Beş ildir vətəndaş müharibəsinin getdiyi Suriyada dünən parlament seçkiləri keçirilib. Ölkənin 15 əyalətindən 13-də seçki məntəqələri qurulub. Müxaliflərin nəzarətində olan ərazilərdə seçkiyə qatılan olmayıb. Eləcə də Suriyadan didərgin düşən 5 milyon insan avtomatik olaraq seçki prosesindən kənarda qalıb.
Qərb ekspertlərinin fikrincə, seçkinin qalibi hakim partiya olacaq: “Suriya lideri Bəşər Əsədə gəlincə, onun niyyəti bu seçki ilə hakimiyyətini möhkəmləndirmək, özünə əlavə legitimlik qazanmaqdır. Əsəd həmçinin dünyaya göstərməyə çalışır ki, Suriyada azad seçki keçirmək üçün şərait var və əhali sərbəst şəkildə parlamentin tərkibini müəyyənləşdirmək iqtidarındadır”.
ABŞ və BMT seçkilərin nəticələrini tanımayacağını bəyan edib. Suriya müxalifəti də seçkinin qeyri-demokratik olduğunu bildirərək onu boykot etməyə çağırıb.
Bu arada, Suriya böhranının həlli üçün keçirilən və siyasi keçid prosesinin hədəf alındığı Cenevrə danışıqlarının yeni mərhələsi başlayıb.
BMT-nin Cenevrə ofisində keçirilən danışıqların ilk günündə təşkilatın Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura suriyalı müxaliflərin yaratdığı Müzakirə Yüksək Komitəsi heyətiylə bir araya gəlib. Mətbuata bağlı keçirilən görüş iki saat davam edib.
Suriya hökumətinin təmsilçiləri müzakirələrə bu gün qatılacaq. Onlar ölkədə keçirilən parlament seçkilərinə görə, görüşə bir gün gecikməli olurlar.
Danışıqların bu turunda siyasi keçid prosesi və digər mühüm məsələlərə toxunulacaq. Bunu BMT nümayəndəsi Mistura da bir müddət əvvəl Tehranda iranlı rəsmilərlə keçirdiyi görüşdə demişdi: “Cenevrə danışıqlarının növbəti mərhələsi son dərəcə əhəmiyyətlidir. Çünki danışıqlar əsasən siyasi keçid, rəhbərlik və konstitusiya prinsiplərinə həsr olunacaq”.