Müzəffər Baxışov: «Bəzi məhkəmə icraçıları hələ amnistiya sənədi qəbul edilməmiş islah, cərimə işlərinə məhkum edilmişlərdən rüşvət alırlar»
Dünən Milli Məclisin iclasında 28 May – Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı müraciət müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra amnistiya aktı səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, amnistiya aktının 10 min nəfər məhbusu əhatə edəcəyi gözlənilir. 10 min nəfərdən 3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.
Amnistiya aktı layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud I və ya II qrup əlil övladları olanlar daxildir.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülən və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcək.
Həmçinin, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir.
Amnistiya aktının icrasına iyunun 15-dən başlanılacaq və 4 ay müddətində davam edəcək. Özlüyündə həbsdə olanların azadlığa çıxması və ailəsinə qovuşması yaxşı haldır. Amma bu prosesin 4 ay müddətində davam etməsi korrupsiya və rüşvət kimi halların yaranmasına səbəb olur.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, ən azı bir şəxsin belə işgəncə yuvası olan həbsxanalarımızdan azad olunması müsbət haldır. Ona görə bu baxımdan amnistiyanı təqdir edən M.Baxışov vuğuladı ki, amnistiyanın iyunun 15-də qüvvəyə minməsinin müsbət cəhətləri var: “Əvvəlki amnistiyalarda məhkəmənin qanuni qüvvəyə minmiş hökmləri siyahıya salınırdı. Amma amnistiyanın iynunun 15-dən qüvvəyə minməsi nə demək olacaq. Məsələn, bu gün kimsə böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum olunacaqsa, onun barəsində hökm 20 gündən sonra qüvvəyə minəcək. Yəni bu gün barəsində hökm çıxarılan şəxs də həmin amnistiya dairəsinə düşə bilər”.
Amma amnistiyanın iyunun 15-dən başlayaraq 4 ay müddətinə davam etməsinin bir sıra neqativ hallara yol açdığını deyən M.Baxışov bildirdi ki, bəzi məhkəmə icraçıları hələ amnistiya sənədi qəbul edilməmiş islah, cərimə işləri cəzasına məhkum edilmiş şəxslərdən rüşvət alırlar: “Qeyd edirlər ki, Sizin işi həll edəcəyik. Həll etməsək pulunuzu özünüzə qaytaracağıq. Bu, çirkin adamların əməlləridir. Dövlət orqanlarında çalışan çirkin məmurlar amnistiyadan da öz maraqları üçün istifadə edirlər. Bu, Azərbaycan reallığıdır. Azərbaycanda korrupsiya məişət səviyyəsindədir. Bütün sahələrdə bu korrupsiya mövcuddur. Amnistiyanı tətbiq edən orqanlar da müəyyən korrupsiyaya yol verəcəklər”.
M.Baxışovun fikrincə, təəssüf ki, korrupsiya əməllərinə yol vermiş şəxslər cinayət məsuliyyətinə cəlb olunmur. Çünki bu ümumi xarakterli hərəkətlərdir: “Belə hərəkətlər Azərbaycanda stimullaşdırılır. Yəni dövlət orqanlarında korrupsiya ilə məşğul olmayan əməkdaşa, məmura pis baxırlar”.
Hikmət