Müsavat Partiyası AXCP sədrinin müşaviri Məmməd İbrahimin həbsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki:
“Beynəlxalq insan haqları qurumlarının və Azərbaycan ictimaiyyətinin siyasi məhbusların azadlığa buraxılacağı ilə bağlı gözləntilərinin olduğu bir zamanda Azərbaycan hakimiyyəti müxalif düşüncəli fəallara qarşı repressiyaları davam etdirir.
15 mart 2016-cı il tarixdə Bakı şəhər Nərimanov rayon məhkəməsi tərəfindən AXCP sədrinin müşaviri Məmməd İbrahimə qondarma ittihamlarla 3 il müddətində azadlıqdan məhrumetmə cəzasının verilməsi siyasi repressiya siyasətinin davamıdır.
Müsavat Partiyası Məmməd İbrahimin qondarma ittihamlarla 3 il müddətinə azadlıqdan məhrum edilməsini siyasi sifarişlə həyata keçirilmiş bir akt kimi qətiyyətlə pisləyir.
Müsavat Partiyası Məmməd İbrahimin və digər siyasi məhbusların dərhal azad edilməsini tələb edir” (arqument.az).