Filialın Heydər Əliyev prospektindəki binasının ətrafında göyərti, kartof-soğan satılır
Azərbaycanda iki böyük devalvasiya hadisəsinin bank sektoruna vurduğu ziyan hər kəsə məlumdur. Böhran şəraiti ilə əlaqədar vəziyyətdən çıxış yolu kimi banklar birləşməkdən tutmuş ən müxtəlif üsulları müzakirə etsələr də, hələ heç bir nəticə əldə edə bilməyiblər. Bu baxımdan ən acınacaqlı günlərini yaşayan banklardan biri də “Bank Standard”dır.
Ümumiyyətlə, ölkədəki bankların hər birinin arxasında hansısa məmur-oliqarxın dayandığı sirr deyil. “Bank Standard”ın keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olduğunu söyləməklə “Amerika kəşf etmiş” olmuruq. Vaxtilə “Mostbank-Azərbaycan” adlanan bankın adı sonralar dəyişdirilərək “Bank Standard” qoyuldu. Bu da təbii idi. Ən azı o səbəbdən ki, artıq Heydər Babayevin vəzifəsi də dəyişmişdi. O, iqtisadi inkişaf naziri olmuşdu. Elə həmin vaxtdan “Bank Standard”ın regionlarda ard-arda filiallarının açılışlarına start verildi. Belə filiallardan biri üçün Mingəçevir şəhərinin mərkəzində Heydər Əliyev prospektində də yer ayrıldı. Filialın inzibati binası üçün ayrılmış yer şəhərin memarlığına xələl gətirsə də, bankın iqtisadi inkişaf nazirinə məxsusluğu bu cür məsələləri arxa plana atırdı. Elə buradaca bir maraqlı faktı qeyd edək ki, Mingəçevirin Heydər Əliyev prospektində nə az, nə çox – düz 8 bank yerləşir.
Beləcə, uzun sürən inşaat işləri yekunlaşmaqdaykən Heydər Babayev tutduğu postdan uzaqlaşdırıldı. H.Babayev vəzifəsindən çıxarılandan sonra ölkədə qüvvədə olan yazılmamış qanunlara görə onun böyük biznesinin də qara günləri başladı. Baxmayaraq ki, keçmiş nazirə məxsus “ABU” loqosu altında qurulan “ABU-Klinika”, “ABU-Arena”, “ABU” yanacaqdoldurma məntəqələrinin “qaralanmasına” xeyli öncədən başlanmışdı.
“ABU imperiyası”nın çökdürülməsi prosesində “Bank Standard”ın, o sıradan 6 ildən artıq bir dövrdə qapısından iri qıfıl asılmış Mingəçevir filialının da siyahıdan kənarda qalması inandırıcı deyil. Təsadüfi deyil ki, bu gün açılışını görmədən qapadılan “Bank Standard”ın yerli filialının binası ətrafında göy-göyərti, soğan-kartof alveri gedir.
Qeyd edək ki, bir ara mətbuatda nazirlik görəvindən uzaqlaşdırıldıqdan sonra “Bank Standard”ın Heydər Babayevin əlindən alınaraq hakim ailənin üzvlərindən birinin adına sənədləşdirildiyi və xeyli müddətdən bəri bu bankın dirçəldilməsi istiqamətində yenidənqurma işlərinin aparıldığı barədə məlumatlar yer almışdı. Deyilənlər həqiqətdirsə, görünür, yeni sahib bankın Mingəçevirdə tikilmiş filialından xəbərsizdir.
Azər