“Onlar istəyirdilər ki, mən Gürcüstanda nazir müavini olum”
Yanacaq məsələsi…
Margiani deyirdi ki, şumlama-əkin mövsümü başlayıb və Gürcüstan üçün indi yanacaq əldə etmək ölüm-dirim məsələsidir. Deyirdi ki, o, Bakıdan yanacaqsız qayıda bilməz və bütün Gürcüstan yanacaq gözləyir. Şevardnadze onu – Heydər Əliyevin yaxın dostunu Bakıya yanacaq dalınca göndərib, çünki özü dəfələrlə zəng etsə də, Heydər Əliyev dəstəyi qaldırmır, ona cavab vermir. Amma Margianinin özü də Əliyevin qəbuluna düşə bilmirdi. Hətta Abbas Abbasov və Fuad Quliyev də (baş nazirin müavinləri) ona cavab vermirlər, heç kim hətta onların harada olduğunu da söyləmir.
İsa Sadıqov
Burada bir qədər izahat vermək yerinə düşərdi ki, formal olaraq, Surət Hüseynov baş nazir olsa da, Heydər Əliyev bütün məsələləri onun başı üzərindən Fuad Quliyevin vasitəsilə həll edərdi. Şübhəsiz, o zamanlar bunu çoxları bilirdi.
Mən bizim hökumət nümayəndələrinin biganəliyinə görə Margianidən üzr istədim və təcili olaraq Heydər Əliyevin qəbuluna getdim. O, məni dərhal qəbul etdi. Bir neçə gün əvvəl mənim fəaliyyətimlə bağlı olan mühüm bir məsələyə görə onunla görüşüm olmuşdu. Mən həmin məsələ ilə bağlı detallar və bir sıra başqa məktublar haqqında məlumat verdim. Eyni zamanda, Margiani ilə görüşüm barədə danışdım və ondan xahiş etdim ki, gürcü dostlarımızla bundan sonrakı münasibətlərə və əməkdaşlığımıza xələl gəlməməsi naminə onlara yardım etsin. Biz təxminən yarım saat söhbət etdik. O, mənim yanımdaca telefonu götürüb Fuad Quliyevə və Abbas Abbasova zəng etdi, onlara irad tutdu ki, niyə onun dostu Margianiyə və gürcü nümayəndə heyətinə qarşı belə diqqətsizlik göstərilib. Mən ona təşəkkür edərək çıxdım. Iki gündən sonra yanacaqla bağlı məsələlər yoluna qoyuldu. Margiani Heydər Əliyevdən xahiş etdi ki, mənim də onların təyyarəsində Gürcüstana getməyimə icazə versin. O, əlavə etdi ki, məni Şevardnadzeyə təqdim etmək və Gürcüstanda müdafiə nazirinin müavini vəzifəsinə tövsiyə etmək niyyətindədir. Heydər Əliyev icazə verdi və biz bir yerdə Gürcüstana yola düşdük. Yol boyu Margiani mənə dəfələrlə təşəkkür edir və bildirirdi ki, onların bu səfərinin uğurlu nəticəsi mənimlə bağlıdır. Əlbəttə, Azərbaycan tərəfi təmənnasız yanacaq verməmişdi, 8 min ton yanacağın əvəzi barterlə ödənilirdi və bu, artıq mətbuat üçün deyil.
Onlar, əslində dost deyildilər
Bütün sonrakı dövrlər ərzində mən bu məsələni araşdırdım, o zamankı Gürcüstan hökumətində olan tanışlarımla söhbətlər zamanı da dəqiqləşdirməyə çalışdım və başa düşdüm ki, Əliyev nə üçün Şevardnadzeni həzm edə bilmirdi. Mənim bir qədər əvvəl qeyd etdiyim ehtimallar gerçək idi.
Sonra tədricən intensiv təmaslar, səfərlər, Əliyev və Şevardnadzenin dostluğu və qardaşlığı haqqında birgə bəyanatlar meydana çıxmağa başladı. Kənardan belə görünürdü ki, sabiq rəhbərlər uzaq kommunist zamanlarında olduğu kimi yenə də bir yerdədirlər. Bu gün onlar yenə də sabiqlərdir. Əlbəttə, mən Heydər Əliyev haqqında, onun davranışları, maneraları, idarəçiliyi, qəddarlığı, tiranlığı, rəhmsizliyi haqqında qeyd etdim. Amma eyni zamanda çalışdım ki, mənim oxucularım bu iki sabiqlər haqqında özləri nəticə çıxarsınlar. Və mənə elə gəlir ki, Eduard Amvrosiyeviç Şevardnadze haqqında onun siyasətdən gedişinə səbəb olan qızılgül inqilabına qədər nələrisə yazmalıyam.
OMON hadisəsi qəddarlığın antologiyası idi
Üstəlik, onu da nəzərə alıram ki, mən OMON hadisələri barədə, bizim həmvətənlərimizin hansı qəddarlıqla güllələndiyini, öldürüldüyünü qeyd etdim və çox təəssüf ki, bu qeyri-insani davranışa, bu qəddarlığa bəraət qazandıran kimlərsə tapılır. Məhkəmələr var və ya olmalıdır, bu hadisələrə də onlar qiymət verməlidir. Məni heyrətləndirir ki, bizim cəmiyyətimizdə bu qədər qaniçənliyə və qəddarlığa bəraət qazandırma duyğuları haradan qaynaqlana bilər. Mən axı bütün bunların içərisindən addımlayaraq keçmiş, həmin qəddarlığı, ruhsuzluğu, öldürməyə və sındırmağa təbii olmayan iştahı görmüşəm. Amma mən heyrətlənmirəm və bizim cəmiyyətimizin əhəmiyyətli kəsiminin Heydərizm dəyərlərinin hakim olduğu 40 illik idarəçiliyin təəssüratları altında əzildiyini başa düşürəm.
Bəziləri belə hesab edirlər ki, OMON-a qarşı bu qədər qəddarlığın əsası vardı. Öz mülahizələrini belə əsaslandırırlar ki, hətta güc nazirləri də onlardan qorxurdu və buna görə də onlar məhv edilməli idi. Amma Heydər Əliyev kimləri nazir təyin edirdi ki? Bu adamlar qorxa bildikləri və ya başqa sözlə, qorxmaya bilmədikləri üçün nazir təyin edilirdilər. Bəyəm, o, Səfər Əbiyevi nahaq yerə nazir edib? Ya o biri güc nazirlərini? Bunlar əlbəttə, qorxmaq və qorxudan Əliyevə sığınaraq onun bütün əmrlərini, hətta ən qanunsuz göstərişlərini belə, sözsüz-söhbətsiz yerinə yetirmək üçün bu vəzifələrə təyin ediliblər.
Amma Şevardnadze bu qəddarlığı etmədi
Indi bununla bağlı bir misal çəkmək yerinə düşərdi. Gürcüstanda bizim OMON-un analoqu olan “Mxedrioni” (Süvarilər) adlanan, başında parlament üzvü Jaba Ioselianinin dayandığı bir hərbi birləşmə vardı. Jaba Ioselianinin parlamentdəki kabinetinin və qəbul otağının qarşısında iki piramida dayanırdı. Avtomat silahdan düzəldilmiş bu piramidaların hər birində 18, ya da 28 “Kalaşnikov” olurdu. Bu adamlar hər yerdə, hər zaman silahla gəzir, heç kim onlara heç nəyi irad tuta, nəyəsə etiraz edə bilmirdi. Amma onlar hər şeyi edə bilərdilər. Onlar açıq-aşkar soyğunçuluq edir, adamları oğurlayır, öldürürdülər. Tam məsuliyyətimlə deyirəm ki, onları heç bir halda bizim OMON-çularla müqayisə etmək mümkün deyildi. Onlar dövlət məmurlarını oğurlayır, döyür, öldürürdülər.
Mart hadisələrindən sonra bizə Gürcüstan DIN-dən, KQB-dən, Kvemo-Kartli regional Idarəsindən general Kvantaliani zəng etdilər. Aprel ayında onlar “Mxedrioni”nin tərk-silah edilməsi ilə bağlı əməliyyata başladılar. Biz sərhədləri bağladıq ki, bu silahlı adamlar Azərbaycana keçmək fikrinə düşməsinlər.
Orada “Mxedrioni”nin tərk silah edilməsi əməliyyatı başlandı – amma heç bir xüsusi qəddarlıq, güllələnmə, öldürmə, məhvetmə əməliyyatı nəzərdə tutulmadan. Dəstənin bütün rəhbərləri və cinayətdə ittiham edilənlər həbs edilərək məhkəməyə verildi. Jaba Ioseliani də həbs edilərək türməyə göndərildi. Şevardnadze bu əməliyyata özünə məxsus bir ləyaqətlə möhür vurdu: 2-3 ildən sonra “Mxedrioni”nin bütün üzvləri əfv edildilər və azadlığa buraxıldılar. Hətta Şevardnadzenin ən qatı əleyhdarlarından olan Kitovani belə. Əliyevin Azərbaycanda planlaşdırıb həyata keçirdiyi kimi heç bir məhvetmə, yer üzündən silmə əməliyyatı nə nəzərdə tutuldu, nə də həyata keçirildi.
Bizdə isə hətta heç bir günahı olmayan, müharibənin odunu alovunu keçən mərd oğullar 10-15 il həbsdə oturdular, bir çoxları elə oradaca öldülər, müxtəlif sağalmaz xəstəliklərə tutuldular.
Baxın, iki sabiq rəhbər arasındakı fərq bu qədərdir. Onlardan biri heç zaman öz xalqından üstün olduğunu nümayiş etdirməyi ağlından keçirməyib, o biri isə öz xalqını sındırmaqdan ləzzət alıb, adamları işgəncə ilə, qorxu ilə, alçaltmaqla idarə edib…
(ardı var)