Namiq Ələkbərovun yanında tapılan silahda da mərhumun barmaq izləri aşkarlanmayıb
Daxili Işlər Nazirliyinin 2 saylı poliklinikasının keçmiş rəisinin ölümü ilə bağlı təyin olunmuş tibbi ekspertizanın yekun rəyi açıqlanıb. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin rəisi Namiq Məmmədov APA-ya bildirib ki, mərhum Namiq Ələkbərova atəş dirənmiş vəziyyətə açılıb. Güllə mərhumun alnından daxil olaraq baş beyni dağıdıb və boyun nahiyəsində dayanıb. Ekspertlər gülləni boyun nahiyəsindən çıxarıblar. Böyük ehtimalla həmin güllə “Makarov” tipli silahdan açılıb. Yekun ekspert rəyinə görə, mərhum beynini dəlib keçən kor güllə yarasından dünyasını dəyişib.
N.Məmmədov həmçinin qeyd edib ki, mərhumun qanında spirt və ya narkotik aşkar edilməyib. Bununla belə, onun burun və alnında sıyrıq izləri aşkarlanıb. Ehtimala görə, mərhum güllənin təsirindən yerə yıxılan zaman bu xəsarətləri alıb.
Qeyd edək ki, ötən ilin dekabrın 13-dən 14-ə keçən gecə Yasamal rayonu Əhməd Cəmil küçəsi, 83 saylı binanın qarşısında naməlum kişi meyiti aşkarlanıb. Araşdırma nəticəsində meyiti tapılan şəxsin 50 yaşlı Namiq Fikrət oğlu Ələkbərov olduğu müəyyənləşib. Mərhum başından aldığı güllə yarasında ölüb. Meyitin yanında “Makarov” tipli tapança da aşkar edilib.
Onu da qeyd edək ki, N.Ələkbərov DIN poliklinikasının rəisi olub, bir neçə il əvvəl təqaüdə çıxıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, sabiq polis polkovnik-leytenantı Namiq Ələkbərov Bakının Nəsimi rayonunda yaşayıb. Ailə üzvlərinin istintaqa verdiyi ifadəsinə görə, N.Ələkbərov dekabrın 14-ü saat 01.30 radələrində evdə kompyuterdə işləyirmiş. Hələlik istintaqa məlum olmayan səbəbdən o, ailə üzvlərinə də heç bir söz demədən evdən çıxıb. Bunu görən mərhumun həyat yoldaşı ondan hara getdiyini soruşub. N.Ələkbərov isə narahatlığa əsas olmadığını, bir azdan qayıdacağını deyib. Təxminən iki saat sonra – saat 03.30 radələrində N.Ələkbərovun meyiti Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsi, 83 saylı binanın qarşısında tapılıb. Ilkin ehtimala görə, mərhum N.Ələkbərov yaşadığı evdən meyitinin tapıldığı ünvana taksi, yaxud başqa nəqliyyat vasitəsi ilə gedib. Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, hazırda istintaq N. Ələkbərovun qətlə yetirilməsi versiyası üzərində çalışır. Böyük ehtimalla N.Ələkbərov intihar etməyib. Onun yanında tapılan silahda da mərhumun barmaq izləri aşkarlanmayıb.
Yasamal rayon prokuroru Həsrət Pirməmmədov qeyd edib ki, hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Araşdırmalar zamanı Namiq Ələkbərovun öldürülməsi faktı təsdiqini taparsa, cinayət işi qəsdən adam öldürmə maddəsinə tövsif oluna bilər.