Monumental heykəltəraşlıq
Qafqaz Albaniyasının incəsənətini əhatə edən əsas sahələrdən biri də monumental heykəltaraşlıqdır. Monumental heykəltəraşlıq Qafqaz Albaniyası plastik sənətinin maraqlı növlərindən biri olub. Gil və tunc heykəlciklər, daş heykəllər və s. bu qrupa daxildir.
(III yazı)
Bu sahəni araşdıran tədqiqatçılar belə qənaətə gəliblər ki, başı və ətrafları olmayan gil heykəlciklər hər hansı hadisə və ya tədbirin uğurla başa çatması ilə əlaqədar keçirilən mərasimdən sonra məhv edilir və qəbirlərdə basdırılırdı. Çox güman ki, ecazkar varlıqların surətlərinin rəmzi olan bu sındırılmış heykəlciklər şər qüvvələrin bədnəzərlərini özlərinə cəlb etmək üçün məhv edilirdi.
Eramızdan əvvəl IV-III əsrlərdən başlayaraq Albaniyanın dekorativ-tətbiqi sənətində kiçik formalar plastikası, məişət sücetlərinə və mifoloci süjetlərə dair səhnələrin batıq xətlərlə təsvir edildiyi daş heykəllər xüsusi yer tutur. Alban incəsənətinin bu abidələri olduqca çoxdur: təkcə Ismayıllı rayonunun ərazisində, Mollaisaqlı-Hacıhatəmli yaylasında 60-dan artıq heykəlcik aşkara çıxarılmışdır. Bunlar Mingəçevir, Qəbələ və Şamaxı qazıntıları zamanı da tapılmışdır.
“Vikipedia”nın yazdığına görə, Albaniyanın kiçik gil heykəlyapma (koroplastika) sənəti arxaik formaları xeyli dərəcədə hifz edib saxlamış və o, Şərq incəsənəti üçün səciyyəvi olan üslubda yaradılmışdır. Çox ehtimal ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi sayılan Ana Ilahəsinin təsviri ilə bağlı olmuşdur. Albaniya koroplastikasının müəyyən hissəsi Azərbaycanın qədim əhalisinin etiqadlarını və təsəvvürlərini əks etdirən, qonşu ölkələrin incəsənəti ilə ümumi cəhətləri olan zoomorf təsvirlərlə təmsil edilmişdir. Arxaik cizgiləri saxlayan terrakot heykəlciklər antik dövrdə Ön Asiya və Yaxın Şərq incəsənətinin lokal məktəblərindən birini təmsil edir.
Albaniyanın monumental heykəltəraşlığı arxeoloji tədqiqatların gedişində əsasən Şirvanda və Qarabağda üzə çıxarılmış antropomorf daş heykəllərlə təmsil olunmuşdur. Onların böyük bir qismi əhəngdaşından hazırlanmışdır və adamı boyaboy və ya hətta daha iri ölçüdə təqdim edir. Heykəllərin başları bir qayda olaraq qopuqdur. Sağ əl sol döşə, sol əl qarın üstünə və ya sağ əldən aşağıya qoyulmuşdur. Şamaxı rayonunun Çıraqlı kəndində tapılmış daş heykəllər qrupunda üzün cizgiləri (gözlər, burun, qulaqlar) aydın təsvir olunmuş, sakitlik, müdriklik, mərdlik kimi xassələrin realistcəsinə ifadə edilməsinə cəhd göstərilmişdir. Daş heykəllər əsasən yerli bütpərəst əhalinin səcdə etdiyi kişi bütləri idi. Bu ənənə antik dövrdən ta ilk orta əsrlərə qədər yaşamışdır.
Maraqlı rəsmlər təsvir olunmuş qablar
Qeyd edək ki, daşdan yalnız monumental heykəllər deyil, həm də üzərində müxtəlif təsvirlər həkk edilən kiçik fiqurlar da yonulurdu. Alban tətbiqi sənətinin maraqlı nümunələrindən olan, ağ əhəngdaşından hazırlanan, qədəhə oxşayan zəngşəkilli bir qab Şamaxıda tapılmışdır. Qabın içi boş olan gövdəsi bayır tərəfdən çökək ornamentlə örtülmüş, çəpəki və sınıq xətlərlə haşiyələnmiş kompozisiyanın mərkəzində isə bir- birinin dalınca sıra ilə gedən beş heyvan – təkə, donuz, bəbir və aydın nəzərə çarpan iki maral fiquru yerləşdirilmişdir. Qədəhin yuxarısı üç qabarıq başcıqla – kişi, qadın və it başcıqları ilə qurtarır. Ismayıllı rayonu ərazisində Uzunboylar məskənində də üzərində zoomorf təsvirlər olan daş piyalə tapılmışdır. Həm də buradakı maral təsvirləri, ornament motivləri qədim Şamaxıda tapılmış qədəhdə olan maral təsvirlərinə və ornament motivlərinə bənzəyir. Haqqında danışılan qabların hər ikisi eyni məktəbin məhsulu olub mədəniyyət dairəsinə mənsubdur. Demək lazımdır ki, plastik materialda, torevtika əsərlərində, qliptikada çoxsaylı maral təsvirlərinin motivi məhz alban dekorativ tətbiqi sənəti üçün səciyyəvidir.
Dulusçuluq da Alban incəsənətinin geniş yayılmış növlərindən biri olub. Ən qədim alban dulusçuluq nümunələri çoxrəngliliyi və mürəkkəb naxış-bəzək sistemi ilə seçilir. Qədim yerli ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrasa da, Albaniya bədii keramikasının istehsalında özünü xüsusilə parlaq şəkildə büruzə verən dekorativ-tətbiqi sənət daha da inkişaf etmişdir. Məhz antik dövrdə alban keramikasının böyük bir hissəsinin əllə hazırlanmasına, dulus çarxının tamamilə istifadədən baxmayaraq, keramika öz formalarının simmetrikliyi və zərifliyi ilə fərqlənir. Keramikanın xüsusilə maraqlı tiplərindən biri də süddanların hazırlanması olub. Bunlar yumru gövdəli, birqulplu, azacıq yuxarı qalxmış uzunsov novçalı qablardır, novçanın başlandığı yerdə adətən çox vaxt “süzgəc” düzəldilirdi. Süddanlar bişirilməmişdən qabaq ağımtıl və ya qırmızımtıl şirə ilə örtülürdü.
Kürədə bişirilən məşhur birayaqlı və üçayaqlı qırmızı və qara vazalar kimi, təsvir edilən qabların da yerli xalq ənənəsində dərin kökləri vardır və bu ənənənin ünsürləri hellinizm dövrünün alban incəsənəti üçün xüsusilə səciyyəvidir. Qabların boğazı və qulpu bir çox hallarda batıq və ya çökək ornamentlə, gövdəsi isə simmetrik şəkildə yerləşdirilən yapışdırma düyməvari naxışlarla bəzədilirdi. Səciyyəvi novçanın hər iki tərəfinə vurulan bu cür yapışdırma naxışlar həmin qablara zoomorf görkəm verir.
Bədii keramika məhsulları
“Vikipedia”da yazılır ki, eramızdan əvvəl IV-III əsrlərdə geniş yayılmış olan bədii keramikaya əməli əhəmiyyətini də saxlayan ən müxtəlif zoomorf və antropomorf qablar daxildir. Ümumiyyətlə, mücərrəd ornamentlə bəzədilmiş qablara xüsusi düzəlmiş qulpların, qapaqların və digər lazımlı ünsürlərin köməyi ilə zoomorf və ya antropomorf görkəm verilir. Bir çox saxsı qablarda heyvanların, quşların, insanın yapışdırma və basma ornamentlə, boya ilə yaradılmış sxematik təsvirləri vardır ki, bunlar alban incəsənəti haqqında müəyyən təsəvvür yaradır. Bununla əlaqədar olaraq Ismayıllı rayonunun Hacıhatəmli yaşayış yerindən tapılmış dabanlı oturacağı olan boz rəngli vazanı xüsusilə qeyd etmək lazımdır; Gövdəsi yapışdırma naxışla bəzədilmiş qabın kiçik şaquli qulpları vardır, ağzı dəyirmidir. Şaquli qulpların hər iki tərəfinə çiçək şəklində kiçik naxışlar yapışdırılmışdır; qulpun dibində də buna bənzər yapışdırma naxış vardır. Yapışdırma naxışların köməyi ilə qaşlar, gözlər, qulaqlar və üzün hər iki tərəfindən sallanan iki hörük, batıq cızıqların köməyi ilə kirpiklər bildirilmişdir. Qadın çöhrəsinin zəngin təxəyyülü naməlum usta tərəfindən məharətlə yaradılmış təsviri əsrləri arxada qoyaraq bizə gəlib çatmışdır. Buna oxşar antropomorf saxsı qablar qədim Şamaxı qazıntılarından məlumdur. Qabın gövdəsinin yuxarı hissəsi adam başı formasındadır; qulaqlar, burun, gözlər və bel realist görkəmdə verilmişdir. Təsvir edilmiş keramikaya bənzəyən, maral, keçi, öküz, xoruz, göyərçin, tısbağa və s. formasında hazırlanan, realist alban incəsənəti üçün səciyyəvi olan antropomorf saxsı qab Türkiyə ərazisində olan heç abidələrindən də məlumdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir