AXCP sədrinin yaşadığı binanın önündə təşkil edilən aksiyaların sadə vətəndaşların etirazı olması barədə rəy yaratmaq mümkün olmadı
Hakimiyyət AXCP sədri Əli Kərimliyə qarşı apardığı kampaniyanı cəmiyyətin təpkisi kimi qələmə verməyə çalışsa da, nəticəsi olmadı. Çünki cəmiyyət Əli Kərimlinin Qarabağ mövzusunda milli maraqlara zidd hər hansı fikir səsləndirmədiyini gözəl bilirdi. Indi internet əsridir, informasiyanın yayılması an məsələsidir. Əli Kərimli isə bütün fikirlərini 180 minə yaxın üzv olduğu “Facebook” səhifəsində yazır. Hakimiyyət isə informasiya əsrində onun demədiyi fikirlərdə ittiham edərək yaşadığı binanın qarşısında aksiyalar düzənlədi. Nəticə ağır oldu. Cəmiyyət bu biabırçılığı lənətlədi.
Dünən YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədovun “Azərbaycan” qəzetinə verdiyi müsahibəsilə isə bir daha aydın olduğu ki, aksiyaların arxasında məhz hakimiyyət dayanır. Əli Əhmədov deyir: “Bir neçə gün əvvəl vətənpərvər gənclər Əli Kərimlinin evinin qarşısında onun xəyanətə bərabər olan hərəkətlərinə etiraz əlaməti olaraq piketlər keçiriblər. Mən bunu təsadüfi saymıram. Gənclərimizin ordumuzun əldə etdiyi nailiyyətlərə sevindiyi bir halda Azərbaycan Ordusunun döyüş qabiliyyətinin üzərinə kölgə salmaq cəhdləri, əlbəttə ki, onların qəzəbinə tuş gəlməli idi. Heç bir gənc bununla razılaşa bilməzdi və etiraz etmələri tamamilə təbiidir. Amma görünür biz daha ciddi şəkildə düşünməliyik ki, Azərbaycanda ölkəmizin maraqlarından fərqli maraqlara xidmət edən siyasi təşkilatların fəaliyyət göstərməsi üçün imkanlar mövcud olmasın.
YAP həmişə demokratik dəyərlərə malik olması ilə seçilib. Bu gün də bizim üçün demokratik dəyərlər ən başlıca fəaliyyət normasıdır. Amma demokratiya və milli maraqlara zidd mövqe tutmaq bir-birindən fərqli anlayışlardır. Azərbaycanın milli maraqlarının əksinə gedənlər ölkəmizdə siyasi təşkilat və partiya kimi fəaliyyət göstərə bilməzlər! Hesab edirəm ki, biz bundan müvafiq nəticələr çıxarmalıyıq”.
Əli Əhmədovun diqqətinə çatdırırıq ki, Azərbaycan ordusunun uğurlu əməliyyatlarına ilk dəstək verən siyasilərdən biri Əli Kərimli olub. O, hakimiyyətə ermənilərin törətdiyi təxribatı fürsətə çevirib Qarabağı işğaldan azad etməyə çağırıb. Həmçinin bəyan edib ki, müxalifət birmənalı olaraq bu məsələyə dəstək verir. Lakin göründyü kimi Əli Əhmədov yüz minlərlə insanın gördüyü həmin statusu təhrif etməyə çalışır.
Bir məqamı da qeyd edək. Milli Məclisin dünənki iclasında Oqtay Əsədov belə bir fikir səsləndirib: “Biz Ermənistanla müharibə aparmamışıq, müharibə aparsaydıq, bir həftədə xeyli irəliləyərdik”. Biz də hesab edirik ki, Azərbaycan Ordusu hərbi əməliyyatları davam etdirsəydi, xeyli irəliləyərdik. Buna şübhəmiz yoxdur. Amma cənab Oqtay Əsədov buyurub izah eləsin ki, niyə ordumuzun belə bir imkanı olduğu halda Azərbaycan hakimiyyəti atəşkəs imzaladı?