Şıx qəsəbəsində çal-çağırla sökülən villalara görə həbs olunan «JEK» müdiri məhkəmədə nələri açıqladı?
Şıx çimərliyi yaxınlığında, Dostluq parkı adlanan ərazidə ötən il dövlət başçısı Ilham Əliyevin göstərişilə, Bakı şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun çal-çağırla sökdürdüyü villaların yerləşdiyi torpaqların satışına görə həbs olunanların məhkəməsində maraqlı məsələlər üzə çıxıb.
Bu iş üzrə dünən Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda səslənən fikirlərdən belə məlum olub ki, orada torpaq satışı heç də bələdiyyə, “JEK” səviyyəsində həyata keçirilməyib. Bundan birbaşa Səbail Rayon Icra Hakimiyyətinin də xəbəri olub.
Hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər – Mənzil-Istismar Sahəsinin rəisi olmuş Famil Quliyev, Bibiheybət bələdiyyəsinin sabiq baş memarı Etibar Məmmədov və daşınmaz əmlak alqı-satqısı ilə məşğul olmuş Tərlan Hüseynov ifadə verib. Onların hər üçü günahsız olduğunu bildirib.
Etibar Məmmədov ifadəsində deyib ki, heç bir günahı yoxdur: “Düzü, heç bilmirəm ki, məni niyə həbs ediblər?”
Famil Quliyev də həbsinin səbəbinin ona aydın olmadığını bildirib. Qeyd edib ki, yeganə günahı Səbail rayonunun icra başçısının müavini Yavər Allahverdiyevin göstərişinə əməl etməsi olub: “Mənim heç bir günahım yoxdur. Saxta möhürdən, ştampdan – heç nədən xəbərim olmayıb. Mənə icra başçısının müavini Yavər müəllim zəng eləyib dedi ki, ”yaxın adamlarından bir neçə nəfərin şəxsiyyət vəsiqəsinin surətini bizə çatdır”. Mən də işimi itirməmək üçün onun dediklərini elədim. Mən torpaqların ayrılması ilə məşğul olmamışam. Bizdə xəritə yox idi ki, həmin ərazilərin Dövlət Torpaq Fonduna aid olduğunu da bilək. Bu işdə heç kimlə əlbir olmamışam. Yeganə günahım şəxsiyyət vəsiqələrinin surətini vermək olub”.
Qeyd edək ki, həmin dövrdə Səbail rayonunun icra başçısı olmuş Asif Əsgərov bir müddət əvvəl Nəsimi rayonuna eyni vəzifəyə təyin olundu. Bundan sonra Yavər Allahverdiyevin də iş yeri dəyişdi və hazırda o, Nəsimi Rayon Icra Hakimiyyətində Asif Əsgərovun birinci müavinidir.
Əmlak alqı-satqısı ilə məşğul olmuş Tərlan Hüseynov da özünü təqsirli bilməyib. O, istintaqa verdiyi ifadələri təsdiqlədiyini desə də, ifadələr elan olunmadığından orada nə yazıldığı bəlli deyil.
Məhkəmə prosesi iyunun 24-də davam edəcək.