Qırğızıstan parlamentinin dünənki iclasında Sooronbay Ceenbekov ölkənin yeni baş naziri seçilib. Deputatların əksəriyyəti onun namizədliyinin lehinə səs veriblər.
58 yaşlı S.Ceenbekov 1996-cı ildən üç çağırış parlamentin deputatı olub. Sonrakı illərdə o, Oş vilayətinin qubernatoru işləyib. Baş nazir seçilənə qədər isə Qırğızıstan Prezidenti Aparatı rəhbərinin birinci müavini vəzifəsində çalışıb.
Qırğızıstan prezidenti mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı Almazbek Atambayev Sooronbay Ceenbekovun baş nazir təyin olunması ilə bağlı fərman imzalayıb.
Prezidentin imzaladığı digər fərmanlar isə baş nazirin birinci müavini və müavinlərinin, hökumət üzvlərinin təyin edilməsi ilə bağlıdır.
Yeni baş nazir Ceenbekovun təqdimatına əsasən ölkə parlamentinin plenar iclasında hökumətin yeni tərkibi təsdiq olunub. Parlament Muxammetkalıy Abulqazievi baş nazirin birinci müavini, Oleq Pankratovu və Qulmira Kudayberdievanı müavinləri təsdiq edib.
Yeni kabinetdə Erlan Abdıldaev xarici işlər, Adılbek Kasımaliev maliyyə, Melis Turqanbaev daxili işlər, Arzıbek Kocoşev iqtisadiyyat və sənaye, Zamirbek Aydarov nəqliyyat və kommunikasiyalar, Cıldız Mambetalieva ədliyyə, Kubatbek Boronov fövqəladə hallar, Kudayberqen Bazarbaev sosial inkişaf, Eıvira Sarıeva təhsil və elm, Turdunazir Bekbaev kənd təsərrüfatı və meliorasiya, Talantbek Batıraliev səhiyyə, Altınbek Maksutov mədəniyyət, informasiya və turizm, Akılbek Osmonaliev Hökumət Aparatının rəhbəri vəzifələrini tutublar.
Abdil Seqizbaev Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri, Marat Kencesariev isə müdafiə məsələləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrini yerinə yetirəcəklər.