Əlövsət Osmanlı: “Təhsilimizdə köklü struktur, məzmun və kadr islahatları aparılmalıdır”
Xeyli vaxtdır ki, müxtəlif səviyyələrdə orta təhsilin müddətinin artırılması – 12 il olması ilə bağlı fikirlər səslənməkdədir. Bu məsələ TQDK sədri Məleykə Abbaszadənin məlum açıqlamasından sonra böyük sürətlə mətbuata daşınmağa başladı: “Bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib… Hesab edirik ki, 12 illik təhsil zamanın tələbidir”. (APA, 28.12.2011).
Əməkdaşımız bu günlərdə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı ilə görüşərək onun bu və bəzi digər məsələlərə münasibətini öyrənib. Onu oxucuların diqqətinə çatdırırıq.
– Əlövsət müəllim, siz nə düşünürsünüz, 12 illik təhsilə keçid, doğrudanmı zəruridir?
– Bilirsinizmi, elə məsələlər var ki, onlar mənim, sizin, yaxud başqa birisinin subyektiv fikri, arzusu, istəyilə həll olunmur, 12 illik təhsil də həmçinin. Bildiyiniz kimi, 2005-ci ildən Azərbaycan Bolonya prosesinə qoşulub. Nədir Bolonya prosesi? Bolonya prosesi – Avropa dövlətlərinin təhsil sistemlərinin bir-birinə yaxınlaşdırılması, harmonikləşdirilməsi, bir sözlə, uzlaşdırılmasıdır. Bu proses ali təhsili əhatə etdiyindən ilk baxışda elə təsəvvür yaranır ki, onun orta təhsillə elə bir ilişkisi yoxdur. Amma bir az dərindən analiz etdikdə bəlli olur ki, bu, belə deyıl. İlişkinin olması birinci növbədə ondan görünür ki, ali təhsil öz başlanğıcını orta təhsildən alır. Digər tərəfdən, aydın məsələdir ki, ali təhsilin uzlaşması üçün ən əvvəl onun başlanğıcı, yəni üzərində oturdulduğu orta təhsilin sonu uzlaşmalıdır. Onda buradan belə çıxır ki, Bolonya prosesinə qoşulan ölkələrdə orta təhsilin məzmunu, yəni bu pillədə şagirdə veriləcək bilik, bacarıq və dəyərlər bir-birinə yaxın olmalıdır. 12 illik təhsil də Bolonya prosesindən doğan məsələdir. Bunu izah etməyə çalışaq. Bayaq dedik ki, bu prosesə qoşulan ölkələrdə orta təhsil pilləsində şagirdlərə bəlli bir məzmun aşılanmalıdır. Bunun üçün həmin ölkələrdə 12 il (Almaniyada 13 il), bizdə isə 11 il müddət müəyyənləşdirilib. Onda avtomatik bəzi suallar ortaya çıxır: Necə olur ki, eyni bir yükü (məzmunu) Almaniya şagirdi 13, Fransa, İsveç, Latviya, Türkiyə, Rusiya, Gürcüstan şagirdi 12, bizim şagird isə 11 ilə daşıyır? Bəlkə bizim şagirdlər intellektual cəhətcə daha güclüdür? Yoxsa, məktəblərimizdə təhsilin səviyyəsi yüksəkdir? Bu qısa analitik təhlil belə qənaətə gəlməyə əsas verir: Madam ki, Bolonya prosesinə qoşulmuşuq, bizdə də orta təhsil 12 illik olmalıdır.
12 illik təhsilə keçidin zəruriliyinin sadə izahı da var. Bildiyiniz kimi, 20 ilə yaxındır ki, 11 illik orta təhsilə keçmişik. Bu müddət ərzində təhsilimizin məzmununa informatika, ekologiya, iqtisadiyyat, hüquq və həyati bacarıqlardan çoxlu materiallar əlavə edilib. Başqa sözlə, məzmun əhəmiyyətli dərəcədə ağırlaşdırılıb, müddət isə dəyişməz – 11 il qalıb. Artıq elə vəziyyət yaranıb ki, zavallı şagird bu ağırlığa dözə bilmir. Bunu biz gündəlik müşahidələrimizdən də görürük. Belə olan halda, vəziyyətdən bircə çıxış yolu qalır ki, o da orta təhsilin 12 illik olmasıdır.
– 6 ildən çoxdur ki, Bolonya prosesinə qoşulmuşuq, hələ indi-indi 12 illik təhsilə keçmək haqqında düşünürük. Bu, gedən qatarın arxasınca qaçmağa bənzəmirmi?
– Bəlamız da elə budur. Təsəvvür edin, 2009-cu ildə “Təhsil haqqında” Qanun qəbul olundu, o zaman Təhsil Nazirliyindən bir nəfər qabağa çıxıb demədi ki, ay qardaşlar, orta təhsil 12 illik olmalıdır, bunu, ən azından, qoşulduğumuz Bolonya prosesi tələb edir. Məhz həmin qətiyyətsizliyin nəticəsidir ki, bu gün qanunda orta təhsilin müddəti 11 il göstərilib. İndi də əl-ayağa düşüblər ki, ay aman, vəziyyətdən necə çıxaq. Dəhşətin dərəcəsinə baxın, neçə vaxtdır ki, söz-söhbət gedir, hələ də nazir bu məsələyə rəsmi münasibət bildirməyib. Sanki bunun ona aidiyyəti yoxdur. Bu yaxınlarda Gürcüstanda şayiə yayıldı ki, guya bu ölkədə 12-ci sinif ləğv edilir və yenidən 11 illik təhsilə qayıdılır. O zaman elm və təhsil naziri Dmitri Şaşkin dərhal mətbuata açıqlama verdi: “Gürcüstan dövləti 12 illik orta təhsili nəzərdə tutan Bolonya prosesinə qoşulub. Ona görə də 12-ci sinfin ləğv edilməsi haqqında söz-söhbətlər həqiqətə uyğun deyil”. Bizdə isə TQDK sədri dillənir, eks təhsil naziri dillənir, deputatlar dillənir, ekspertlər dillənir, indiki təhsil naziri isə ağzına su alıb durur. İnandırım sizi, bu adam hələ də bilmir ki, Bolonya prosesi orta təhsilin neçə illik olduğunu tələb edir. Əgər bilsəydi, qanun qəbul olunarkən münasibət sərgiləyərdi.
– Sabiq nazir Firudin Cəlilov, ekspertlər Məhərrəm Zülfüqarlı və Nabatəli Qulamoğlu 11 illik təhsilin saxlanılmasının tərəfdarı kimi çıxış edirlər. Buna münasibətiniz necədir?
– Hesab edirəm ki, əvvəlki sualları cavablandırarkən bu sualın da üzərinə işıq saldım. Belə fikir səsləndirən başqaları da var. Demək olar ki, hamısı ilə tanışam. Hesab edirəm ki, onların gətirdikləri arqumentlərin tənqidə davamı yoxdur…
– Hətta professor Əjdər Ağayev orta təhsilin 10 ilə endirilməsini təklif edir…
– Əjdər müəllim çox təfəkkürlü pedaqoqumuzdur. O heç zaman belə düşünə bilməz. Sizdən fərqli olaraq, mən onun fikirlərində böyük ironiya və etiraz gördüm. Bununla professor, dolayısı ilə onu demək istəyir ki, bu gün məktəblərimizdə təhsil adında bir şey yoxdur, onsuz da yuxarı siniflərdə şagirdlər məktəbə getmirlər, hərə bir yolla məktəbdən “canını qurtarıb” repetitorun yanına qaçır. Amma görürsünüzmü, o, sonrakı açıqlamalarında 12 illik təhsil barədə nə qədər maraqlı fikirlər söylədi.
– Tutalım, 12 illik təhsilə keçildi, bunu başa gətirmək mümkün olacaqmı?
– Mərdanov və onun ətrafına toplaşmış insanlarla bu iş başa gələsi deyil. Bir yerdə ki, belə işlərə rəhbərlik etmək Aydın Əhmədov kimi elmdən uzaq, Ənvər Abbasov kimi müti insanlara tapşırılır, hansı nəticədən danışmaq olar?
Bildiyiniz kimi, “Təhsil haqqında” yeni qanuna görə, bağça təlimi zəruridir. Təbii ki, bu zərurət 1-ci sinifdə öyrədiləcək materialların xeyli hissəsinin bağçaya ötürülməsini tələb edir. Bu halda 1-4-cü siniflərin təhsil proqramlarında yuxarıdan aşağıya sürüşmələrin baş verməsi qaçılmazdır. O zamanlar mən deyirdim ki, bunu başa gətirə bilməyəcəklər. Çunki nazirlikdəkilərin qabında nə olduğunu yaxşı bilirdim. Belə də oldu, bağça üçün təhsil proqramı deyilən nəsə bir şey quraşdırdılar və onu 1-4-cü siniflərin proqramlarının əvvəlinə “caladılar”, sürüşmələrdən isə əsər-əlamət olmadı. İndi isə bilirsiniz, nə edəcəklər? Yalan-doğru 12-ci sinif üçün bir “proqram” qondarıb 1-11-ci siniflərin proqramlarının arxasına “yamayacaqlar”. Halbuki bu tutumlu işi görmək üçün yenidən fənlər, bu fənlərin şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq, hansı siniflərdə və nə qədər tədris olunacağı dəqiq müəyyənləşdirilməlidir. Bir sözlə, tədris planları və proqramları yenidən hazırlanmalıdır. Bu məsələlər isə ancaq və ancaq elmi, pedaqoji və psixoloji müstəvidə həll oluna bilər. Belə şeylər isə bizim Təhsil Nazirliyi üçün “yabançıdır”. Görün, bu qurum nə gündədir ki, burada tədris planlarını elmi, pedaqoji və psixoloji əsaslar üzərində qurmaq əvəzinə, səsvermə yolu ilə tərtib edirlər. Hətta utanmaz-utanmaz bu haqda “Azərbaycan müəllimi” qəzetındə məlumat da verirlər. Yenidən fikrimin əvvəlinə qayıdıram: İndiki nazir və onun yarıtmaz komandası ilə normal şəkildə 12 illik təhsilə keçə bilməyəcəyik.
– Əlövsət müəllim, o zaman Milli Məclisdə 12 illik təhsil məsələsini qaldıran olmayıbmı ki, qanunun qəbulundan 2 il ötüb, problemlə üzləşmişik?
– Bu haqda bir söz deyə bilmərəm, mən də sizin kimi. Bilirsinizmi, bu məsələdə günahkarları kənarda axtarmaq lazım deyil. Əsas məsuliyyət parlamentin təhsil komitəsinin və işçi qrupun üzərinə düşür. 12 illik təhsil bir yana qalsın, onlar olanı da vurub dağıtdılar, icbarı təhsili 11 ildən 9 ilə endirdilər.
– Bəs bu, geriyə atılmış addım deyilmi?
– Tamamilə razıyam. Zəngin bir neft ölkəsində belə hadisənin baş verməsi çox pis haldır. Görmüşük ki, dövlətlər iqtisadi durumu yaxşılaşdıqca vətəndaşlarının yüksək təhsillə əhatə olunmasına çalışır, onların bir çox qayğılarını öz üzərinə götürür. Bizdə də böyük inkişaf meyillərinin olduğu söylənilir. Əgər belədirsə, onda niyə balalarımızın bir çoxunu 9-cu sinifdən sonra, yəni 15-16 yaşlarından taleyin ixtiyarına buraxırıq? Demirikmi, peşə təhsili darmadağın edildiyi bir zamanda, onlar gedib dini sektalara, kriminal qruplara, yaxud narkomanlara qoşula bilərlər? Özü də icbariliyin 9 ilə salınmasını elə formada “həyata” keçirdilər ki, adam düşünəndə dəhşətə gəlir…
– Bəlkə bir az aydınlıq gətirəsiniz…
– Bildiyiniz kimi, 2009-cu ilədək orta təhsilin pillələri belə adlandırılırdı: 1-4 – ibtidai; 5-9 – əsas; 10-11 – ümumi orta. Digər tərəfdən, konstitusiyamızın 42.2-ci maddəsinə görə, ölkəmizdə ümumi orta təhsil icbaridir. İcbariliyin 9 ilə endirilməsi üçün variantlardan biri bu idi ki, konstitusiyanın həmin maddəsi “əsas təhsil icbaridir” kimi dəyişdirilsin. Bu addım həm hüquqi, həm də siyasi nöqteyi-nəzərdən həddən artıq başağrılı idi. Ona görə də dostlarım başqa varianta – “söz oyunu”na üstünlük verdilər. Belə ki, “əsas təhsil” adlandırdığımız 5-9-cu siniflər pilləsinin adını dəyişdirərək qanunda “ümumi orta təhsil” qoydular, “ibtidai təhsil” pilləsinin adını saxladılar, 10-11-ci siniflər pilləsini isə “tam orta təhsil” adlandırdılar. Beləliklə də konstitusiya baryerini “aşaraq” icbari təhsilin 9 ilə endirilməsinə nail oldular. Amma düşünmədilər ki, “ümumi orta təhsil”in indiyədək daşıdığı anlamı dəyişdirməklə Ana Yasamızın ruhuna xələl gətirdilər.
Hesab edirəm ki, geriyə atılmış bu addım gələcəkdə böyük fəsadlar törədəcək. Belə ki, icbariliyin 9 ilə endirilməsindən istifadə edən bəzi üzdəniraq məktəb rəhbərləri 10-cu sinfə qəbul zamanı və sonrakı dövrdə şagirdlərə problemlər yaradacaqlar, hər an onları məktəbdən qovmaqla təhdid edəcəklər və bununla da görünməmiş rüşvətlərə yol açılacaq. Artıq vəziyyət o qədər dolaşdırılıb ki, bu labirintdən çıxmağın özü böyük müşkülə çevrilib. Belə çıxır, bunun üçün getdiyimiz dolanbac yolları geri qayıtmaq zorunda qalacağıq. Bunu təsəvvür edirsinizmi?!
Ayrı-ayrı ölkələrdə icbari təhsilin müddətinin artırılmasını görmüşük, endirilməsini isə şəxsən mən birinci dəfə görürəm. Türkiyə nümunəsinə baxaq. Bu ölkədə məcburi təhsil 1997-ci ilədək 5, 1997-ci ildən bu ilədək 8 illik idi. Bu ildən isə 12 ilə qaldırıldı.
– Əlövsət müəllim, bəs vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
– Birincisi, “Təhsil haqqında” Qanunda dəyişikliklər aparılmalı və 12 illik icbari təhsilə keçilməlidir; ikincisi, Milli Təhsil Strategiyası bu kontekstdə hazırlanmalıdır; üçüncüsü isə təhsilimizdə köklü struktur, məzmun və kadr islahatları aparılmalıdır.
Natiq