Nemət Əliyev: «Sıravi vətəndaşların min bir zülmlə qazandığı ev-eşiyinin kredit borcuna görə əlindən alınması yolverilməzdir»
Bank kreditləriylə bağlı, demək olar, hər gün yeni bir xəbər eşidilməkdədir. Kredit borcuna görə bankların müsadirə etdiyi daşınmaz əmlaklar artıq satışa çıxarılır. Kreditlər problemi beləliklə, özünün ən yüksək həddini yaşayır. Belə ki, istehlak kreditləri xaric, bu vəsaitin həcmi hazırda 6 milyarddan çoxdur. Digər kreditlərin arxasında isə əmlaklar dayanır.
Hazırkı vəziyyət isə vətəndaşların əmlakının bankların əlinə keçməsi tendensiyasının daha kütləvi xarakter aldığını göstərir. Bundan əhali narazı qalsa da, banklar öz siyasətlərini yerinə yetirməkdə israrlıdır. Son xəbərlərə görə, “Atabank”ın kredit borcuna görə müsadirə etdiyi və satışa çıxardığı daşınmaz əmlakların qiymətləri məlum olub. Bankdan fins.az-a verilən məlumata görə, müştəri gözləyən əmlakları almaq üçün minimum 4 min manat, maksimum isə 700 min manat pul vermək lazımdır.
Ən ucuz əmlak Tərtər rayonunun Borsunlu kəndində satılan 3,81 hektar torpaq sahəsidir. Ərazi cəbhə bölgəsinə yaxın yerləşdiyi üçün torpağın hektarı 1050 manatadır. Lənkəranın Girdəni kəndindəki həyət evi isə 10 min manata satılır.
“Atabank”ın təklif etdiyi ən bahalı daşınmaz əmlak Bakıda yerləşən villadır. Bu obyekt paytaxtın Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsindədir və qiyməti 700 min manatdır.
Iqtisadçı-ekspert Nemət Əliyev bankların əmlakla bağlı siyasətinə diqqəti çəkərək söyləyir ki, əhalinin kredit borcunu vermədiyi təqdirdə onun daşınmaz əmlakının əlindən alınması tamamilə səhv yanaşmadır. Ekspert banklara borcu olanların kateqoriyalara bölündüyünü, bəzilərinin külli miqdarda kredit götürdüyünü, bəzisinin isə sıravi vətəndaşlar olduğunu deyir: “Bankdan böyük miqdarda pul vəsaitini götürüb qaytara bilməyən iş adamlarının saya-hesaba gəlməyən daşınmaz əmlakının satışa çıxarılmasında bir qəbahət olmaya bilər. Lakin sıravi vətəndaşların üzərinə gedib min bir zülmlə qazandığı ev-eşiyinin kredit borcunu ödəməməsinə görə əlindən alınması yolverilməzdir. Borc yükünün, bu problemin hamısının səbəbkarı ölkə vətəndaşları deyil. Vətəndaşlar məişət problemlərini həll etmək, eləcə də kiçik sahibkarlıq fəaliyyətiylə məşğul olmaq, maliyyə ehtiyaclarını ödəmək məqsədilə müxtəlif dövrlərdə banklardan cəlb etdikləri kreditləri qaytara bilməyib. Yəni bunun bir səbəbi onların özüylə bağlı olsa da, digər səbəb Mərkəzi Bankın və hökumətin yarıtmaz siyasətinin doğurduğu nəticəylə bağlıdır. Heç kəsə sirr deyil ki, Mərkəzi Bankın ötən il ərzində həyata keçirdiyi devalvasiya qərarı bu sahədə olduqca çətin vəziyyət yaradıb. Onsuz da vəziyyəti çətin olan əhali götürdüyü krediti qaytara bilmirsə, bunun tək günahkarı özü deyil”.
Ekspert ölkənin iqtisadi strukturlarının Mərkəzi Bankın pul-kredit siyasətinin vətəndaşlara təklif etdiyi faiz dərəcələrini önləmək gücündə olmadığını da diqqətə çatdırır. Hökumətin bu mənada ikiqat məsuliyyət daşıdığını deyən N.Əliyev, insanların əziyyətlə əldə etdiyi əmlakının, evinin əlindən alınmasını səhv addım sayır.
Nigar