Haqqımızı bərpa edə bilməsək xarici ölkələrdən sığınacaq istəyəcəyik
Həyat yoldaşı qanunsuz şəkildə işdən çıxarılan Novruzova Gülnar Rövşən qızı qəzetimiz vasitəsilə ölkə prezidentinə şikayət ünvanlayıb. Məktubu qısa ixtisarla dərc edirik:
“Nəzərinizə çatdırmaq istəyirəm ki, həyat yoldaşım Əliyev Nürət Həsən oğlu uzun müdət Culfa rayon polis şöbəsində sıravi polis əməkdaşı kimi işləmişdi. O, 20 yanvar matəm günündə şəhid olmuş qardaşına ehsan vermək üçün rəisdən bir günlüyə icazə istəyib. Lakin bölmə rəisi Vüqar Gülməmmədov şəhidlik barəsindəki sənədi ondan alıb cırmış və həyat yoldaşımı təhqir etmişdi. Həyat yoldaşıma deyib ki, sənin qardaşın 20 yanvarda yox, sərhəd döyüşlərində həlak olub. Deyib ki, sən məni aldadıb işdən yayınmaq istəyirsən. Daha sonra yoldaşımı işdən qovur və bugünə qədər yoldaşım işsizdir. Üzləşdiyimiz haqsızlıqla bağlı aidiyyatı qurumlara dəfələrlə şikayət etmişik, amma heç bir şikayətimizə baxılmayıb. Biz məcbur olub Culfa rayonunu tərk etdik və Bakı şəhərinə gəldik. Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, ev 6/32 ünvanında kirayədə qalırıq. Övladlarımın biri anadangəlmə xəstədir, daimi müalicəyə ehtiyacı var. Şikayətlərimizə cavab vermirlər və son olaraq qərar çıxarıblar ki, həyat yoldaşım ”polisin adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə” işdən azad edilib. Haqsız yerə işdən çıxarmaqları azmış kimi, üstəlik yoldaşıma böhtan atırlar. Əgər həyat yoldaşım polisin adına ləkə gətirən hərəkətlər edibsə niyə buna görə izahatı alınmayıb, sənədləşmə getməyib, bununla bağlı rəsmi ittiham olmayıb?
Artıq yaşadığımız evin kirayə haqqını ödəyə bilmirik. Sizin “harın məmur” adlandırdığınız adamlar şikayətimizə baxmır. Xahiş edirik səlahiyyətli orqanlara tapşırıq verəsiz ki, mənim həyat yoldaşımın konkret hansı səhvə yol verdiyini müəyyən etsinlər. 8 ildir ki, süründürməçiliyin, laqeydliyin qurbanına çevrilmişik. Bu ölkədə qanunların işləməməsidir, yoxsa idarəçilik sistemindəki böhran? Bəs, şəhid ailəsinin pozulmuş hüquqlarını kim qorumalıdır, biz haqqımızı harda axtaraq?
Əgər şikayətimizə bundan sonra da baxılmasa şəhid ailəsi kimi Fransa, Ingiltərə, ABŞ səfirliyinə müraciət edib, sığınacaq istəyəcəyik.
Unutmayaq ki, ailə də kiçik dövlətdir və bu dövləti qorumaq sizin borcunuzudur. Həm də siz Qurana and içib hər bir vətəndaşın prezidenti olacağınıza and içmisiz. Bizi bu vəziyyətə sizin harın məmurlarınız salıb. Nazirliklərə, Milli Məclisə, Prezident Aparatına da çoxsaylı müraciətlərimiz cavabsız qalıb.
Xahiş edirik ki, Ramil Uusubova göstəriş verəsiniz, bu haqsızlıq araşdırılsın. Rəis Gülməmmədov yoldaşımı təhqir edib, şəhid ruhuna hörmətsizlik edib və yoldaşıma deyib ki, sən işə qayıtsan mən bığlarımı qırxıb nakişi olacam. Indi də vədinə əml etmək üçün yoldaşıma şər-böhtan atır. Sizdən kömək gözləyirik”.