«O quşun ahı tutdu bizi…»
…Onunla görüşənə qədər meyxana mənim üçün yad anlayış idi. Hansısa Afrika xalqının folklorunu bəlkə də maraq-məlumat üçün oturub dinləyərdim. Amma meyxananın səsi gələndə məndə tamam başqa təəssürat oyanırdı. Deyirdim, hə budur, yenə küçədə cavanlar yığışıb vaxt öldürürlər. Tərbiyəsiz bir şey bilirdim bunları. Yad idi, çox yad idi mənə meyxana. Həyatımı dəyişdirəcək tanışlığın tarixi Asəf Zeynallı adına Musiqi Texnikumunun (hazırda Bakı Musiqi Kolleci – red.) kanon üzrə sonuncu sinfində oxuduğum vaxtdan başlayır.
Təsadüf bizi görüşdürdü. Görüşün tarixçəsi də qəribə oldu. Istəmirdim, texnikumu bitirəndən sonra məni təyinatla evdən uzaq yerə, rayona göndərsinlər. Qonşumuz, musiqiçi Abbasqulu Nəcəfov “Meyxana” adlı bir ansambl yaratmışdı. Məni də ora işləməyə dəvət eləyəndə, təyinatdan azad olmaq üçün razılıq verdim. Hələ üstəlik, onlarla şərt də kəsdim: qoy mənim adım ansamblda getsin, amma özüm gəlməyim. Yalnız ən vacib hallarda iştirak eləyərəm. Meyxananın mənə aidiyyəti olmadığı fikrindən çıxış edərək, bu şərti onlarla kəsmişdim. Elə bir az vaxt keçmişdi, gördüm, mənə xəbər göndərib ki, mütləq məşqlərə gəlməlisən, Lenin sarayında (hazırda Heydər Əliyev adına Saray – red.) konsertimiz olacaq. Məcbur olub sarayın səhnəsində keçirilən son məşqlərə gəlməli oldum.
Həyat yoldaşı onu sarayın müdirilə səhv salmışdı…
Sarayın iri səhnəsi. Məşq hələ başlanmayıb. Hamı kimi mən də oturub “hansısa mötəbər bir adam”ın, görünür, meyxana deyənin gəlməsini gözləyirəm. Bir az da qəzəbliyəm ki, işimizin adına baxın ey, həmişə arzusunda olduğun bu böyüklükdə, möhtəşəm sarayda ilk konsertin olsun, oturub hansısa meyxanaçını gözləyəsən. Qarşımda çox yaraşıqlı, səliqəylə geyinmiş, bahalı kostyumda, zövqlə seçilmiş qalstuklu bir kişi oturub. Elə bilirəm, sarayın müdiridir. Ona görə də qəzəbimi udub özümü yığışdırıb, yalnız səbrimə qısılmışam. Səbrin həddi var. Axır dözməyib, çox nəzakətlə, amma hiddətimi gizlətmədən “müdirə” müraciət elədim:
– Bu qədər adamın bir meyxanaçını gözləməsi sizə nə qədər ciddi görünür?
Dedim və tez də peşman oldum deməyimə. Uşaqlıq elədim, azca utandım. Amma əsəb keçməmişdi. “Müdir” əvvəl təəccüb və diqqətlə mənə baxdı, sonra üzündə, tədricən təbəssüm işıldadı və çox yavaşdan, bir az da nəvazişlə, uşaq sakitləşdirirmiş kimi, cavab verdi:
– Darıxma, bu dəqiqələrdə gələr.
Az sonra qapı açıldı, daha bir kostyumlu kişi, daha bir müdir görkəmli yaşlı bir adam içəri girdi. Nə barədəsə söhbət etdilər. Pıçıltı eşitdim: “Sarayın müdiri Kərim Kərimovdur”.
Məşq başlandı. Birinci, bayaq mənimlə danışan “müdir” ayağa qalxdı, mikrofonu əlinə götürüb musiqi altında meyxana deməyə başladı. Heç ağlıma belə gətirməzdim ki, o andan həyatım büsbütün dəyişər. Bu kişi meyxanaya yaraşıq gətirir, mənim təsəvvürümü dəyişirdi. Mənim meyxana haqqında təsəvvürlərimə yaraşmayan bu yaraşıqlı, avazı, ahəngi, səsiylə məni valeh edən kişinin adını konsertdən sonra bildim – Nizami Rəmzi.
17 yaşım vardı. O gündən ansamblın bir məşqini də buraxmırdım. Elə bəhanə axtarırdım ki, kiminləsə meyxana barədə söhbət edim, yeni nəsə eşidim. Hətta Abbasqulu Nəcəfov təəccübünü gizlətməyib soruşurdu:
– Səndən nə əcəb, belə fəallaşmışan?
– Mənə saraydakı konsert təsir göstərdi, – deyib hər dəfə əsl cavabdan özümü qaçırırdım.
Sonra hamıya məlum oldu ki, mənim məşqlərə belə maraq göstərməyimə səbəb saraydakı konsert deyilmiş. Səbəb onun özü idi. Mən hər saat, hər dəqiqə onu eşitmək istəyirdim. Deyəsən, o özü də bundan duyuq düşürdü. Əlbəttə, duyuq düşürdü! Qadınların ürəyini oxumaqda professor dərəcəsinə yetişən bir adam üçün o yaşda qızı görüb anlamaq nə çətin iş idi ki?!
Nizami məndən 23 yaş böyük idi. Məndə narahatlıq yaradan onun yaşı deyildi. Onu evli-ailəli bilirdim, ona görə də başımda hərlənən bu sevdanın sonunu görmür, özüm-özümü qınayır, danlayır, daim məni təqib edən xəyalpərəst fikirlərdən, hisslərdən yayınmağa çalışırdım. Xeyri yox idi. Dünyanın rəngi dəyişmişdi mənim üçün. Evli, yaşca xeyli böyük bir kişi 17 yaşlı qızcığazı özünə məftun eləmişdi. Xoşbəxtlikdən belə olmadı. Sən demə, özüm-özümlə daxilən çarpışdığım zaman Nizami artıq boşanmışdı, subay gəzirdi. Bu da bir taledir.
Bir gün konsert gedə-gedə fasilədə mənə yaxınlaşıb dedi ki, indi oxuyacağım meyxananı sənə həsr eləyirəm. Mən həyəcanlandım, çox böyük intizarla gözlədim ki, görəsən, orda nə deyəcək, mənim adımı necə hallandıracaq? Gözləyirdim, amma meyxana deyiləndən sonra məyus oldum. Balaca meyxana idi, cəmi beş sətirlik və mənə nə aidiyyəti vardı bunun, anlamadım. Konsertdən sonra incikliyimi gördü. Meyxananı yazıya köçürüb mənə verdi:
– Deyəsən, meyxana sənin xoşuna gəlmədi. Diqqətlə oxu, xoşuna gələcək.
Meyxana yazılan vərəqi oxuyub ona qaytarmaq istədim:
– Bunun mənə aidiyyəti yoxdur.
Nizami vərəqi məndən almayıb dedi:
– Sətirlərin baş hərflərinə bax, görərsən, sənə həsr eləmişəm.
Sətirlərin baş hərfləri SEVDA sözünü yaradırdı. Yenə oxudum. Məzmunu da eyni mənanı verirdi. Sevincimin həddi-hüdudu yox idi. Bəlkə də bu onun mənə birinci, örtülü təklifi oldu.
Ağasəlimlə mübarizədə ölümündən sonra da olsa, Nizami Rəmzi qalib gəldi…
Mənə qədər bir neçə dəfə evlənib-boşanmışdı. Birinci dəfə öz bibisi qızına evlənib. Bu qadın iki qız dünyaya gətirib onun üçün. Sonra ayrılmışdılar. O qadın kiçik qızlarını 7 aylığında onun yanında qoyub getmişdi başqa ərə. O qızı ölənə qədər Nizami özü böyüdürdü. Anasının yanında saxlayırdı. Heyranədir adı. Bundan savayı kənarda bir qadını da olub. Onunla rəsmi nikahda deyildi. Ondan da dörd uşağı vardı. Onlardan bir qızı və bir oğlu rəhmətə getmişdi. Təxminən, 10 yaşında olarkən qızını maşın vurmuşdu. Oğlu isə körpəykən rəhmətə getmişdi. Adı Rəmzi idi. Sonradan Nizami onun adını özünə şair təxəllüsü götürmüşdü. Həmin qeyri-rəsmi nikahdan onların bir qızı və bir oğlu qalıb.
Nizamigil dörd qardaş, bir bacı olublar. Nizami ailənin böyüyü idi. 1947-di ildə Sovetskidə (hazırda N.Nərimanov prospekti – red.) dünyaya gəlib. Sonra onların ailəsi Yasamala köçüb. Nizamidən sonrakı uşaqlar orda dünyaya gəliblər. Özü Ticarət Texnikumunu bitirib. Amma sonra nə bu sahədə işləyib, nə də davam etdirmək üçün ali təhsil dalınca gedib. Atası tez rəhmətə getdiyindən, ailəni dolandırmaq, əsasən, Nizaminin üzərinə düşüb. Əsgərlikdən qayıdıb gəlib, həyatın gənclik çağını düz-əməlli dadmamış süd maşınında sürücü işləməyə başlayıb. Süd maşınının sürücüsü axşamlar, boş vaxtlarında, toyda, məclislərdə meyxana deyərdi. Artıq onu o dairələrdə tanıyırdılar. Amma indiki şou-biznes o vaxt yox idi, ona görə də meyxanaya indiki qiyməti vermirdilər. Buna heç kim ciddi baxmırdı, burdan gəlir gəlsəydi belə, onunla ailə dolandırmaq olmazdı.
Elə ki cəmiyyətdə köklü dəyişikliklər baş verdi, nə bilim, yenidənqurma, aşkarlıq, sonra da bunların ardınca gələnlər, onda bu sənət də meydana çıxarıldı; meyxana filarmoniya, televiziya və radioda səsləndirildi. ANS televiziyasında mütəmadi olaraq meyxana yarışmaları keçirilir. Tədricən, axın başladı bu sahəyə, indi də ki maşallah, meyxana deyən ulduzlar peyda olub. Bütün bunların yaranmasında, meyxananın inkişafında, dövrlə ayaqlaşmasında Nizaminin xidmətini unutmaq çox böyük haqsızlıq olardı.
Filologiya elmləri doktoru, professor Nadir Məmmədli dostu Mahir Qarayevlə birgə Azərbaycanda ilk dəfə olaraq meyxananı yazıya köçürəndə görüblər ki, tamamilə başqa nəticə alınır. Vəzn itir, dildə deyilən sözlər yazıda o dərəcədə məzmunlu və cazibədar olmur. Belə qərara gəlirlər ki, bu yazılı meyxanaların qiymətini Nizaminin səsini, nəfəsini yaxşı bilən oxucuların öhdəsinə buraxsınlar.
Doğrudan da, onun səsini bilmədən yazılı meyxananı oxumaq olmur. Meyxana şifahi ədəbiyyata aid olan janrdır. Bununla bərabər, bu, söz sənətidir. Ona görə də Nizami bir çox əhəmiyyətli mövzularda meyxanalarını yazıya köçürürdü. Söz deyilməlidir, ürəklərə yetsin deyə, söz yazılmalıdır, bu dünyada sonrakı nəsillərə yadigar qalsın, deyə. Bax, bunu nəzərə almışdı Nadir müəllim və mən ona ürəkdən minnətdaram.
Nizami Rəmzi meyxananı təkcə çırtma ilə məhdudlaşdırmadı. Musiqiyə, onu müşayiət eləyən ansambla xüsusi yer ayırdı. Sözün musiqiylə vəhdətini əhəmiyyətli bilib önə çəkdi. Doğrudur, buna görə onu tənqid eləyənlər də az olmurdu. Xüsusilə, Ağasəlim Çıldaq. Nizaminin həmişə hörmətlə adını tutduğu Ağasəlimin özü onu tənqid eləyirdi. Çox sonra, Nizaminin ölümündən bir xeyli sonra, Ağasəlim qəzetə müsahibəsində özünün tələbələri arasında onun da adını çəkmişdi. Doğrusu, bu mənə o qədər də xoş gəlmədi. Əgər sən onu öz tələbən adlandırırsansa, deməli, onun üslubu ilə də razısan. Deməli, bu mübarizədə, ölümündən sonra da olsa, Nizami Rəmzi qalib gəldi…
Nizami çox adama qalib gəldi. O, göründüyü qədər də sadə adam deyildi. Hər şeyi dərindən araşdırardı. Iki zidd xüsusiyyət onda birləşmişdi. Çox düşünən, daim fikirli, həm də həyatdan həzz alan, heç bir ləzzətdən özünü məhrum etməyən insan idi. Az danışardı, ondan söz soruşub, hələm-hələm cavab ala bilməzdin. Yalnız ona yaxın olanlar baxışlarından bilərdilər ki, vəziyyət nə yerdədir. O, susmağıyla daha çox söz deyirdi, nəinki danışmağıyla. Öz ölümünü bilirdi və bu barədə susurdu. Bəzən dostlarıyla çay süfrəsi arxasında ölümdən danışardı. Meyxana onun üçün tam özünüifadə vasitəsi deyildi. Bu dünyanı daha dərindən və daha geniş dərk eləyirdi. Elə bil, həm şıltaq, dəcəl bir uşaq idi, həm müdrik, ağır, nurani bir qoca.
Nizami ölən gün sevimli heyratısı da öldü…
Hündür, yaraşıqlı, gözəl bir heyratı xoruzu vardı. Adam kimi dil bilirdi xoruz. Çağırırdı, gəlirdi yanına, danışırdı onunla, qoqquldayıb, elə bil, cavab verirdi ona. Bir möcüzə idi. Onu necə əzizləyirdi, necə bəsləyirdi, görənlər bilir. Heç kim deyə bilməzdi ki, Nizami nə vaxtsa bu xoruzdan ayrılacaq. Amma o hadisədən azca əvvəl, ağlına nə gəldisə, xoruzu götürüb bağışladı xətrini çox istədiyi bir adama ki, buyur, apar bu xoruzu bağda saxla. Nəyə görə belə etdi, məlum deyil. Sonra həmin adamdan eşitdik ki, xoruz həmin gün ölmüşdü, o hadisə baş verən gün…
Bir gün də Nizaminin yanında söz düşdü ki, “Qaxda bir qızılquş var, tayı-bərabəri yoxdur”. Nizami də, eləmə tənbəllik, səhəri gün durub getdi Qaxın hansısa ucqar bir kəndinə – o quşun dalıyca. Az qala, bir maşının qiymətinə quşu alıb gətirdi evə. Məcbur oldum otaqlardan birini boşaltdım quş üçün. Vəhşi quş idi, otağa heç kim girə bilməzdi, vurub gözünü çıxarardı. Nizami bir ay müddətində yavaş-yavaş, ehtiyatla onu özünə öyrəşdirdi. Gündə bir göyərçin, bir parça ciyər əti yedizdirərdi ona. Axırı, onu özünə o qədər öyrəşdirdi ki, yaxınlaşıb qoluna otuzdura bilirdi. Iri caynaqları, balta kimi dimdiyi vardı. Bir dəfə Nizami, təxminən, bir aylığa Rusiyaya getməli oldu, toya; ordan da bibisi oğlunun yanına – Omsk şəhərinə. Hər gün qızılquşu mən yemləməli olurdum; qapını ehmalca açıb oradaca, kandardaca ehtiyatla onun üçün ət qoyub, tez çıxır və qapını örtürdüm. Kəbir də gələndə onun üçün otağa göyərçin, xırda quşlar buraxardı. Axır vaxtlar bu quş, meşəyə, genişliyə öyrənən bu hündür, qeyri-adi gözəlliyə malik, əzəmətli quş dünyadan, elə bil, küsdü. Heç yeməyinə baxmazdı. Balaca quşlar uçuşurdu, oynaşırdı ətrafında. Nəinki onları caynaqlayıb parçalamır, heç deyəsən, onları görmürdü də.
Qızılquş, təbiətin şah quşu, elə bil, yazıqlaşmışdı, ətrafdan gözünü çəkmişdi. Ağıllı heyvan idi. Düşünürdü, elə bil. Bir gün də gəlib gördük, özünü çırpıb divara öldürüb. Elə bil, üstümə bir vedrə qaynar su tökdülər. Səhər-axşam işimin adı əllərimi göyə açıb dua eləmək oldu: “Ay Allah, sən özün bizi o quşun ahından saxla!”.
Moskvadan qayıdan kimi Nizami dedi:
– Son günlər qızılquş elə hey yuxuma girib. Deyirəm, bəlkə açım-buraxım onu? Onun yeri genişlikdir. Dağdı, səmadır onun məkanı, qoy uçsun özü üçün.
Bu söhbət olmuşdu dekabrın ortalarında – o hadisəyə bir ay qalmış. Özümü cəmləşdirib dedim:
– Ehtiyac yoxdur, Nizami, qızılquş özü-özünü azad etdi.
Olduğu kimi danışdım ona qızılquşun əhvalatını. Dinlədi. Pərt olub heç nə demədi. Susdu. Bir daha o söhbətə qayıtmadı.
O gözəllikdə heyvan yaradıb Allah. O genişlikdə yer verib ona Yaradan. O quşun ahı tutdu bizi…
(Ardı var)
“El” jurnalı, N.Bədəlov