Şimali Koreya son onilliklər ərzində ən mühüm siyasi yığıncağını keçirir. Fəhlə Partiyasının qurultayına qatılan minlərlə nümayəndənin dəstəyi Kim Jong-un hakimiyyətini daha da möhkəmləndirəcək.
Güman edilir ki, Kim Jong-un Şimali Koreyanın yeni nüvə ambisiyalarından danışacaq. Pxenyan hərbi qüdrətinin təsdiqi kimi beşinçi nüvə sınağını keçirəcəyi deyilir.
Kim Jong-un özü artıq tədbirə qatılıb. Qurultayın keçirildiyi saray mühafizəçilərin əhatəsindədir, Şimali Koreya paytaxtından BBC müxbiri Stephen Evans xəbər verir.
Pxenyan boyu Fəhlə Partiyasının al bayraqlarını görmək olar.
Şəhərdə “Böyük yoldaş Kim Il-sung və Kim Jong-il həmişə bizimlədir!” deyən şüarlar asılıb. Plakatlardan birində deyilir: “Koreya İnqilabının nailiyyətlərini qanımız bahasına qoruyacağıq!”
Bir çox yerdə Kim Il-sung və Kim Jong-il-in nəhəng şəkillərini görmək olar.
Mühüm siyasi tədbir Şimali Koreya Fəhlə Partiyasının sayca 7-ci və 1980-ci illərdən bəri keçirilən ilk qurultayıdır.
Qurultay bağlı qapılar arxasında keçir. Qurultayın işini işıqlandırmaq üçün ölkəyə 100-ə yaxın xarici jurnalist dəvət olunmuşdu, lakin onları sarayın işərisinə buraxmayıblar.
BBC müxbirlərinin xəbər verdiyinə görə, xarici mətbuat nümayəndələrinə daimə nəzarət edilir.
Kim Jong-un dövlətə rəhbərlik etməyə atası vəfat edəndən sonra başlayıb.
O zaman Kim Jong-un 20 yaş həddini təzəcə addamışdı. (BBC azeri)