«Birlik Inşaat»ın qurbanları yenidən ayağa qalxdı
Bir neçə gün əvvəl Baş Prokuror yanında Korrupsiyaya Qarşı mübarizə Baş Idarəsinin binasının önündə bir qrup sakin etiraz aksiyası keçirib. “Bizim Yol”un məlumatına görə, onlar bir mənzili bir neçə nəfərə satan mənzil tikinti kooperativinin rəhbər şəxsləri ilə bağlı hər hansı tədbirin görülməməsindən narazıdırlar.
Belə ki, tikinti şirkəti ilə bağlı Korrupsiyaya Qarşı mübarizə Baş Idarəsində açılmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatında araşdırılıb və səbəbkarlar 13-14 il azadlıqdan məhrum ediliblər. Amma qısa müddətdən sonra mənzil tikinti kooperativinin rəhbər şəxsləri azadlığa buraxılıb.
Zərərçəkmişlər “Birlik”, “Xəmsə”, “Hasil”, “Hayan” MMC-lərinin təsisçisi Elman Tağıyevdən və onun qardaşı Məhərrəm Məhərrəmovdan (soyadlarının fərqli olmasına baxmayın, bu adamlar doğmaca qardaşdırlar və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin doğmaca əmisi oğludurlar) onlara dəymiş zərərin ödənilməsini istəyirlər.
Aldadılmış payçı Cəmaləddin Babayev deyib ki, tikinti şirkətlərinin rəhbəri Elman Tağıyevin azadlığa çıxması və payçıların mənzillə təmin olunması üçün qardaşı Məhərrəm Məhərrəmov izahat verərək öhdəlik götürüb. Amma o da öhdəliyinə sona qədər əməl etməyib. Belə ki, tikdiyi binanı yarımçıq saxlayıb.
Qeyd edək ki, Elman Tağıyev Kürdəmir Rayon Polis Idarəsinin keçmiş rəis müavini Aqil Tağıyevin qardaşıdır.
Onun digər qardaşı Rafiq Tağıyev vaxtilə Prezident Administrasiyasında mühüm post tutub. Bəzi iddialara görə, onu qeyri-şəffaf işlərinə və “yuxarıları” aldatdığına görə işdən çıxarıblar. Rafiq Tağıyev Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin qudasıdır. Başqa qardaş Adil Tağıyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində şöbə müdiri işləyib. Onu da nazir Hüseynqulu Bağırova “atdığı” üçün vəzifədən alıblar. Bəzi iddialara görə, “Birlik Inşaat”ın himayədarlarından biri də Nərimanov polisinin keçmiş rəisi Muradəli Babayevdir.