Cahit Kılıç
cahitkilic@haberx.com
Tarix, yaxın tarixi yaşayanların önünə varaq-varaq ibrət səhifələri açır.
Kiçik bir coğrafiyadan çıxan böyük bir qəhrəmanın ölümü bizləri yaxın tariximizdə yaşadığımız bəzi həqiqətləri yenidən görməyə, hafizələrimizi təzələməyə və açıq gözlə qiymətləndirməyə məcbur edir.
Bir tərəfdə yaxın keçmişdə yaşananların parıltısı gözləri qamaşdırırkən, digər tərəfdə bir başqa böyük qəhrəmanı yaddaşlardan silməyə çalışan Fironların qaranlıq hərəkətləri ürək bulandırır. Ömrünü vətəninə və millətinə həsr etmiş iki qəhrəman türk övladından birinə olan münasibət qürur verərkən, o birinə olan münasibət ürəkləri sızladır…
***
Gəlin yaxın tarixi addım-addım nəzərdən keçirmək yerinə, əhəmiyyətli hadisələrə istinad edərək ələ alıb getməyə çalışaq.
1948-ci ildə, hələ 24 yaşında bir gənc ikən Kipr Türk xalqının azadlıq mübarizəsinə başlayan Rauf Denktaş, Kiprin bir başqa qəhrəman övladı olan Dr. Fazil Küçükden liderliyi təhvil alıncaya qədər ikinci planda, təhvil aldıqdan sonra da ömrünün son gününə qədər birinci planda xalqı adından mübarizəsinə davam etdi. Əvvəl Şimali Kipr Türk Federal Dövləti, daha sonra Şimali Kipr Türk Cümhuriyyəti prezidenti qismində xalqına başçılıq etdi. Başlanğıcdan etibarən, əsla demokratik qaydaların və hüquqi yolların xaricinə çıxmadan, heç kimin üstündə təzyiq qurmadan, siyasi rəqiblərini zindanlara doldurmadan, müasir demokratik normalarda bir hüquq dövlətinin təməllərini ataraq, onu ucaltmanın səyi içində oldu. Öz xalqı ona qısaca “Denktaş bəy” deyirdi.
***
“Turanın yolu birləşmiş Azərbaycandan keçir” düşüncəsi ilə Azərbaycanın müstəqillik mübarizəsinə başlayan Əbülfəz Elçibəy 1975-ci ildə Türkçülük fəaliyyətinə görə bir il yarım həbsə məhkum edilərək, KQB zindanlarına atıldı. Onu daş karxanalarında işlətdilər. Cəza verdiklərini sananlar, əslində onun yaxasına şərəf medalı asmışdılar. 1988-ci ildə başlayan azadlıq hərəkatının ən əhəmiyyətli liderlərindən biri olan Elçibəy, 1989-ci ildə qurduğu Azərbaycan Xalq Cəbhəsinin başçısı olaraq müstəqillik mübarizəsinin də şanlı bayraqdarı oldu.
Bakı meydanlarına tökülən yüz minlər Elçibəyin liderliyi alıtnda şanlı bayraqlar kimi dalgalanaraq müstəqillik məşəllərini və nərələrini ərşə qədər yüksəltdilər. Yalnız Azərbaycanın deyil, Sovet İttifaqında bütün əsir millətlərin sözçüsü, nümayəndəsi oldular.
20 Yanvar 1990-cı ildə Qorbaçovun əmri ilə Bakı meydanlarına girən Sovet Ordusu, silahsız müstəqillik mücahidlərinə tanklarla, pulemyotlarla hücum etmişdi. Bu gün Bakıdakı Şəhidlər Xıyabanında yatan o müstəqillik şəhidləri, həm Azərbaycanın, həm də digər Sovet respublikalarının müstəqil dövlət olmalarının yolunu açan, onların hürriyyətlərini qazanmalarına bayraqdarlıq edənlərdir (Bu müddətdə, sonradan Bizans intriqalarıyla dövləti ələ keçirən Firon Birinci Dəsti və oğlu İkinci Ramzes hələ ortalıqda yoxdular. Biri Naxçıvanda kamuflyaj olarkən, digəri də böyük ehtimalla Moskvada öz iş-gücündəydi).
***
Yazının axarını pozmadan qısa-qısa keçək: Azərbaycan müstəqilliyini qazandıqdan sonra Elçibəy 7 iyun 1992-ci ildə Azərbaycanın ikinci prezidenti seçildi.
20 Yanvar 1990-cı ildə qan tökən Rusiya, Sovet xalqlarına müstəqilliyin yolunu açan və rus əsgərlərini torpaqlarından qovan bu xalqa qarşı bəslədiyi kini ortaya qoymaqdan çəkinmədi. Arxasında durduğu erməni qəsbkarlarına hər cür dəstək və müasir silahlar verməklə Azərbaycanın üstünə saldı. Cəbhədə amansız bir döyüş vardı və güclər bərabər deyildi (O vaxt, ya da bəlkə bir az daha əvvəl Türkiyədə seçki idi. Naxçıvandakı Muxtar Respublikanın kiçik parlamentinin başındakı Heydər Əliyev möhtərəm dostu Süleyman bəy Dəmirəlin qoltuğunun dibində, şəhər-şəhər seçki mitinqlərinə gedərdi. Hər çıxışında, Süleyman bəy Dəmirəl, çoxbilmiş ədasıyla dostunu işarə edər və özünə xas şivəylə “Haydar beye Şevkət Sureyya Aydemirin “Suyu Arayan Adam” eserini verdim. Okuyuversin, her şey o kitabın içinde var” deyərdi. Halbuki, o kitab 1918-ci ildə Azərbaycandan gedən müəllifin 1924-cü ilə qədərki Moskva həyatını izah edir və bir az da Stalini tərifləyərək önə çıxarır. Heydər bəy isə, Kommunist dövrünün bütün intriqalarını əzbərləmiş, istədiyi zaman istədiyi adama tətbiq etmiş, hər cür qurğu qurmuş, özünə qurulan qurğuları aşırmış, ta “Politbüro” deyilən ən yüksək nöqtəyə qədər çıxmışdı. Ora gedənə qədər kim bilir, neçə yüz adamın başını “yemişdi”. O kitabamı qalmışdı yəni?).
Bu amansız və nisbətsiz döyüşdə böyük itkilər verən Azərbaycan hər cür dəstəkdən uzaq, müharibə meydanında yalnız qalmışdı. Türkiyənin başında qorxaq bir lider vardı – sırf yaralıları daşımaq üçün istənilən vertolyotu belə göndərməkdən qorxan bir lider. Bütün bunlar bəs deyilmiş kimi, bir də daxili üsyan başlamışdı.
Bax, o daxili üsyan günlərində, silah və vertolyot dəstəyi verməyə qorxudan ödü partlayan lider, ağıl verməkdən çəkinməmiş, Elçibəyə Heydər bəyi yanına almağı tövsiyə etmişdi: “Haydar bey çok tecrubelidir, al yanına seni düzlüye çıkarır, bunun başka yolu var mı?”.
Möhtərəm dostu Süleyman bəy Dəmirəlin tövsiyəsiylə Bakıya keçən Heydər bəy, Azərbaycanı düzlüyə çıxarmaq yerinə, bildiyi bütün intriqaları səhnələyərək Elçibəyi uddu, öz Fironluğunu elan etdi.
Gerisi məlumunuzdur…
***
Bir tərəfdə millətin qəhrəman övladı Denktaş bəy ölkəsini və millətini bütün beynəlxalq təzyiqlərə baxmayaraq ayaqda dimdik tutarkən, digər tərəfdə millətin o biri qəhrəman övladı sığındığı Kələki kəndində mühasirə altında dörd il məhbus həyatı yaşamaq məcburiyyətində qalmışdı.
İntriqalarla başa keçən Heydər Əliyev daha əvvəl döyüşdə itirilmiş, amma qəhrəman çarpışmalarla təkrar geri qazanılmış bəzi torpaqları da düşmənə təhvil verdi, əsir torpaqlara yeni əsir torpaqlar əlavə edərək Azərbaycana sülh (!) gətirdi.
Yetməzmiş kimi, özünü çökmüş, dağılmış bir imperiyanın küllərindən bir ordu yaradan, gecə-gündüz cəbhələrdə şəxsən döyüşərək geri aldığı vətən torpaqları üzərində yeni bir dövlət qurmağı bacaran Mustafa Kamal Atatürkə oxşadaraq “ulu öndər” elan etdi. Düşmənə bir güllə belə atmayan və vətən torpaqlarını öz əli ilə düşmənə təslim edən biri necə “ulu öndər” ola bilir, görəsən?!
***
Denktaş bəy, zamanı gəldiyini görüb çəkilməsini bilmiş, rəqibləriylə həmişə meydanlarda xalqın önünə çıxaraq davam etdirdiyi demokratik mübarizəsini, yenə xalqının arasında və demokratik üsullarla davam etdirmişdir.
Heydər bəy isə, həkimlər ona vaxtın daraldığını söyləyincə padşah kimi öz oğlunu vəliəhd təyin etmişdi. Fərqi anlayanlar anladı.
***
Denktaş bəy Haqqın rəhmətinə qovuşdu. Millətimizin başı sağ olsun. Ailəsi, vəsiyyəti üzərinə əziz nəşini ailə qəbiristanlığında dəfn etmək istədi, amma xalqı onu ucaltmaq üçün “Lefkoşanın ürəyindəki Respublika Meydanında dəfn edəcəyik” dedi. Ailə də xalqın bu qərarına hörmətlə yanaşdı. Xalq, sevdiyi və saydığı liderinə son gündə də ləyaqətini göstərməkdən geri qalmadı. Heç şübhəsiz, Denktaş bəyin adı hər yerdə yaşadılacağı kimi, ailəsinə də türk xalqı hər zaman lazım olan hörməti göstərməkdən geri qalmayacaq.
Digər tərəfdə isə, Elçibəyin yadigar ailə üzvlərinin bir neçə manat borcu üzündən Firon İkinci Ramzesin məmurları tərəfindən elektrikləri kəsilmişdi.
Bir tərəfdə, son günə qədər legal və halal qazancıyla yaşayan bir dövlət adamı, digər tərəfdə isə, milyard dollarları özüylə birlikdə beş ailəyə bölüşdürən bir qrup rəhbərliyi…
Bir tərəfdə, son nəfəsini vermədən bir az əvvəl “Ana Vətən Türkiyəyə güvənməkdə əsla imtina etməyin” deyən bir qəhrəman olduğu halda, digər tərəfdə “Biz, Türkiyənin bölgədə bir enerji mərkəzi olmasını istəmirik” deyən bir despot var!
“Hər Fironun bir Musası olar” deyərlər. İnşallah, yaxında bunların Musası da gələr…
QEYD: Cahit Kılıçın “haberx.com” saytından götürülmüş yazısı ixtisarla dərc olunub.