Türkiyədəki soydaşlarımız məşhur Taksim meydanında Xocalı faciəsi ilə bağlı mitinq keçirməyə hazırlaşırlar. Gözəl təşəbbüsdür. Ancaq Azərbaycanda yaşayan bir para adam var ki, onların həmin aksiya ilə bağlı canfəşanlıq etməsi ürəyimi elə vurur ki…
Məsələn, onlardan biri rejimin təbliğat ruporlarından birinə rəhbərlik edir. Öz media resurslarında Bakıda aksiya keçirən insanların “xuliqan”, “şüşəqıran”, aksiyaların isə “vaxtı ötüş addım” olduğunu “sübut edən” adam indi durub burdan Türkiyəyə yürüyəcək.
Bu, əslində, Azərbaycan hakimiyyətinin xislətini göstərən faktdır. Necə olur, aksiya ölkə daxilində “gerilikçi addım” olur, ölkədən xaricdə isə “lazımlı”?
Neft Akademiyasındakı terrora etiraz edən Azərbaycan gəncliyinə dağ çəkən, onları döyüb həbsə atan bizim hakimiyyətdir. O hakimiyyət ki, indi dünyanın dörd bir yerində Xocalı terrorunu tanıtdırmaq üçün soydaşlarımızı fəal olmağa səsləyir. Ikili siyasətin nə təhər olduğunu indiyə qədər bilmirdinizsə də, artıq bildiniz.
Ilham Əliyevə “diktator” demək…
Tez-tez belə mübahisələrə sizin də düşdüyünüzü bilirəm. Hansısa “ağıllı”nın dövriyyəyə buraxdığı fikir var ki, onsuz da qəzetlər nə yazır yazsın, xeyri yoxdur, hakimiyyətin də vecinə deyil. Və ən pisi odur ki, bunu mətbuatın zəifliyinin üstünə yıxırlar. Gəlin, səmimi fikirləşək, doğrudanmı hakimiyyətə yazılan tənqidlər vız gəlir? Dostlar, belədirsə bəs neyçün illərdir tənqidçi jurnalistlər bir ucdan döyülür, söyülür, bıçaqlanır, ölkədən qaçmağa məcbur edilir? Geniş oxucu kütləsinin xəbəri olmaya bilər, ancaq tənqidçi jurnalistlərin, qəzetlərin rejim tərəfindən milyonlar xərclənərək ələ alınması faktını kim inkar edəcək?
Mətbuat, eləcə də bütün tənqidçi mənbələr bütün avtoritar rejimlər kimi, bizimkiləri də bərk narahat edir. Bu tənqidlərə normal reaksiyanın verilməməsi isə medianın yox, hakimiyyətin problemidir. Lap tutaq ki, yazılanlar, edilən tənqidi çıxışlar hakimiyyətə kar eləmir, bəs bunun qarşılığında nə təklif olunur, bir bunu da desəydilər… Bəlkə, bütün qəzetlər şərqləşməli, beşyüziyirmibeşləşməlidirlər? Təsir etdi-etmədi, həqiqət deyilməli, yazılmalıdır.
Mən tanınmış hüquq müdafiəçisi Emin Hüseynovun “Şpigel”ə müsahibəsindəki bu fikrini başa düşməkdə çətinlik çəkirəm. O deyir: “Ölkədə prezidenti ”diktator” adlandıracaq qəzet yayımlanır. Bu, həmin qəzetin ciddi təhlükəylə üzləşəcəyi ehtimalını artırmır”.
Şəxsən mən bu fikri “Azadlıq” qəzetinin, onun fədakar kollektivinin əməyini yerə vurmaq kimi dəyərləndirirəm. Xoş olmasa da, bu sirr deyil, Ilham Əliyevə “diktator”, “şah”, “kral” deyəcək qəzet kimi, “Azadlıq” meydanda tək qalıb. “Azadlıq” bu üstünlüyü havayı qazanmayıb. Ilham Əliyevi öz adı ilə çağırdığına görə qəzetin baş redaktoru, əməkdaşı şərlənərək həbsə düşüb, bıçaqlananı, ölümcül döyüləni olub, qəzet şəhərin mərkəzindəki saray kimi ofisini itirib.
Ilham Əliyevə “diktator” deməyin risksiz olduğu düşünənlərə bir daha “WikiLeaks”i oxumağı məsləhət görürəm. Orada Ilham müəllimin üç mövzuda əsəbiləşdiyi açıq yazılmışdı:
Bir: onu diktatora bənzədəndə;
Iki: Bayraq Meydanından yazılanda;
Üç: Ailəsi barədə məqalələrdən.
Media mövzusunu bir faktla davam etdirək və köşəni tamamlayaq.
“Xalq qəzeti” və jurnalistlər Elçibəydən niyə narazı olub?
Dünən əlimə 1992-ci ilin 10 sentyabr tarixli “Xalq qəzeti” düşdü. “Xalq” o vaxt da rəsmi dövlət qəzeti, prezident isə Əbülfəz Elçibəy idi. Qəzetin ikinci baş yazısının adı beləydi: “Jurnalistlər narazı qaldılar”.
Məqalə büsbütün Əbülfəz Elçibəyin tənqidinə həsr olunub. Necə günlərimiz olub, dostlar?.. Bu cür faktlar Azərbaycanda tədrici demokratikləşmə olması barədə deyilənlərə məni güldürüb. Tədrici, təkamül yolu ilə demokratikləşiriksə, o zaman indi biz “Xalq qəzeti”ndə Ilham Əliyevin karikaturalarını, onu yerdən yerə vuran daha sərt məqalələr oxumalıydıq. Bu cəhənnəmə, heç olmasa, Ilham müəllimin hər gün fotolarını rəsmi dövlət manşetlərində görməməliydik…