Mən uzun müddət real müxalifətin necə adlandırılması haqda düşünmüşəm. Elə birinci cümlədə mən onu kifayət qədər xarakterizə edən, mahiyyətini və məzmununu yetərincə səlis ifadə edən ad təqdim etdim. Bəli, biz real və əsl müxalifətik. Amma bizə başqa ad yapışdırıblar – radikal müxalifət! Belə güman etmək olar ki, sanki bu ölkədə başqa bir müxalifət də var.
Biz bəzən özümüzə “liberal-demokratik müxalifət” də deyirik. Lakin hakimiyyət kəsləri bizi belə adlandırmaq istəmirlər, bu adı bizə qısqanırlar. Həm də ölkədə bəzi başqa müxalifət qrupları da var ki, onlar özlərini liberal hesab etmirlər. Məni bu məsələ o qədər düşündürdü ki, başqa ölkələrin təcrübəsinə baxdım. Bu, çox maraqlı məşğuliyyət idi. Mən gördüm ki, indi Rusiyada sistemdaxili, bir də sistemdən kənar müxalifət haqda danışılır. “Sistem” deyəndə, məhz ölkədə mövcud olan siyasi sistem nəzərdə tutulur. Elə müxalifət var ki, onlar həmin o siyasi sistemin içindədir, ona inteqrasiya olunub. Məsələn, bizdə bunlar o müxalifətdir ki, bir-iki mandatla parlamentdə təmsil olunublar və işləri də elə bu hakimiyyətə vəkillik etməkdir. Lakin onlar bilavasitə hakimiyyətdə təmsil olunmadıqlarından onlara da “müxalifət” demək məcburiyyətindəyik. Onları heç kim real müxalifət hesab etmir. Məsələn, siz çox nadir hallarda görərsiniz ki, hansısa əcnəbi təşkilat və yaxud şəxs onlar haqda nəsə soruşsun, onların nümayəndələrilə görüşsün – bu demək olar ki, baş vermir. Qalır əsl müxalifət. Bu bizik!
Bizə əslində, “sistemdənkənar qüvvə və müxalifət” deyilməlidir. Çünki biz mövcud siyasi sistemdən kənardayıq, o sistemə inteqrasiya olunmamışıq, onun xaricindəyik, onunla ixtilafdayıq və həmin siyasi sistemin söykəndiyi siyasi vərdişləri və dəyərləri qəbul etmirik. Ona görə də “sistemdən kənar müxalifət” adlanmalıyıq. Bu, həm də bizim siyasi mübarizəmizə bir məzmun verir. Çünki bizim mübarizəmiz əslində, bu şəxslərlə deyil, onların təcəssüm etdirdikləri siyasi sistemlədir. Təbii ki, biz həm də müəyyən personaların, şəxslərin də əleyhinəyik. Məsələn, biz həm də o kəslərin əleyhinəyik ki, özlərini korrupsioner insan kimi təsdiq ediblər! Amma bu halda, hesab edirik ki, belə neqativ halları doğuran və onlara həyat vəsiqəsi verən ayrı-ayrı şəxslərdən daha çox, sistemin özüdür. Məhz bu səbəbdən ilk növbədə mövcud siyasi sistem dəyişməlidir!
Insanları hərəkətə gətirən motiv nədir?
Bu da maraqlı sualdır. Solçu və yaxud da əski marksist deyərdi ki, bu məhz sinfi mübarizə, sosial bərabərsizlik, istehsal vasitələrinə, resurslarına qarşı qeyri-bərabər, ədalətsiz münasibətdir. Millətçi deyərdi ki, bu, bir millətin o biri millətin əsarətindən qurtulması üçün açdığı savaşdır. Liberal buyurardı ki, bu, fərdlərin azadlıq uğrunda çarpışmasıdır. Bütün bunların hamısında da bir həqiqət elementi var ki, onu inkar etmək olduqca çətindir. Lakin filosoflar həmişə ümumiləşmələri sevirlər. Platondan başlayaraq Hegelə qədər onlar belə hesab edir ki, tarixin hərəkətverici qüvvəsi, motivi başqaları tərəfindən etiraf olunmaq uğrundakı mübarizədir. F.Fukuyama bu təlimi bir qədər izah və inkişaf etdirib. O, etiraf olunmanın iki növünü qeyd edir: meqalotimiya və izotimiya. Birincisi özünün digər insanlardan və toplumdan üstün olmağının etirafı uğrunda mübarizədir. Bunun mahiyyətinə varanda görürsən ki, bizi idarə edənlər çoxdan bu mərəzə tutulublar – seçkiləri saxtalaşdırır, qanunu pozur, parlamenti öz nəzarətinə keçirir, toplumun əsas haqqını – suveren olmaq haqqını mənimsəyir. Digər hal – izotimiya isə özünün başqa insanlarla bərabər olduğunun etirafı uğrunda aparılan mücadilədir. Indi həm bizdə, həm də qismən Rusiyada bu proses gedir. Insanlar nə istəyir? Onları ən çox qayğılandıran budur ki, bu hakimiyyət onlara özlərinə bərabər şəxs kimi yanaşmır, səslərini oğurlayır, haqlarını tapdayır. Bu, bir eqalitarizm və hüquq bərabərliyi uğrunda aparılan mücadilədir. Təbii ki, bu mübarizə hamı tərəfindən təqdir olunur və dəstəklənir. Meqalotimiyaya gəldikdə isə o, əsl mərəzdir və ondan qurtuluş yolu da siyasi sistemin dəyişməsidir…