Downing Street bildirib ki, “gələcəkdə Baş nazir vəzifəsinə iddiaçılar” onların vergi bəyannamələrinin açıqlanmasına hazır olmalıdırlar.
Bütün partiyalardan olan yüksək rütbəli fiqurlara artan təzyiq şəraitində, Baş nazirin ofisi – N10 Downing Street bildirib ki, Baş nazir vəzfəsinə iddiaçılar ictimaiyyət qarşısında şəffaflığa hazır olmalıdırlar.
Baş Nazir David Cameron parlamentdə edəcəyi çıxışında vergidən yayınmağa kömək edən şirkətlərin cəzalandırılmasını görmək istədiyini deməyə hazırlaşır.
Baş nazirin 2009-2015-ci il üçün vergi deklarasiyası və gəliri barədə məlumat bazar günü açıqlanıb.
Bununla Baş nazirin mərhum atasının ofşor fondunda sahib olduğu investisiyalar məsələsi ətrafında qızışan mübahisəni yatırmaq cəhdi göstərilib.
Həmin məsələ Panamanın Mossack Fonseca hüquq şirkətindən mətbuata sızmalar işıq üzü görəndən sonra ortaya çıxıb.
Cameron tərəfindən açıqlanmış vergi bəyannamələrinə əsasən, Baş nazir anasından 2011-ci ilin may ayında 200 min funt sterlinq məbləğdə pulu hədiyyə alıb, bir ildən sonra isə atasından ona £300,000 miras qalıb.
Downing Street qeyd edib ki, şəxsi vergi məlumatlarının açıqlanması deputatların və nazirlərin şəxsi işidir.
Lakin hökümət sözçüsü eyni zamanda bildirirb ki, Baş nazir və kölgə kabinetinin Baş naziri şəffaflıq nümunəsi göstərməlidirlər və bu qayda eləcə də “potensial Baş nazirlərə də” şamil olunmalıdır.
David Cameron Britaniyada növbəti seçkilərdə Baş nazir vəzifəsini tərk etməlidir, onun yerinə mümkün iddiaçılar arasında isə Maliyyə naziri George Osborne və London meri Boris Johnson-un adları çəkilir.
George Osborne yaxın günlərdə vergi bəyannaməsinə aid məlumatların açıqlanması imkanını nəzərdən keçirdiyini, Boris Johnson isə bunu etməyə hazır olduğunu bildiriblər. (BBC azeri)