilməz. Bütün rayonların ölkə büdcəsinin formalaşmasında ümumi payı isə heç 3 faizə də çatmır. Mən iqtisadçı deyiləm. Amma bu sadə rəqəmlər belə, Ilham Əliyevin regionlarla bağlı qəbul etdiyi məlum dövlət proqramlarının kağız üzərində qaldığını, onların əhəmiyyətsizliyini, mənasızlığını gözlər önünə sərir. Yox, yox, həmin proqramlar tamamilə mənasız da deyil, onlar Əliyev və məmurları üçün korrupsiya baxımından dərin məna kəsb edir.
Təsəvvür edin, Azərbaycanın 2011-gi il üçün büdcə gəlirləri 12 milyard manat müəyyənləşdirilmişdi, onun 3 faizinin regionların payına düşdüyünü nəzərə alsaq, bu, 400 milyondan bir qədər artıq vəsait deməkdir. Komediyanı görürsünüzmü: belə çıxır ki, Ilham Əliyev regionların sosial-iqtisadi inkişafı məqsədilə dövlət proqramlarına indiyədək hər il büdcədən orta hesabla 1 milyard manatdan çox vəsaiti ona görə yönəldir ki, axırda bütün regionlar birlikdə hər il büdcəyə 400 milyon bəxş etsinlər.
Bu isə bir ilə 600 milyon manat ziyan deməkdir.
Sayələrində ölmədik, bu günü də öyrəndik – inkişafın əslində, ziyan vurduğunu, ziyanverici bir şey olduğunu.
Məncə, regionlar artıq qalxsınlar ayağa və daha inkişaf etmək istəmədiklərini desinlər. Yoxsa, bu gedişlə inkişafın ziyanını ödəməyə bir azdan neft pulları da çatmayacaq.
Jurnalistsənsə, bəs niyə azadlıqdasan?
Quba hadisələrinə görə həbs olunanlar arasında jurnalistlər var. Bunlar həmin jurnalistlərin icra başçısının məlum çıxışının videosunu yaymasından şübhələnirlər.
Əliyevsayağı hüquq anlayışıdır bu: o videodakı təhqiramiz ifadələrinə görə icra başçısına güldən ağır söz deyən yoxdur, Rauf Həbibovun Qubanın dörd bucağındakı mülkləri hardan aldığının hesabını istəyən tapılmır, amma videonu yayanları axtarır, həbs edirlər.
Baş verənlərin səbəbkarı kimi jurnalistləri göstərmək, onlardan “suç keçisi” düzəltmək isə rejimin köhnə vərdişidir. Ümumiyyətlə, hələ də ölkədə azadlıqda gəzən jurnalistin olması heyrət doğurur. Axı onların hamısı hələ də niyə həbsdə deyil? Natiq Cavadlının offşor zonalarda yaratdığı şirkətlər, Ramin Dekonun hələ dünyaya gəlməyən uşaqlarına Dubayda aldığı mülklər, Elşən Balaxanılının hər il büdcədən “və sair xərclər” altında oğurladığı pullar xalqımıza yaxşı məlumdur. Hakimiyyət isə bu ədalətsizliklərə hələ də dözür. Belə olmaz! Jurnalist nədi, azadlıqda gəzdi nədi. Qandallamaq lazımdı hamısını. Yoxsa torpaqlar işğaldan necə azad edilər, ümumdaxili məhsul necə artar, necə çıxar qaranlıqlar aydınlığa?
Quba hadisələrinə görə jurnalistlərin həbsi həm də bizə Xədicə Ismayıla qarşı çirkin şantaj haqqında daha əmin-arxayın fikir yürütmək imkanı verir. Icra başçısı ilə bağlı videonu yayanları bir neçə gündə “tapıb” həbs edən zehniyyət Xədicə ilə bağlı yayılan videonun müəllifləri haqqında niyə eyni həssaslığı göstərmir? Eyni operativlik həmkarımıza qarşı şantaj müəlliflərinin ifşa edilməsi üçün niyə göstərilmir? Iki video ilə bağlı iki fərqli münasibət bizim Xədicə ilə bağlı baş verənlərin ən yüksək səviyyədə planlandığı barədə rəylərimizi qüvvətləndirmirmi? O demək deyilmi ki, Xədicəyə qarşı şantajın üstünün açılması üçün siyasi iradə lazımdır, siyasi iradənin gərəkməsi isə işin içində ölkənin siyasi rəhbərliyinin olmasının ən sadə sübutudur.
Yox, əgər hakimiyyətdəkilər bununla demək istəyirsə ki, “Xədicə ona qarşı videokameranın işə salınmasına şükr eləməlidir, halbuki biz onu həbsxana kamerasına da sala bilərdik” – bu başqa məsələ. Açıq söyləsinlər, camaat da işini bilsin.