Suriya Milli Şurasının 70 üzvü birgə bəyanat yayaraq iranlı müxaliflərlə həmrəy olduqlarını, xalqın azadlıq və demokratiya uğrunda apardığı dinc mübarizəsinə dəstək verdiklərini bildirib.
“Media forum” saytının məlumatına görə, Suriya prezidenti Bəşər Əsəd hakimiyyətinə qarşı mübarizə aparan Suriya Milli Şurası üzvlərinin yaydığı bəyanatda deyilir ki, İran xalqının “ərəb baharı”na dəstək verməsi demokratiya uğrunda ayağa qalxmış Orta Şərq ölkələri xalqlarının apardığı mübarizənin bir-biri ilə sıx əlaqədə olduğunu göstərir.
Bəyanatı imzalayan Suriya Milli Şurasının üzvü Bəssam əl-Qutli “Azadlıq” radiosunun fars redaksiyasına açıqlamasında azadlıq uğrunda mübarizədə Suriya xalqının İran xalqının arxasında olduğunu bəyan edib: “Biz İran və Suriya xalqlarının demokratiya uğrunda apardığı mübarizənin bir-birinə çox bənzədiyini və bunlar arasında yaxın əlaqələr olduğunu görürük. İranla Suriya rejimləri uzun illər bir-birinə dəstək verərək öz xalqlarını əzib tapdayıblar. Məhz həmin səbəbə görə də biz bu bəyanatı yayaraq İran xalqının mübarizəsinə dəstək verdiyimizi bildiririk.
Əminəm ki, İran və Suriya xalqları, o sıradan da azadlıq və demokratiya uğrunda inqilabın əsas qüvvəsi sayılan hər iki ölkənin gəncləri bir-biri ilə əməkdaşlıq edərək öz ölkələrini iqtisadi baxımdan yenidən quracaq, öz qonşuları ilə yaxşı münasibət yaradacaq, hər iki ölkə üçün yaxşı bir gələcəyi təmin edəcəklər”.