23 il ərzində məcburi köçkünlərin yalnız 20 faizi mənzillə təmin olunubsa…
Azərbaycan hakimiyyəti 23 il ərzində heç bir uğura imza atmasa da, hakimiyyət təmsilçiləri analoqsuz inkişafdan, dünyaya yol göstərməkdən, lider dövlətə çevrilməkdən danışıblar. Uzun illər ərzində xalqı inandırmağa çalışıblar ki, hökumət xalqa xidmət edir və uğurların sayı-hesabı yoxdur. Amma neftin qiymətdən düşməsi aydın göstərdi ki, bu hökumət Azərbaycanı ən zəif ölkə halına gətirib və ölkə idxaldan asılı vəziyyətdədir.
Sadəcə olaraq hökumətimiz inkişaf nağılları söyləməyə vərdiş etdiyinə görə, bu qədər uğursuzluq qarşısında da “bizdən yoxdur” təbliğatını davam etdirir.
Xatırlayırsızsa, bir müddət əvvəl Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənov demişdi ki, Avropa qaçqın probleminin həlli məsələsində Azərbaycan nümunəsindən yararlana bilər. Yəni Avropaya məsləhət görmüşdülər ki, qaçqın problemini həl etmək üçün Azərbaycan təcrübəsindən yararlanın.
Biz də yazmışdıq ki, Avropa Azərbaycan nümunəsindən yararlansa, qaçqınlar uzun illər çadır şəhərciklərində qalmalı, 16 manat çörəkpulu almalı, qaçqınlar üçün dünyanın müxtəlif yerlərindən gələn yardımlar mənimsənilməli, büdcədən qaçqınlar üçün ayrılan milyonlar talan edilməli və bu işlə məşğul olanlar milyarderə çevrilməlidi. Ən əsası isə Avropa Azərbaycan təcrübəsindən yararlansa, qaçqınlar əbədi olaraq qaçqın həyatı yaşamalıdı.
Bugünlərdə isə Əli Həsənov yenə də mətbuata geniş müsahibə verib və yenə də sürətli inkişafdan, hakimiyyət-xalq birliyindən danışıb. Məcburi köçkünlərlə bağlı hissədə isə deyib ki, bu illər ərzində 49 min ailə və ya 243 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Deməli, ölkədə 1 milyondan artıq məcburi köçkün var və 23 il ərzində məcburi köçkünlərin təxminən 20 faizinin mənzil şəraiti yaxşılaşdırılıb. Onu da qeyd edək ki, bu 20 faizin mənzil probleminin bir hissəsi ABŞ və Avropadan olan yardımlar hesabına həllini tapıb. Təkcə Dünya Bankı məcburi köçkünlərlə bağlı 4 dəfə kredit verib, ABŞ isə 1 milyard dollardan artıq vəsaiti yardım kimi verib.
Və bu qədər yardımlardan sonra hökumət yalnız 49 min ailənin problemini həll ed bilib. Bəli, 23 il ərzində məcburi köçkünlərin yalnız 20 faizinin mənzil problemini həll edən hökumət, Avropanı Azərbaycandan nümunə götürməyə çağırıb. Bir daha aydın olur ki, Avropa Azərbaycan təcrübəsindən yararlansa, yüzminlərlə qaçqın məhv olar. Azərbaycan hökuməti hər məcburi köçkünə ayda 16-17 manat “çörəkpulu” verir. Avropa isə qaçqın probleminin həllinə 10 milyarddan artıq vəsait xərcləyib.
Ona görə də yaxşı olar ki, hökumətimiz əvvəlcə özünə umac ovsun, sonra özgələrə əriştə kəsər. 9 milyon əhali öz ölkəsində qaçqın, köçkün, qərib kimi yaşadığı halda, bunlar Avropaya insan yaşatmaq dərsi keçmək istəyirlər. Onminlərlə ölkə vətəndaşı Avropaya mühacirət edib, insanlar ölkəni tərk etmək üçün yollar axtarır, bunlar isə Avropaya Azərbaycan təcrübəsindən dəm vururlar.
Ümumiyyətlə, Əli Həsənova inansaq, Ermənistanda əhali qalmayıb, Azərbaycan vətəndaşları hakimiyyəti dəlicəsinə sevir və məcburi köçkünlər yağ içində böyrək kimi yaşayır. Hökumətimiz həyata keçməyən arzular barəsində həyata keçmiş arzu kimi danışmağa öyrəncəlidir.
Akif