Dostlar! Bu gün Vaqif Mustafazadənin doğum günüdür. O, muğamın Amerika caz musiqisi ilə sintezi əsasında ölkəmizdə musiqi sənətinin yeni bir istiqamətini yaratmışdı. Vaqif caza muğam qatqısı verməklə çoxlarını heyrətə saldı və çazın zənginləşməsi istiqamətində mühüm yenilik etdi. O, “Tallin-66”, “Tbilisi-78” caz festivallarının laureatı olmuşdu, 1978-ci ildə Monakoda keçirilmiş 8-ci Beynəlxalq Caz Festivalında “Əzizəni gözləyirəm” əsərinə görə birincilik mükafatı almışdı. Bu mükafat onun səntəinin dünya miqyasında etirafı idi. 60-70-ci illərin gəncləri Vaqifin bir-birindən orjinal əsərlərinin və onun təkrarsız ifalarının vurğunu idi.
O, ideoloji baxımdan cazın təqib edildiyi bir ölkədə milli caz nümunələri yaratdı, muğama dayanaraq cazı cilaladı. Həmin vaxtlar caza qarşı mübarizə Sovet ideologiyası və xüsusi xidmət orqanları üçün strateji bir vəzifə idi. KQB –nin dəyərləndirmələrində, arayışlarında caz musiqisinə ideoloji mübarizənin bir cəbhəsi, Amerika həyat tərzinin və ideologiyasının yayılması kimi baxılır, ona qarşı açıq və gizli savaş aparılırdı. Hətta, KQB-nin gizli təlimatı ilə caz ifaçılığında başlıca musiqi aləti olan saksakofon 60-cı illərdə bir sıra simfonik orkestrlərinin tərkibindən yığışdırılmışdı. SSRİ-də tanınmış saksafon ifaçılarının demək olar ki, hamısı dövlət təhlükəsizlik orqnlarının nəzarətində idilər.
Azərbaycan DTK-nın arxivində Vaqif Mustafazadə ilə bağlı çoxlu sənədlər var. Amerika cazının Azərbaycana ayaq açması böyük bəstəkar Tofiq Quliyev və onun fəliyyəti ilə izah edilirdi. Əslində, soyuq müharibənin bir cəbhəsi də caza qarşı mübarizədən keçirdi ki, Vaqifin sayəsində Bakı Sovet caz musiqisinin mərkəzlərindən birinə çevrilmişdi. Bir sıra profilaktik əməliyyatlar keçirilməsinə baxmayaraq gənclərin “düşmən musiqisinin” təsirinə düşməsi , caz həvəskarlarının Bakıda gün-gündən çoxalması Vaqifin Sovet mədəniyyətinə zidd olan meyllərə uyması, Amerika musiqisinin cazibəsinə düşməsi ilə izah edilirdi.
Həmin dövrdə Vaqifin stilyaqa geyimi ilə seçilən pərəstişkarlarının demək olar ki, hamısı Azərbaycan KQB-si tərəfindən nəzarətə götürülmüşdü. Respublika təhlükəsizlik xidmətinin keçirdiyi qapalı müşavirədə qeyd olunurdu ki, caz musiqisinə uymaq və stilyaqa geyim formasını təbliğ etmək birbaşa Amerika həyat tərzinin təbliğinə, burjua əxlaqının qarşısında təslimçiliyə və gənclər arasında anti –sovet meyllərin güclənməsinə gətirib çıxaracaqdır. Ona görə 60-cı illərin komsomol aktivistləri KQB tərəfindən caza və stilyaqalara qarşı səfərbərliyə alınmışdı. Sovetlər dağılandan sonra demokrat donuna bürünmüş həmin drujinniklərdən Vaqif Mustafazadənin əleyhinə agentura məlumatları verənlər də var idi. O, cəmi 39 illik bir həyat yaşadı, lakin belə ağır bir şərtlər altında Bakını keçmiş SSRİ-nin caz mərkəzlərindən birinə çevirə bildi.
Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsindən götürülüb.