Bir ildir davam edən münaqişənin ardından aprelin 11-də Yəməndə atəşkəsin qüvvəyə mindiyi elan olunub. Gələn həftə isə Küveytdə Yəmənə dair sülh danışıqları keçiriləcək. “BBC News” Yəmənlə bağlı bilinməsi vacib olan beş fakta nəzər salıb.
Bunlardan birincisi odur ki, Yəmən ərəb dünyasının ən yoxsul ölkəsi sayılır. Ölkənin su və neft ehtiyatları tükənməkdədir. Münaqişə başlanandan bəri ölkənin infrastrukturu, iqtisadiyyatı acınacaqlı duruma düşüb. Yəməndə əhalinin 80 faizinin ərzaq yardımına ehtiyacı var.
Ikinci fakt odur ki, hökümət qüvvələrilə şiə üsyançıları (husilər) arasında hərbi münaqişədə azı 6 min adam həlak olub, 2,5 milyondan artıq adam daimi yaşayış yerlərindən didərgin düşüb.
Üçüncüsü, Yəmən ərazi baxmıdan bir neçə qüvvə arasında bölünüb – keçmiş prezidentə loyal olan husi üsyançıları, hazırkı prezidentə loyal olan qüvvələr, Körfəz ölkələrinin orduları və “Əl-Qaidə” ilə IŞID cihadçıları arasında.
Üsyançılar höküməti korrupsiyada və ölkəni parçalaya bilən federallıq sistemini yürütmək cəhdində ittiham edirlər.
Dördüncü fakt odur ki, husiləri – ölkənin şimalında mənzillənən şiə müsəlman üsyançılarını Yəmənin eks-prezidentinin tərəfdarları dəstəkləyir. Onlar paytaxt Səna da daxil olmaqla ölkənin bir hissəsinə nəzarət edərək 2015-ci ilin martında höküməti ölkədən xaric etməyə nail olublar.
Səudiyyə Ərəbistanı başda olmaqla 9 ölkənin qatıldığı koalisiya 2015-ci ilin mart ayından Ymənə hava zərbələri həyata keçirməyə başlayıb. Bu əməliyyatın məqsədi ölkə ərazisinin yarısına nəzarət edən husiləri məğlub etmək olub. Həmin koalisiyanın hərbi dəstəyi ilə cənubdakı silahlılar və hökümətə loyal qüvvələr ötən il ərzində 5 cənub vilayət üzərində nəzarəti ələ keçirə biliblər.
Nəhayət beşinci fakt belədir ki, bəziləri Yəməndə baş verənləri Yaxın Şərqdə iki əsas regional qüvvənin – sünni Səudiyyə Ərəbistanı və şiə Iranın kənardan idarə olunan savaşı sayır. Onların fikrincə, Yəmən müaqişəsinin kökündə sünni-şiə ədavəti durur. Və hər iki ölkə Yaxın Şərq regionunda təsir və nüfuz uğrunda mübarizə aparır.