Yaxud, ölkə başçısı Minsk Qrupunu niyə ittiham edir?
YAP hakimiyyəti 23 ildir ki, “bizim Qarabağ boyda dərdimiz var” şüarı ilə görüntü yarardır. Əlamətdar tədbirlərdə, bayramlarda, rayonların işğal günlərində pafoslu çıxışlar etməklə uzun illəri yola salıblar. Bir sözlə, 23 il ərzində bir qarış torpaq işğaldan azad edilməyib. Əksinə, “atəşkəs dövrü” adlanan zaman kəsiyində minlərlə əsgərimiz həlak olub. Hökumət “bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən çoxdur” təbliğatı aparasa da, bu üstünlük heç vaxt özünü göstərməyib.
Ümumiyyətlə, YAP hakimiyyəti heç vaxt Qarabağ məsələsinə prinsipial yanaşmayıb. Qarabağın yoxluğunu dərd hesab edən hökumət Qarabağ qazilərini çörəyə möhtac etməz, şəhid ailələrinin sığorta puluna göz dikməz, müharibə əlillərini cüzi təqaüdün girovuna çevirməzdi. Eyni zamanda bu illər ərzində Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Ermənistanı işğalçı kimi qiymətləndirən beynəlxalq qurumlar da Azərbaycan hakimiyyəti tərəfindən ögey münasibətlə qarşılaşıb. Hakimiyyət üçün Qarabağ münaqişəsinin həlli deyil, hakimiyyət kürsüsünü qorumaq önəmli olub. Əks halda 21 ştatı Xocalı soyqırımını tanıyan ABŞ-a qarşı, Ermənistanın işğalçı olduğu barədə qətnamə qəbul edən Almaniya bundestaqına qarşı, Qarabağ məsələsində Azərbayacanın maraqlarına cavab verən 2 qətnamə qəbul etmiş Avropa Parlamentinə qarşı əks-təbliğat aparılmazdı.
Ən əsası isə Qarabağın işğalında başlıca rol oynamış, Xocalı soyqırımına dirijorluq etmiş, 20 yanvar faciəsinə səbəb olmuş və bu gün də Ermənistanı birmənalı şəkildə dəstəkləyən Rusiyanın qucağına sığınılıb. Bəli, hakimiyyət öz avtoritar idarəetməsini möhkəmləndirmək, korrupsiyanı çiçəkləndirmək, demokratiyadan qaçmaq üçün Qarabağdan imtina edib. Yəni, ən böyük ermənipərəst ölkənin himayəsinə sığınıb, bütün dünyanın “ermənipərəst” elan ediblər.
Amma hökumət Qarabağ probleminin həll olunmamasında özünü qətiyyən günahkar hesab etmir. Ölkə başçısı Ilham Əliyev Novruz şənliyindəki çıxışı zamanı bütün günahları Minsk Qrupunun üstünə atıb: “Bizim üçün əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Əfsuslar olsun ki, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Mən bunu açıq deməliyəm. Azərbaycan xalqı bunu bilir, bilməlidir. Onsuz da Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə Azərbaycan xalqının o qədər də böyük inamı olmamışdır. Amma yanvar ayında onların törətdikləri əməllər bu inamı tamamilə dağıtmışdır. Bildiyiniz kimi, Avropa Şurası Parlament Assambleyasında iki qətnamə irəli sürülmüşdür. Bu qətnamələr çox dərin təhlil üzərində tərtib edilmişdir. Böyük iş görülmüşdür və bir qətnamə səs çoxluğu ilə qəbul edildi. Əfsuslar olsun ki, digər qətnamə qəbul edilmədi. Minsk Qrupunun həmsədrlərinin Avropa Şurasının işinə kobudcasına müdaxiləsi bu xoşagəlməz vəziyyətə gətirib çıxarıb”, – deyə ölkə başçısı bildirib.
Əgər Minsk Qrupunun fəaliyyəti yoxdursa, Azərbaycan xalqının bu quruma inamı itibsə, niyə Minsk Qrupunun ətəyindən yapışmısınız?
Minsk Qrupunun həmsədrlərindən biri də hakimiyyətin “böyük qardaşı” olan Rusiyadır. Niyə hakimiyyət Rusiyadan izahat tələb etmir? Niyə bu “böyük qardaş” bir dəfə olsun Azərbyacanın ərazi bütövlüyünü tanımır? Ermənistanı davamlı silahlandıran, qondarma erməni soyqırımını tanıyan, Zori Balayanlara fəxri adlar verən Rusiyaya niyə etiraz edilmir?
Ölkə başçısı özündə cəsarət tapıb, münaqişənin həllinə əngəl olanların adını niyə çəkmir?
Bəli, Minsk Qrupunun fəaliyyəti bu illər ərzində heç bir nəticə verməyib. Amma bu da faktdır ki, münaqişənin həllinə birmənalı əngəl olan Rusiyadır. Hakimiyyət nəyin qarşılığında Rusiyaya bu qədər sədaqətlidir? Qarabağın işğalını həyata keçirmiş ölkənin yanında yer aldıqdan sonra, hansı əsasla ABŞ-dan, Avropadan Qarabağ məsələsində ədalətli mövqe tələb etmək olar?
Digər tərəfdən Minsk Qrupu ATƏT-in qurumudur. Azərbaycan hakimiyyəti isə ATƏT-in Bakı ofisini bağladı, ATƏT-in seçki prosesində iştirakına imkan vermədi. Bu qədər paradoksla addımlardan sonra, hansı müdrik siyasətdən danışmaq olar?
AŞ PA-dakı məğlubiyyətə gəlincə, bu da hakimiyyətin yarıtmaz və ikiüzlü siyasətinin nəticəsidir. Çünki, AŞ PA bu məsələnin müzakirəsinə başlayanda Azərbaycan tərəfi etiraz etmişdi və Minsk Qrupunun işinə qarışmaq kimi dəyərləndirmişdi. Rusiya tərəfi də bu qətnamənin müzakirəyə çıxarılmasına qarşı çıxmışdı. Hansıki, müzakirəyə çıxarılan qətnamələr Azərbaycanın maraqlarına uyğun idi. Indi isə ölkə başçısı deyir ki, Minsk Qrupu Avropa Şurasının işinə kobudcasına müdaxilə etdi. Göründüyü kimi əvvəlcə Avropa Şurasını ittiham edirdilər, indi də Minsk Qrupunu günahlandırmağa başlayıblar.
Birdə ki, hakimiyyət uzun illərdi “heç kim bizim daxili işimizə qarışa bilməz”, “bizim öz yolumuz var”, “lazım gəlsə torpaqlarımızı işğaldan azad edərik” kimi kiflənmiş şüarlar söyləyir. Bir halda ki, Minsk Qrupu heç bir müsbət nəticə əldə edə bilmir, bir halda ki, torpaqları işğaldan azad etməyə qadirsiniz, o zaman bu hüququnuzdan imtina edin.
Ümumiyyətlə, Milli Məclisdə Qarabağ məsələsi axırıncı dəfə nə vaxt müzakirəyə çıxarılıb? Uzun illərdi təkliflər irəli sürülsə də Qarabağ Komissiyası niyə yaradılmır?
Demək istəyirik ki, bu hökumət Qarabağın unutdurulmasına xidmət edib, müxtəlif qurumlarda günah axtarmaqla məsuliyyətdən yayınmağa çalışıb.
Yuxarıda göstərdiyimiz nümunələr də sübut edir ki, bu hakimiyyətin dövründə Qarabağın işğaldan azad edilməsi mümkünsüzdür. Çünki, Qarabağ dərdi bunların ürəyində yox, dilindədir. Ölkənin 80 faizini işğalçı kimi zəbt etmiş rejim, ölkənin 20 fazinin işğalından narahat deyil.
Akif