Hər il 24 milyon insana epilepsiya diaqnozu qoyulur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda epilepsiya çox yayılıb.
Müxtəlif ölkələrdə hər 100 min nəfər əhali arasında 20-53 epilepsiyaya tutulma halına rast gəlinir. İnkişaf edən ölkələrdə bu göstərici 100-190 hadisə təşkil edir. Azərbaycanda isə bu göstərici 25-dən 83-ədəkdir. Hazırda dünyada 50 milyon, Azərbaycanda isə 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.
Bu barədə virtualaz.org saytına Səhiyyə Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, epilepsiya bədənin hər hansı bir hissəsində və ya bütün bədəndə qısamüddətli qeyri-iradi qıcolmalar, tutmalar şəklində meydana çıxan, beynin xroniki xəstəliyidir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstənin, həm də ətrafdakıların kifayət qədər güclü stressinə səbəb olur.
Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda, əsasən kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə onun əsasında genetik faktorlar durur. Lakin təxminən 50 faiz hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır. Epilepsiyanın simptomatik növlərində xəstəliyin əmələ gəlmə səbəbi beynin zədələnməsidir.
Epilepsiya çoxillik müalicə tələb edir. Epilepsiyanın müalicəsində əsas məqsəd tutmaların tamamilə kəsilməsidir. Müalicə məqsədilə “köhnə” və “yeni” epilepsiya əleyhinə preparatlardan (AEP) istifadə olunur. İlk aşkar olunmuş epilepsiyanın müalicəsi zamanı düzğün dərman seçimi və gündəlik AEP-ın qəbul olunması şərti ilə xəstələrin 75 faizində müalicənin müsbət nəticələri müşahidə edilir.
Epilepsiya haqqında yanlış təsəvvürlər və xəstəliyə qarşı neqativ münasibətə görə xəstələr təhsil almaqda, işə düzəlməkdə, nikaha daxil olmaqda, həmçinin ailədə və yaxın ətrafdakılarla münasibətdə diskriminasiya ilə üzləşirlər.
Nazirlikdən deyiblər ki, Azərbaycanda epilepsiya ilə bağlı tədqiqatlar aparılıb.
Xatırladaq ki, bu gün epilepsiya günü kimi qeyd edilir.