(30 may Sabir poeziya günlərinə az qalıb)
Gülabbas
Belə nəql edirlər ki, ayə, Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasının (bəlkə də faciəsinin – G) anti-qəhrəmanı Şeyx Nəsrullah zühur edib və o an fikirləşmədən onu məsxərəyə qoyan Mirzə Cəlili, bir də böyük yazıçıya qəlbən daha yaxın olan Mirzə Ələkbər Sabiri dirildib.
Lap elə şairin “Iki həpənd” şeirində olduğu kimi iki dost küçədə rastlaşıblar, salamlaşıblar.
Sabir:
– Ay Mirzə,xoş gördük. Gör nə vaxtdır görüşmürük. Indi millətimiz “Molla Nəsrəddin” jurnalının 110 illiyini bayram edir. Hətta bir qəzet var e, adı “Azadlıq”dır, sənin 100ÿ il bundan əqdəm yazdığın felyetonları ara-bir dərc edir.
Mirzə Cəlil:
– Hə Mirzə, görünür, sən demiş bəzi yatmışları oyatmaq istəyirlər. Olsun, nə deyirəm ki!..
Sabir:
– Qədirbilənlərimiz həmişə olub, olacaq da…
Mirzə Cəlil:
-Doğru buyurursan. Elə götürək sənin yüz illik yubileyini.Dünyanın hər yerindən yazıçılar, şairlər, alimlər axışıb Şamaxıya gəldilər. Müxtəlif tədbirlər, şeir gecələri, konfranslar, elmi sessiyalar keçirildi. 1962-ci ildə Azərbaycanın rəhbəri Vəli Axundov qərara aldı ki, Sabir dünyada tayı-bərabəri olmayan dahi satirik şairdir. Onu dünyaya tanıtmaq borcumuzdur. Ona görə də hər il mayın 30-da Şamaxıda, mayın 31-i Bakıda şairin abidəsi önündə Sabir poeziya günləri keçirilsin. Keçirildi də…
Sabir:
-Həm də necə? Hətta həmin günlər poeziya bayramına çevrildi. Respublikanın ali rəhbər orqanlarından bu bayrama Şamaxıya gəlirdilər. Şeirlərimə mahnı bəstələnirdi, teatr səhnələri qurulurdu.
Mirzə Cəlil:
-Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Sadıq sənin ömrünə həsr olunmuş “Ağlayan,güləyən şair”, “Sabir”, “Şairin bir günü” poemalarını yazdılar…
Sabir:
-Poeziya bayram günlərinin keçirilməsi üçün yaradılan komissiya- Rəsul Rza və Abbas Zamanov başda olmaqla, onlardan sonra Qabil ölənə qədər çox iş gördülər.
Mirzə Cəlil:
– Onların əməyi sənin “Bənzərəm bir qocaman dağa ki, dəryada durar” deyimini bir daha təsdiqlədi. Heyif ki,onlar öləndən sonra poeziya bayramı adiləşdi, sadələşdi, adi xatirə gününə çevrildi. Çoxlarını yenə yuxu basdı. Hətta ölkə prezidentinin “Sabirin anadan olmasının 150 illiyinin keçirilməsi haqqında” 2012-ci ildə verdiyi sərəncamdan sonra da əməlli-başlı ayıla bilmədilər.
Sabir:
– Ona görə də Şamaxıda məzəli-məzəli söhbətlər, lətifələr meydana gəldi.
Mirzə Cəlil:
– Hə,mən də eşitmişəm.Danışırlar ki, Şamaxının o vaxtki başçısı şəhərin küçələrini söküb-dağıdıbmış ki, şəhəri yenidən quracam. Yağış,qar yağanda şəhərdə yerimək belə çətin imiş. Bu yandan da yubiley xəbəri. Hardansa sənin “Əcnəbilər seyrə balonlarla çıxır” misran yadına düşür. Odur ki, eləmir tənbəllik, yubileyindən bir gün qabaq Parisə yola düşür ki, gedib “balon” alıb gətirsin.
– Ay Mirzə,bəyəm indi,”balon” vaxtıdır. Bakıdan Parisə təyyarə ilə 5-6 saatlıq yoldur. Heç olmasa alıb-gətirir?!
– Məzən olsun, Sabir. Şamaxılıların düzəltməsidir də! Sənin yubiley tədbirində iştirak etməyi lazım bilmədiyi üçün düzüb qoşublar. Sənin nəvələrindi də!
– Deyirəm bəlkə ona görə rayonun söhbət gedən başçısına deyiblər ki, Şamaxı sənin yerin deyil, get özünə başqa iş tap!
Mirzə Cəlil:
-Bəlkə də!..
Sabir:
-Mirzə, söhbətimiz deyəsən çox uzandı ey!
– Doğru buyurursan, Mirzə! Amma bir istəyim var: mayın 30-u yaxınlaşır. Bəlkə gedək, məzarına ziyarət eləyək. Bu da bir tarix olar ki, insan öz məzarına ziyarət edir.
-Yox, Mirzə, məsləhət deyil. Bilirsən də bu yaz yağışlı olub. “Yeddi gümbəz”in yolu bir hala düşüb ki!.. Biz getsək gərək rayonun başçısı Asif Ağayev bizi müşaiyət eləsin! Bu bir qaydadır. Yolu görüb utandırarıq onu! Bilirsən da, ölüm ayağında məndən soruşdular: “Sabir, xalqın dərdindən yaza-yaza ciyərin parçalandı. Bir də Allah sənə yenidən ömür versə, necə yaşayarsan?” Cavab verdim ki,əgər lazım olsa qəlbimi də verərdim. Odur ki, Asifin qəlbinə dəyməyə qıymıram!
Mirzə Cəlil:
– Ayə, icazə ver, burda mən səninlə razılaşmayım. 300 metrlik yolun çəkilməsi rayonun rəhbəri üçün nə böyük işdir ki? Deyirlər Asif görüb-götürmüş adamdır. Yəqin Gəncədə, Naxçıvanda olub. Nizaminin, Hüseyn Cavidin məbədləri, məbədətrafın necə abadlığa, yaşıllığa büründüyünü görüb. Sən demişkən “Baxsın özündən böyük məmur qardaşına”.
Sabir:
– Bəlkə pulu yoxdur. Mən əbəs deməmişəm ki, “Pulsuz kişi, insanlığı asanmı sanırsan?!”
-Mən biləni “Yeddi gümbəz” hökümətin qərarı ilə tarixi maddi-mədəniyyət abidəsi kimi dəyərləndirilib. Odur ki, Asif Ağayev Mədəniyyət və turizm naziri ilə əlbir olub hökümətdən pul istəsin. Məncə, hər il yüzlərlə turistin baş çəkdiyi üç yüz metrlik yolun təmirinə pul ayırmağa yox deməzlər.
Başqa bir çıxış yolu da var.
Sabir:
-Mirzə, o hansı yoldur?
Mirzə Cəlil:
– Sabir, yəqin ulu babamız haqqında çəkilən çox möhtəşəm “Nəsimi” kinosuna baxmısan. Orada belə bir səhnə var: Şirvanşah Ibrahim ölkəni fəlakətdən xilas etmək üçün qüdrətli Teymurləngə hədiyyə hazırlamağı xəzinədara tapşırır. Xəzinədar cavab verir ki, şah sağ olsun, xəzinə bom-boşdur. Xalq arasında nüfuzun böyükdür, bəlkə kömək üçün xalqa müraciət edək.
Edirlər və xalq da, necə deyərlər “qulpun”dan nə çıxır, gətirib verir və şah hədiyyə ilə hökmdarın yanına yollanır və Şirvanı xilas edir.
Sabir:
-Mirzə, deyirsən,rayonun rəhbəri bu qısa yolun təmiri üçün xalqdan ianə yığsın?!
Mirzə Cəlil:
– Nə olar! Məgər “Yeddi gümbəz”də yatanlar Şamaxılıların əzizləri deyil?!
Sabir:
– Mirzə, deyəsən çox dərinə getdik. Qorxuram Şamaxılılar oyansın.
Mirzə Cəlil:
– Deyirsən oyanarlar?! Təki elə olsun!!!