Bu qarayaxma kampaniyasının arxasında yüksək vəzifəlilərin dayandığına şübhə yoxdur
Alman jurnalistlər Bakıda nəyə əmin olublar?
Almaniyanın nüfuzlu nəşri “Şpigel” Azərbaycan haqda növbəti məqaləsini çap edib. Məqalə jurnalist Annete Lanqerin “Azadlıq” radiosunun müxbiri Xədicə İsmayıl, “Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədov və gənc blogger Cabbar Savalanlı ilə söhbəti əsasında hazırlanıb.
Məqaləni olduğu kimi təqdim edirik:
“Böyük qardaş Bakıda”
Onlar insanları cinsi əlaqə zamanı çəkir, ictimaiyyətə yayır, döyürlər. “Eurovision” mahnı müsabiqəsi qabağı jurnalistlərə təzyiq güclənir. Müxalifət xəbərdarlıq edir: hətta alman jurnalisti və pop-turistlər də ehtiyat etməlidir.
7 martda Xədicə İsmayılova içərisində 6 intim xarakterli foto olan anonim məktub alıb. Hadisədən bir həftə sonra jurnalistin intim görüntüləri internetdə yayılıb. Eyni vaxtda Xədicə İsmayılovanı əxlaqsızlıqda günahlandıran iki hökumət qəzeti videonun internet ünvanını göstərən yazı da çap edib. Jurnalistin gözlərinin altındakı qaraltıdan bəlli olur ki, son həftələrdə o tükənib.
“Hökumət məni hədəf obyektinə çevirdi, cəmiyyət isə dəstəklədi”.
Bir neçə həftədən sonra burada “Eurovision” yarışması keçiriləcək. İlham Əliyev avtoritarizminin memarlıq simvolunun flaqmanı olan “Alovlu qüllə”lərin mavi fasadından yaz şüaları əks olunur. Bu qarayaxma kampaniyasının arxasında hakimiyyətdəki yüksək vəzifəli şəxslərin dayandığına heç bir şübhə yoxdur.
“Onlar düşünürdü ki, mən geri çəkiləcəm. Ancaq onlar səhv edirdilər. Geriyə bircə addım atsaydım, məğlub olardım”.
Xədicənin qərarlılığı öz sözünü dedi. Hətta hökumətyönlü KİV-lər də onun gizli çəkilmiş video görüntüsünü və fotolarını yaymaqdan imtina etdilər.
“Məhkəmələri sübutlar maraqlandırmır”
İsmayılova məsələ ilə bağlı şikayət verib. Hal-hazırda istintaq gedir. Amma buna böyük ümid bəsləmir: “Yerli məhkəmələr sübut ediblər ki, onlar siyasi sifarişi yerinə yetirirlər. Siz axırıncı məhkəmə instansiyasına qədər gedəcəksiz. Sonra isə Avropa Məhkəməsinin insan haqları məsələsində verəcəyi müsbət qərarı gözləyəcəksiniz”. Müsəlman cəmiyyətində bu cür qaralama kampaniyası daha dağıdıcı olur, əgər hədəf olan insan ailəlidirsə. Baxmayaraq ki, dünyəvi dövlət təhsil müəssələrində baş örtüsünə qadağa qoyur və məscidlərin tikilməsinə icazə vermir, dini qaydalar inanclı insanların həyatında mühüm rol oynayır. Xədicə İsmayılova dini rəhbərlərin də onu dəstəklədiyini bildirib: “Onlar başa düşür ki, bu şəxsi bir şey deyil, siyasətdir”.
“Biz jurnalist deyilik, partizanıq”
“Biz jurnalist deyilik, partizanıq” – dissident “Azadlıq” qəzetinin uzun illər əməkdaşı olan Vidadi Məmmədov belə deyir. O və yoldaşları dəfələrlə təhdid və təqiblərə məruz qalıblar. “Bizi bilirik ki, bizi kimlər şantaj edir. Bizi həbs edə, döyə, öldürə bilərlər. Amma biz söz azadlığı uğrunda mübarizə aparırıq. Bunu borcumuz sayırıq”.
Hər gecə Xədicə İsmayılova “Azadlıq” radiosunda canlı efirdə veriliş aparır. Xüsusilə araşdırmaçı jurnalistikada təcrübəli müxbirdir. O, məqalələrində prezident ailəsinin dövlət müəssələrini qanunsuz özəlləşdirməsi faktlarını üzə çıxarıb. Elə bu yaxınlarda Panamada ofşor şirkətdə qeydiyyatdan keçən Leyla və Arzu Əliyevaların “Azərfon” şirkətindəki payını araşdırıb.
“Hər kəs narahat olmalıdır”
Dünyanın hüquq müdafiəçiləri ölkə haqqında təsəvvür yaratmaq üçün “Eurovision” yarışması zamanı Bakıya gələcəklər. Xədicə İsmayılova xarici jurnalistlərə otel otaqlarında izlənilməsi barədə xəbərdarlıq edir: “Hər kəs narahat olmalıdır. “Böyük Qardaş” hər kəsi izləyir”.
Buna “Şpiegel Online”nın jurnalistləri də əmin oldu. Azərbaycan müxalifətinin liderlərindən biri ilə kafedə müsahibə götürərkən qonşu stolda oturan iki nəfər hər sözü dinləyirdilər. İki nəfər mülki geyimli təhlükəsizlik əməkdaşı isə qapıda növbə tutmuşdular. Ən azı iki nəfər küçədə gözləyirdi. Digərləri fotomuzu çəkirdi.
“Video göstəriləndən sonra evimdə çadır qurdum”
“Ancaq yorğan altında, işıqları söndürərək sevişin” – “Azad Gənclik” təşkilatının fəalları “Eurovision” yarışması zamanı Bakıya gələnlərə bu tövsiyyəni verir.
Jurnalistlərə və müxalifət fəallarına ictimai təzyiq kampaniyası ilk hal deyil. 2010-ci il parlament seçkilərindən bir az əvvəl “Lider” kanalında “Azadlıq” qəzetinin baş direktoru haqqında “Müxalifət haqqında çılpaq həqiqət” başlığı altında senzuradan kənar video efirə verilmişdi. Kanal İlham Əliyevin əmisioğluna məxsusdur. Xədicə İsmayılovanın həmkarları təkrar-təkrar belə kampaniyanın hədəfinə çevrilirlər. Xədicə İsmayılova: “İlk video göstəriləndən sonra mən evimdə heç olmasa bir qədər məxfi qalmaq üçün çadır qurdum. Çox gülməli gəldi. Sonra isə çadırı sökdüm”.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və İnsan Haqları üzrə Konvensiyaya imza atıb. Qərbdə modern görünmək, pulları vasitəsilə Avropa aristokratiyası ilə yaxın olmaq, Xəzər sahilində yeni Dubay yaratmaq istəyən hakim ailənin ağılsız və arxaik metodlarla idarə etməsi qorxunc görünür.
“Qəzəbim qorxumdan daha artıqdır”
Bəşəri düşüncəyə malik, təhsilli, gənc azərbaycanlılar var ki, küçələrdə indiki rejimə qarşı çıxırlar. 21 yaşlı bloqqer və gənc fəal Cabbar Savalanlı onlardan ən tanınmışdır. O, müxalifətçilərin və polisin tez-tez üz-üzə gəldiyi “Araz” kafesində oturub, gurultulu musiqi altında yağlı noxud şorbası yeyir. 2011-ci ilin fevralında Cabbar Savalanlı həbs edilib. Onun dediyinə görə, polis əməkdaşları cibindən tiryək çıxarıblar. Evə çatarkən həbs olunub və narkotik saxlamaqda günahlandırılıb. May ayındakı qərarla 2 il 6 ay azadlıqdan məhrum edilib. 2011-ci ilin dekabrında o vaxtından əvvəl azadlığa çıxıb. Avropa Parlamenti və “Amnesty İnternational” onun azad olunması uğrunda geniş kampaniya aparıblar. O, əmindir ki, onu Əliyevlər ailəsinin ünvanına yazdığı tənqidi yazıya görə həbs ediblər. “Həbsdə keçirdiyim vaxtda mən daha da möhkəmləndim. Mən istəyirəm ki, xalqımız oyansın, öz haqqlarını bilsin və onun uğrunda mübarizə aparsın”.
Müsahibəsinin sonunda Xədicə İsmayılova geri çəkilməyəcəyini bildirərək deyib: “Mənim qəzəbim qorxumdan daha artıqdır”.
Siyasət şöbəsi