Gəncə savaşlarının qəhrəmanları…
Kökləri Gəncə şəhəri ilə bağlı olan Topçubaşovlar nəslinin tarixi XV əsrdən başlayır. Bu nəslin soyadı Gəncə xanlarının topçu alaylarının başçılarının adı ilə bağlıdır. Gəncənin son müstəqil hakimi Cavad xanın şəxsi katibi Əlimərdan bəy Əliəkbər bəy oğlu Topçubaşı ərəb və fars dillərilə yanaşı, rus dilini də mükəmməl bilirdi. Bu, Azərbaycan torpaqlarının Rusiyaya birləşdirilməsindən əvvəl nadir bir hal idi. Gəncə uğrunda son döyüşlər ərəfəsində Cavad xanın general Sisianova yenilməzlik və cəsarət dolu məktublarını da Ə.Topçubaşı tərtib etmişdi. Sonra Cavad xanın katibinin oğlu Rusiya elminin görkəmli nümayəndələrindən biri oldu.
Peterburq Universitetinin professoru, London Asiya Kral Cəmiyyətinin üzvü Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov (1790-1869) rus şərqşünaslığının banilərindən sayılır. Yaraşıqlı, alicənab Mirzə Cəfər Peterburq aristokratiyasının rəğbətini qazanmışdı. Onun A.S.Puşkinlə tanışlığı vardı, A.S.Qriboyedov və görkəmli polyak şairi Adam Mitskeviçlə yaxın dost idilər. “Peterburq Universitetinin nə qədər ömrü varsa, Mirzə Cəfərin adı həmişə böyük minnətdarlıqla çəkiləcəkdir” – paytaxt mətbuatı 1869-cu ilin fevralında onun ölümü münasibətilə belə yazmışdı.
Sonralar – həmin tarixdən 20 il sonra o universitetin hüquq fakültəsini Topçubaşovlar üçün ənənəvi sayılan Əlimərdan adını daşıyan, gələcəkdə Azərbaycan dövlətçiliyinin fəal qurucusu olacaq bir gənc bitirdi. Bu gənc 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyi elan edildikdən sonra hökumətdə önəmli vəzifə tutacaqdı…
Bəli, Ə.Topçubaşov Azərbaycan Respublikasının Səlahiyyətli Naziri və Fövqəladə Nümayəndəsi təyin olundu. Onun təyinatının məqsədi bu idi: “Azərbaycan Respublikasının maraqlarına aid olan bütün məsələlər üzrə Osmanlı Imperator Dövlətinə göndərilir”.
Oktyabrın 6-da o, həm də Azərbaycan Respublikasının Xarici Işlər Naziri vəzifəsinə təyin olunur. 1918-ci il dekabr ayının 7-də Bakıda ilk iclasına toplanan Azərbaycan Parlamenti Ə.Topçubaşovu öz sədri seçir. Istanbulda olmağına baxmayaraq, parlamentin, eləcə də dövlətin başçısı vəzifəsinin məhz Əlimərdan bəyə tapşırılması Azərbaycanda hamının qəbul etdiyi məntiqin nəticəsi idi. Bir qədər sonra, dekabrın 28-də Əlimərdan bəy Topçubaşova Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə başçılıq etmək də həvalə olunur.
…Istanbul. 6 yanvar 1919-cu il. Amerika səfirliyinin binası. Amerika diplomatik nümayəndəsi Heyklə görüş…
Heyk:
– Necə düşünürsünüz, sizin Qafqaz xalqları yenə Rusiya ilə birgə olmağa razılaşarlarmı?
Ə.Topçubaşov:
– Ruslarda sürətlə sosializm, özü də ifrat sosializm olan bolşevizm ideyaları yayılır. Bizim xalqımız bu cür ideyaları nə qəbul edə, nə də onlara dözə bilməz.
Heyk:
– Bəli, doğrudan da, bu ideyalar hətta bizim demokratiya haqda təsəvvürlərimizə də uyğun gəlmir. Onlar qurmur, ancaq dağıdırlar. Mən sizi tamamilə anlayıram. Həm də ki, sizin xalqınız Islama sitayiş edir.
Ə.Topçubaşov:
– Bilirsiniz, Islam demokratik dindir, özü də, əgər onu dərindən anlasaq, çox sadə və aydın dindir. Bizim xalqımız rifahın əsası kimi sosializmin əleyhinə deyil, ancaq maddi- mədəniyyətin dağıdılması və özgə malının zorla alınması bizim üçün qəbuledilməzdir.
Heyk:
– Bu, olduqca düzgün fikirdir. Deməli sizin xalqınızın ictimai quruluş haqda təsəvvürləri sağlamdır.
Ə.Topçubaşov:
– Sizdən öz hökumətinizin nəzərinə ilk növbədə bunu çatdırmağı rica edirəm.
Parlaq diplomat bacarığı
1919-cu ilin mayında Azərbaycan Sülh Nümayəndə Heyəti Parisə gəlir. Sədr Ə.Topçubaşov başda olmaqla, nümayəndə heyətinin buradakı 8 aylıq, sözün əsl mənasında fədakar fəaliyyəti öz bəhrəsini verir. 1920-ci il yanvarın 11-də dünyanın aparıcı ölkələri Azərbaycan Respublikasının müstəqilliyini tanıyırlar. Bununla da, Azərbaycan dövlətçiliyi beynəlxalq səviyyədə də öz təsdiqini tapır. Xüsusi olaraq o da qeyd edilməlidir ki, beynəlxalq aləmdə Azərbaycanın maraqlarını müdafiə edən çevrələrin – Azərbaycanpərəst lobbinin yaradılması üzrə ilk səylər göstərmək şərəfi də Əlimərdan bəy Topçubaşova məxsusdur. Çətin və gərgin əməyin nəticəsində əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Azərbaycan Respublikasının baş naziri Nəsib bəy Yusifbəyova yazırdı: “Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur… Bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik. Ona görə də xalqımızın müstəqil yaşaya biləcəyinə, hansı yolla olursa olsun, müstəqillik əldə edəcəyimizə inanırdıq. Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də. Çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”.
Bir misal göstərək. ABŞ Nümayəndələr Palatasının üzvü Valter Çandlerin Vaşinqtondan Parisdə olan Əlimərdan bəyə (bir qədər əvvəl onların Parisdəki görüşləri zamanı aralarında dostluq münasibətləri yaranmışdı) göndərdiyi məktubunda aşağıdakı sətirlər diqqəti xüsusi çəkir: “…Sizin Amerikadakı təmsilçiniz kimi mən əvəzinizə elə cəsarətlə çalışacağam ki, sanki Siz özünüz buradasınız və mübarizə aparırsınız. Güman edirəm, mən Amerikadakı dostlarımız, azadlığı dini xürafatdan üstün tutan insanlarla birgə Azərbaycan üçün təbliğat komitəsi yaratmağa müvəffəq olacağam”.
Rus işğalından sonra qürbət həyatı
Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Ə.Topçubaşov Parisdə, mühacirətdə qalır. 1920-ci ilin noyabrında Cenevrədə, Millətlər Liqasının tribunasından dövlətin başçısı olaraq Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edildiyini dünyaya bəyan edir.
“Bolşeviklərin Azərbaycanın adından danışmağa haqqı yoxdur”, – deyə Ə.Topçubaşov bolşeviklərin onun vətənində törətdikləri özbaşınalıqlar barədə London (1922) və Lozanna (1923) konfranslarındakı çıxışlarında beynəlxalq ictimaiyyəti məlumatlandırırdı.
Əlimərdan bəy mühacirətdə də Qafqaz xalqlarının birgə fəaliyyətinə nail olmağa can atırdı. 1934-cü ilin əvvəllərində, şərəfli ömrünün sonuna cəmi bir neçə ay qalmış o, Azərbaycan Milli Mərkəzinin sədri kimi, digər Zaqafqaziya respublikalarının liderlərilə birgə Qafqaz Konfederasiyası Paktını imzalayır.
Azərbaycan milli hərəkatının görkəmli nümayəndəsi Əlimərdan bəy Topçubaşov 1934-cü il noyabr ayının 5-də vəfat edib. O, Paris yaxınlığındakı St.Kloud (San-Klu) qəbiristanlığında dəfn olunub.
Ə.Topçubaşovun fəaliyyətini M.Ə.Rəsulzadənin aşağıdakı fikirləri çox yaxşı xarakterizə edir: “Əlimərdan bəy heç şübhəsiz, Mirzə Fətəli, Həsən bəy Zərdabi və Ismayıl Mirzələrin (I.Qaspralı) canlandırdıqları milli kültür hərəkatını milli qurtuluş yoluna çəkən böyük mücahidlərdəndir. Fəqət, Əlimərdan bəyi bu üç ustaddan, eləcə də müasiri olan digər bəzi ideya adamlarından fərqləndirən bir xüsusiyyət var idi. Əlimərdan bəy yürütdüyü siyasətin fikirçisi olmaqdan çox, işçisi idi. Onun bütün həyatı milli davanın vəkilliyi kimi məsuliyyətli işlərdə keçmişdi. Hətta mətbuatda çalışması da bir ideya, bir ideoloji propoqanda yapmaqdan ziyadə, müəyyən praktik məsələlərin gerçəkləşdirilməsindən ibarət olmuşdur”.
Heç şübhəsiz, Əlimərdan bəyin başçılıq etdiyi siyasi elitanın əksər nümayəndələri hər hansı “münbit” şəraitdən yararlanaraq, siyasət meydanında “peyda olan”lardan deyildilər. Onlar öz idealları, bilgiləri, təhsilləri və imanları sayəsində öz vətənləri üçün misilsiz işlər gördülər. Onlar tarixdə ilk milli demokratik hökumətin yaradıcısı, qurucuları oldular.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir