Mətbuat azadlığına görə 162-ci yerdəyik
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 20-də Dünya Mətbuat Azadlığı Indeksini yayıb. Dünyada mətbuat azadlığına görə ilk yerləri Finlandiya, Niderland, Norveç, Danimarka və Yeni Zelandiya tutur. Son yerlərdə isə Çin, Suriya, Türkmənistan, Şimali Koreya və Eritrea qərarlaşıb. Azərbaycan 180 ölkə arasında 163-cü yerdə qərarlaşıb. Rusiya 148, Ermənistan 74, Gürcüstan 64-cü yerləri tutub.
Bu araşdırma müəyyən kriteriyalar üzrə aparılıb və bütün ölkələr üzrə azadlıq indeksi müəyyənləşdirilib. Yəni bu nəticələrə görə “bizə qarşı qərəz var”, “bizə ikli standartlardan yanaşıblar” kimi çürük arqumentlər səsləndirmək mümkün deyil. Fakt budur ki, mövcud hakimiyyətin avtoritar idarəetməsi sayəsində ölkəmiz 180 ölkə arasında 162-ci yeri tutur. Hətta Qonşu Gürcüstan və Ermənistan da bizi xeyli qabaqlayır.
Azərbaycan hakimiyyətinin bu illər ərzində ölkəyə verdiyi “töhfə”lər bundan ibarətdir. Korrupsiyada, qeyri-şəffaf seçkidə, kriminal halların sayında öndəyik. Amma təhsildən, səhiyyədən, hüquq sistemindən, iqtisadi, siyasi, mətbuat sahəsində azadlıqlardan söhbət gedəndə sonuncu yerlərdəyik.
Fakt budur ki, ölkədə müstəqil mətbuat barmaqla sayıla biləcək qədər də deyil. Müstəqil və tənqidçi jurnalistlər həbs olunur. 1-2 müstəqil mətbuat qalıb ki, onları da müxtəlif yollarla sıradan çıxarırlar. Birinin ofisi bağlanır, birinə icarəyə ofis vermirlər, birinin yayımına maneə yaradılır və s.
Mətbuata qayğıdan söhbət düşən kimi KIVDF-ni gözümüzə soxurlar. Amma bu qurum da sifarişə uyğun olaraq maliyyə paylayır. Bəli, bu fonddan maliyyə almaq üçün gərək müstəqilliyini itirəsən, eybəcərliklərə əl çalasan. Məsələn, “Azadlıq” qəzeti də bir müddət KIVDF-dən maliyyə aldı. Amma bu maliyyənin qarşılığında qəzet müstəqilliyini itirmədi, hökumətin yarıtmaz siyasətini kəskin tənqid etdi. Ona görə də KIVDF “Azadlıq”a yardımı dayandırdı.
Bir ölkədə ki 80-dən artıq siyasi məhbus var, bir ölkədə ki, seçkilər kobud şəkildə saxtalaşdırılır, bir ölkədə ki, bütün sahələr 5-10 məmurun əlində cəmləşib, həmin ölkədə söz azadlığından danışmaq absurddur. Hətta mətbuat sahəsi də məmurların monopoliyasındadır. Hər məmur özünə bir mediaholdinq yaradıb və bu media nümunələri ölkə həqiqətlərini gizlətməyə, yalançı inkişaf nağılları tirajlamağa xidmət edir.
Nəticə budur ki, bütün reytinqlərdə utandırıcı yerləri zəbt etmişik. YAP hakimiyyəti Azərbaycanın adını israrla ən pis yerlərə daşımaqdadır. 21-ci əsrdə ətrafımızda elm və texnologiyanın inkişafı, demokratiyanın təntənəsi baş verir. Biz isə azadlıq indeksinə görə quyunun dibindəyik.
Samir