Suriya münaqişəsi üzrə Cenevrə danışıqları bərpa olunur
Avropa liderləri Rusiya prezidenti Vladimir Putini Suriyada atəşkəsin pozulması hallarının qarşısını almağa çağıracaq. BBC xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Rusiya prezidentinə Britaniya baş naziri Devid Kameron, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransual Ollandın da iştirak edəcəyi beynəlxalq konfransda müraciət olunacaq. Putindən Suriyada atəşəkəs reciminin davam etdirilməsi üçün səylər göstərməsi istəniləcək.
Qəzet yazır ki, Avropa liderlərini nrarahat edən atəşkəsin monitorinqinin son dərəcə bəsit olması, pozuntu hallarının isə Moskva və Vaşinqton tərəfindən müxtəlif şəkildə qiymətləndirilməsidir.
Məqalədə deyilir ki, konfrans Avropa liderlərinin Suriyadakı atəşkəsə ilk dəfə olaraq birbaşa müdaxiləsi sayıla bilər.
BMT Suriya münaqişəsinin həllinə dair danışıqların gələn həftə Cenevrədə bərpa olunacağını bildirib. Britaniya Xarici Işlər Nazirliyi bildirib ki, atəşkəsin pozulacağı təqdirdə tərəflərin özlərini necə aparacağı və hansı tədbirlərə əl atılacağı barədə razılaşmalar olmayıb: “Məsələn, Suriya müxalifəti gileylənir ki, atəşəkəsi ABŞ tərəfindən monitorinq edən şəxslər düzgün seçilməyib. Müxalifət iddia edir ki, bu adamlar Suriya barədə kifayət qədər bilgiyə malik olmamaqla yanaşı, əksər hallarda ərəbcə danışa bilmirlər. O da bildirilir ki, monitorinq edən tərəflərin atəşkəsin saxlanması üçün bilavasitə real alətləri yoxdur”.
Hazırda həm Rusiya, həm də ABŞ tərəfi atəşkəs pozulmaları barədə informasiyanın operativ şəkildə çatdırılması üçün “qaynar xətt” yaradıb. Britaniya mənbələri bildirir ki, atəşkəs razılaşmasına həm də müxalifətin “Ən-Nüsrə Cəbhəsi” ilə müəyyən təmasda olduğu sahələrin də Rusiya və ya Suriya hökumət qoşunları tərəfindən bombardman edilməməsi daxildir.
Buna baxmayaraq, ABŞ-ın Mercy Corps humanitar təşkilatının rəhbəri Neal Keni Nyu-Yorkda keçirdiyi brifinqdə deyib ki, Hələb şəhərinin ətraflarında atəşkəsin Rusiya və Suriya hərbçiləri tərəfindən beş dəfəyədək pozulduğuna dair şübhələr mövcuddur.
O bəyan edib ki, ötən bazar ertəsindən bəri Hələb şəhərinin girişində toqquşmalar və artilleriya atəşləri qeydə alınıb. Hələbə aparan yolun ümumiyyətlə bağlandığı barədə də xəbərlər var.
Suriya-Türkiyə sərhədinin 15 kilometrliyində yerləşən Bab əl-Həva keçid məntəqəsində də toqquşmaların baş verdiyi bildirilib.