Market rəhbərlərinin nazirə müraciəti vergi yoxlamaları ilə nəticələndi
Iki gün öncə “Rahat”, “Bizim”, “Fresko”, “Səbət”, “Makromart”, “Araz”, “Neptun”, “Bolmart”, “Favorit” kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziriÿŞahin Mustafayevə müraciət etmişdilər. Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildirmişdilər. Biz də ötən sayımızda bu məsələyə toxunmuşduq və yarıtmaz idarəçiliyin sadə vətəndaşdan tutmuş, iri sahibkara qədər bütün təbəqələri sıradan çıxardığını yazmışdıq.
Bəs, bir gün sonra nə baş verdi? Hökumət “ənənə”ni davam etdirdi. Xəbər tutduq ki, AzərbaycanÿVergilər Nazirliyiÿ “Neptun” və “Grand” ÿmarketlər şəbəkələrində yoxlamalara başlayıb. Bəli, bu ölkədə həmişə etirazlar bu formada söndürülür. Tənqidçi jurnalist şərlənərək həbs olunur, prinsipial siyasətçi şər-böhtana məruz qalır, müstəqil qəzet sıradan çıxarılır və s. Yəni haqqını tələb edən, real vəziyyətdən narazılığını bildirən adamlar cəzalandırılıb. Hakimiyyət bütün problemləri problemlə üzləşənləri susdurmaqla həll edir.
Indi də digər iri sahibkarları susdurmaq, onların etirazına son qoymaq üçün yoxlamalarla “göz dağı” verirlər. Dünənə qədər niyə bu marketlərdə yoxlama aparılmırdı? Çünki, dünənə qədər mareket sahibləri maneələr qarşısında susurdular, devalvasiyadan sonra yaranmış böhranlı vəziyyəti birtəhər idarə edirdilər.
Hökumət növbəti dəfə “od”la oynayır. Ölkənin belə ağır vəziyyətində, iqtisadi göstəricilərin sürətlə aşağı düşdüyü bir reallıqda sahibkarlara qayğı göstərmək, onların problemlərinin həlliylə məşğul olmaq lazımdır. Bu həm də digər iş adamları üçün stimul olar, hökumətin həqiqətən də islahatlara başladığının, anti-böhran tədbirləri gördüyünün göstəricisi kimi qiymətləndirilər. Amma bir daha şahid olduq ki, hökumət qətiyyən dəyişməyib və “parçala, hökm sür” siysətinə davam edir. Narazı market sahiblərini yoxlamalarla qorxutmaq acınacaqlı vəziyyəti daha da dərinləşdirməkdi, sahibkarlıq mühitini daha da boğmaqdı. Buna görə heç bir sahibkar ölkəyə sərmayə qoymaz, vergi ödəyicisinə çevrilməz. Məhz bu basqıların nəticəsidir ki, azərbaycanlı iş adamları Gürcüstanda, Türkiyədə şirkətlər qururlar, ölkədən qaçırlar.
Axı, bu adamların siyasi iddiası yoxdur, azad seçki tələb etmirlər, neft pullarını istəmirlər, müxalifətçi deyillər. Sadəcə üzləşdikləri problemlərin həllini istəyirlər. Amma hökumət üçün heç bir fərqi yoxdur. Ədalətsizliyin hökmran olduğu ölkədə istənilən tələb süngü ilə qarşılanır.
Bu mənzərə hər kəsə dərs olmalıdır. Sahibkar da, həkim də, müəllim də, fəhlə də dərk etməlidir ki, anti-demokratik bir ölkədə heç kim sığortalanmayıb. Haqsızlıq, zorakılıq, hüquqsuzluq hamını mütləq tapacaq. “Mən siyasətə qarışmıram”, “hökumətlə hökumətlik etmək olmaz”, “bunlar yeyib doyublar” düşüncəsi ölkəni uçuruma aparır. Haqqını tələb etməsən də, talançılığa etiraz etməsən də avtoritarizmin kəndirləri boynuna keçəcək. Bütün problemlərin həlli normal hakimiyyətin olmasından keçir. Uzun illərdi bir qrup insan bütöv bir xalqın hüquqları uğrunda döyüşür, məhrumiyyətlərlə üzləşir. Amma mütləq qalibiyyəti əldə etmək üçün xalq öz taleyinə biganə qalmamalıdır, qanunların şah olduğu bir ölkədə yaşamaq üçün mübarizə aparmalıdır.
Normal ölkədə problemlə üzləşən sahibkarın marketində “çp” axtarmırlar, yaranmış “çp”ni aradan qaldırmağın yollarını axtarırlar.
Ilham