Artıq üçüncü ildir mediada Xəzər dənizinin sahilindəki hasarların söküləcəyi, zəbt edilən çimərliklərin vətəndaşların pulsuz istifadəsinə veriləcəyi xəbərləri dolaşır. Hətta Bakı şəhər rəhbərliyinin bu barədə sərəncam imzaladığı və insanların əvvəlki illərdəki kimi dənizin sahilinə, çimərliklərə sərbəst giriş-çıxışının təmin edləcəyi vurğulanır.
Ötən il bu problem xüsusilə ictimailəşdirildi və hakimiyyət səviyyəsində də diqqətə səbəb oldu. Hüquqşünas Aslan Ismayılovun Xəzər dənizinin sahillərinin hasarlanması ilə bağlı hazırladığı və sosial mediada paylaşdığı videomaterial böyük səs-küy yaratdı. Bundan sonra problemə birdəfəlik son qoyulacağına ümidlər artsa da, hələ də bir nəticə yoxdur.
Onu da xatırladaq ki, hələ 2014-cü ildə məsələ Milli Məclisin iclasında qaldırılmışdı. Iclasda söz alan deputat, xalq artisti Zeynəb Xanlarova sensasion məzmunlu çıxışında demişdi: “…Dənizi xalqın əlindən almaq olmaz. Dənizi bütün hasara alıblar. Allahın xalqa bəxş etdiyi dənizdir. Onu istəyirlər ki, xalq qalxsın ayağa, külünglərlə hasarları dağıtsınlar?” Millət vəkili işarə etmişdi ki, bu qanunsuzluğu törədənlər məmur-oliqarxlardır…
Hələ də ölkə ictimaiyyəti məsələyə dövlət başçısı səviyyəsində müdaxilə edilməməsindən rahatsızdır. Çünki Xəzərin sahillərinin zəbt edilməsi hallarına yenə rast gəlinir. Bugünlərdə Aslan Ismayılov öz “facebook” səhifəsində problemi yenidən gündəmə gətirib. Bu dəfə hüquqşünas ona göndərilən şikayət məktubunu paylaşıb. Bir vətəndaşın yazdığı həmin məktubda Bakının Hövsan kəndindəki dəniz sahilinin zəbt edildiyi bildirilir.
Məktubda yazılır: “…Bir boş sahə var ki, bütün millət yayda ora çimməyə gəlir. Onu da artıq çalışırlar hasarlamağa. 2 dəfə örtülüb, icra hakimiyyəti tərəfindən sökülüb”. Müəllif qeyd edir ki, məsələdə Baş prokurorun adı hallandırılır: “Onlara havadarlıq edən məsləhət görüb ki, gecə ikən hasarlasınlar. Hələ ki, gecələr tikilir, səhər yenidən sökülür…”,- deyə məktubda vurğulanır.
Göründüyü kimi, cəzasızlıq şəraiti davam edir. Bununla belə, vətəndaşlar Abşeron çimərliklərinin 20-30 il əvvəlki statusunda bərpa ediləcəyinə ümidlərini tam itirmirlər.
Çimərlik mədəniyyəti barədə də bir neçə söz… Çimərliklərin hasarlanması, girişin pullu olması və burada yerli-yersiz iaşə obyektlərinin tikilməsi əhaliyə mədəni istirahət və xidmət şəraiti yaratmaq yox, yalnız qazanc məqsədilə edilir. Dünyanın mədəni ölkələrindəki çimərliklərdə nə kababxana, nə də çayxana var… Sovet dövründə bizim çimərliklərdə də bir-iki kafe vardısa, o da çimərlik zonasından kənarda olardı. Yaxud çimərlikdə köşklər tikib qumluq sahə yararsız hala salınmazdı. Çimərliyə yemək gətirmək “simvolik” olardı, indiki kimi yemək-içmək meydanına çevrilməzdi çimərliklər. Bir sözlə, bu gün çimərliklərdəki iaşə obyektlərinin fəaliyyəti komfortu pozur. Xidmətçilərin get-gəli, adamların arasından hərəkəti qıcıq yaradır. Artıq səs-küy, üstəlik, sıx yerdə futbol meydançalarının yaradılması, dənizin içində isə skuterlərin “avtoşluğu” gərginliyə, xaosa səbəb olur. Bir sözlə, özünü təbiətin qoynunda rahat hiss etmirsən.
Sosial şöbə