Mühacirətdə yaşayan həmyerlimiz, hüquqşünas Ataxan Abilov Facebook səhifəsində hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı başlatdığı çirkin kampaniyadan yazıb:
“Əli Kərimlinin yaşadığı binanın qabağında son günlər ard-arda avtoritar rejim tərəfindən təşkil edilən aksiyalardan video görüntüləri izlədim. Dostlara belə kadrları yaymamağı məsləhət görərdim. Çox utancverici bir mənzərədir. Söhbət heç Əli Kərimlidən də getmir. Bu ən adi elementar dəyərlərə daban-dabana zidd, vicdana və əxlaqa sığmayan, cəmiyyətimizə, dövlətimizə, bütövlükdə Azərbaycana qarşı olan aksiyadır. O gənclərin Azərbaycan vətəndaşı olmasına utandım. Orada iştirak edən qadınlara görə üzüldüm. Bu gün həmən aksiyalara dünya baxır və bir toplum olaraq bizə gülür. Belə aksiyaların normal cəmiyyətlərdə baş verməsi mümkün deyil. Özü də 5 gün dalbadal bunca əxlaqsızlığa çox rahatlıqla yol verilir. Əgər ilk gün cəmiyyətin sərt təpgisi olsaydı, növbəti günlərdə onu təkrarlamağa kimsə cürət edə bilməzdi. Məncə, cəmiyyətimiz bunca immunitetini itirməli deyil.
Bəli, bu gün Azərbaycanın cəmiyyətinin aksiyalara ehtiyacı var. Amma tamam başqa məzmunda, başqa formada və başqa tələblərlə…”