ABŞ prezidentinin keçmiş nümayəndəsi Tehrana qarşı hərbi müdaxiləni təhlükəli hesab edir
Iran ətrafında gərginlik davam edir. Tehrana qarşı hərbi müdaxilənin gündəmdə olduğu bir vaxtda ABŞ prezidentinin Yaxın Şərq üzrə keçmiş nümayəndəsi Corc Mitçel maraqlı açıqlama verib. Onun sözlərinə görə, Irana hərbi müdaxilə Israilin yox olmasıyla nəticələnə bilər. Diplomat hazırkı məqamda Irana qarşı hərbi müdaxilə variantının gündəmə gətirilməməsini tövsiyə edib.
Corc Mitçel bildirib ki, Iran hərbi sahədə çox böyük nailiyyətlər qazanıb. Ona görə də Iranın istənilən hərbi hücuma cavabı qorxunc olar və bu da Israilin yox olmasıyla nəticələnə bilər. Onun sözlərinə görə, indiyədək Irana hərbi müdaxiləni vacib sayanların heç biri bu təkliflərini əsaslandıra bilməyiblər.
Ukrayna Iranın nüvə proqramının yalnız danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib. Xarici işlər naziri Konstantin Qrişenkonun sözlərinə görə, rəsmi Kiyev Iranla bağlı son dövrdə baş verən hadisələrin gedişatından narahatdır. Konstantin Qrişenko Iranla Qərb arasında yaranmış gərginliyin narahatlıq doğurduğunu qeyd edərək, Tehranın mübahisəli nüvə proqramının yalnız danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulayıb.
Bir neçə gün əvvəl Tehranda terror aktı nəticəsində öldürülmüş nüvə alimi Mustafa Əhmədi Rövşənin qətli Qərb-Iran münasibətlərini bir qədər də gərginləşdirib. Rəsmi Tehran ABŞ və Böyük Britaniyaya etiraz məktubu göndərərək, iranlı nüvə aliminə qarşı həyata keçirilmiş sui-qəsdə görə bu ölkələrin məsuliyyət daşıdığını bildirib. Böyük Britaniyaya ünvanlanmış məktubda iranlı nüvə alimlərinə qarşı terror aktlarının bu ölkənin kəşfiyyat orqanının rəhbərinin açıqlamalarından sonra həyata keçirildiyi qeyd olunub.
BMT-nin baş katibi Pan Gi Mun da iranlı nüvə aliminin qətlini pisləyib. Baş katib elm adamı və ya vətəndaşlara qarşı həyata keçirilmiş hər cür terror aktını şiddətlə qınadığını ifadə edərək, insan haqlarının dəstəklənməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, Pan Gi Mun hər kəsi insan haqlarına riayət etməyə çağırıb.
Bununla yanaşı, 120-yə yaxın dövlətin qoşulduğu Neytrallar Hərəkatı Mustafa Əhmədi Rövşənin qətlini pisləyən bəyanat yayıb. Bəyanatda qətli törədənlərin beynəlxalq sülh və təhlükəsizliyə zərbə vurmaq istədikləri bildirilir. Hərəkat baş verən hadisəni terror aktı kimi dəyərləndirib.
Qeyd edək ki, Azərbaycan da Neytrallar Hərəkatının üzvüdür.
Informasiya şöbəsi